Xaricdə təhsil alanların çoxu niyə vətənə qayıtmır?- VİDEO

"Xaricdə təhsil alıb məzun olan gənclərin çox hissəsi vətənə qayıtmayıb".

ANS TV-nin məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, xarici ölkələrdə işləməyi üstün tutduqları üçün ölkə ərazisində onların işlə təminatına müəyyən güzəştlər də edilib.

"Həmin tələbələrin xaricdə təhsil alması xərclərini Azərbaycan hökuməti ödəyir və onların əldə etdiyi bilik və bacarıqların ölkənin prioritet sahələrinə tətbiq edilməsi məqsədəuyğun sayılır. Bu səbəbdən xaricdə Dövlət Proqramı əsasında təhsil alan tələbələr dövlət qulluğuna müsabiqədən kənar qəbul olunmaq hüququna malikdirlər", - deyə təhsil naziri Mikayıl Cabbarov əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin 12-ci Beynəlxalq Forumu keçirilib.

18 ildir həyata keçirilən Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində bu günə qədər 2902 nəfər təhsil almaq hüququ qazanıb ki, onlardan da 714 nəfər artıq məzun olub.



AzNews.az