Birinci xanım müəllimlərə məktub ünvanladı

Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO və İSESKO - nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

Əziz müəllimlər!
Sizi gözəl peşə bayramı - Müəllim Günü münasibəti ilə ürəkdən təbrik edirəm.
Azərbaycanda müəllim əməyinə həmişə dərin hörmətlə yanaşılıb.
Müəllimlik sadəcə peşə deyil, böyük və şərəfli missiyadır. Siz uşaqlarımızı öyrədir, zəngin həyat təcrübənizi onlarla bölüşür, öz şagirdlərinizin maraq və istedadlarının formalaşmasını təmin edirsiniz. Sizin yaradıcı və fədakar fəaliyyətiniz çətin və məsuliyyətlidir. Onlar vətəndaş mövqeyinin ilkin əyani dərslərini məhz məktəbdə alır, məsuliyyət və yoldaşlıq hisslərinə məhz məktəbdə yiyələnirlər.
Bu gün Azərbaycanda təhsil sahəsinin inkişafı üçün çox işlər görülür: Bakıda və bölgələrdə ən yüksək standartlara cavab verən yüzlərlə məktəb tikilir, müasir kompüter sinifləri yaradılır, yeni dərs vəsaitləri nəşr edilir.
Peşəkarlıq və əməksevərlik, savadlılıq və ədalətlilik, səbr və iradə, mehribanlıq və qayğıkeşlik - bütün bu keyfiyyətlər müasir müəllimə xas cəhətlərdir. Sizin şagirdləriniz olan gənc həmvətənlərimiz beynəlxalq olimpiadalarda yüksək mükafatlar alır, təhsillərini dünyanın tanınmış universitetlərində davam etdirirlər. Onların nailiyyətləri sizin qələbənizdir. Hətta ən yaxşı məktəb, kompüter sinifləri və dərs vəsaitləri öz şagirdlərinə həm biliklərini, həm də qəlbinin bir hissəsini verən müəllimi əvəz edə bilməz. Ən əsası isə sizin uşaqları sevmək, başa düşmək, onların sevinclərini bölüşmək və qayğılarına qalmaq bacarığınızdır.
Bunu heç bir universitetdə öyrənmək olmaz, lakin, bu bacarığa yiyələnmədən sizin kimi həqiqi müəllim olmaq da mümkün deyil.
Əziz müəllimlər!
Sizə uğurlar, nailiyyətlər, cansağlığı və xoşbəxtlik arzulayıram.

AzNews.az