Mətanət İsgəndərlinin bacısı Mahir Abdullayevin oğurlanmasından danışır Mətanət İsgəndərlinin bacısı Mahir Abdullayevin oğurlanmasından danışır

“Mətanət xanım Mahirin oğurlanmasından danışmaq istəmir”

Mətanət İsgəndərlinin bacısı Mahir Abdullayevin oğurlanmasından danışır



İnsan Haqları Uğrunda İctimai Birliyinin sədri Eynulla Fətullayev ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə görüşü haqqında sensasiyalı xəbərlər açıqlayıb. Yada salaq ki, Eynulla Fətullayev Elşad Abdullayevlə oktyabrın 10-da Fransanın Strasburq şəhərində görüşüb.
Elşad Abdullayev Eynulla Fətullayevə qardaşı Mahir Abdullayevin oğurlanması faktından danışarkən deyib ki, qardaşı oğurlanan gün - 2003-cü il oktyabrın 13-də müğənni Mətanət İsgəndərlinin evində olub. Mahir Abdullayev Mətanət İsgəndərlinin o zaman evdə olan 8 qohumu ilə bərabər Bakı Şəhər Baş Polis İdarəsinə gətirilib. E.Abdullayev iddia edir ki, bu haqda onda təkzibedilməz faktlar var. Elşad Abdullayev onu da bildirib ki, hüquq-mühafizə orqanlarına iddiaları ilə bağlı təqdim etdiyi faktların heç biri araşdırılmır, əksinə, ört-basdır edilir.
Onu da deyək ki, bir neçə gündür media orqanlarında M.İsgəndərlinin M.Abdullayevin oğurlanması faktı üzrə Baş Prokurorluqda dindirilməsi haqqında xəbər yayılıb. Ancaq Baş Prokurorluğun mətbuat xidməti bu məlumatı təkzib edir.
Elşad Abdullayevin səsləndirdiyi iddialara münasibətini öyrənmək üçün Mətanət İsgəndərlinin mobil telefonuna zəng vurduq. Ancaq dəstəyi onun bacısı Təranə İsgəndərli qaldırdı. Onu da deyək ki, Elşad Abdullayev Mahir oğurlanan gün Təranə İsgəndərlinin də Baş Polis İdarəsinə aparıldığını iddia edir. Telefon söhbətini qısa ixtisarla təqdim edirik.

- Təranə xanım, biz Mətanət İsgəndərli ilə danışmaq istəyirik. Öyrənmək istəyirik ki, onu istintaqa çağırıblarmı?

- Mətanət xanım rayonlardan birində toydadır. Ancaq onu Mahir Abdullayevin oğurlanması ilə bağlı heç bir istintaqa dəvət etməyiblər. Çağırsaydılar, xəbərim olardı.

- Bəs siz istintaqa çağırılmısınız? E.Abdullayev iddia edir ki, qardaşı itən gün onu sonuncu görən şəxslərdən biri də sizsiniz.

- Belə bir şey olmayıb. Məni heç yerə çağırmayıblar, heç yerdə, heç bir izahat verməmişəm. Niyə belə bir xəbər yayılır, bunun da səbəbini bilmirəm. Son bir neçə gündə Mətanət xanıma bu məsələ ilə bağlı dəfələrlə zənglər edilib. O da deyir ki, axı niyə mənə zəng vururlar? Mətanət xanım bu haqda heç nə danışmaq istəmir.

- Ona görə ki, Elşad Abdullayev hər dəfə qardaşının oğurlanması haqqında danışanda Mətanət İsgəndərlinin adını çəkir. Hər halda belə görünür ki, M.İsgəndərli bu məsələyə münasibət bildirməyənə qədər suallar açıq qalacaq və jurnalistlər də ona zəng etməyə davam edəcək. Onun açıqlama verməməsinin səbəbi nədir?

- Bu məsələ ilə bağlı Mətanət xanım dəfələrlə mediaya açıqlamalar verib. Bu, neçə dəfə olmalıdır? Nə bilirdik, demişik.

- Son günlər Mahir Abdullayevin itkin düşməsi ilə bağlı Baş Prokurorluqda yeni istintaq qrupu yaradılıb. Həmin qrup birinci dəfə aparılan istintaq materialları üzərində işə başlayıb. Ona görə də məsələ gündəmdədir.

- Mən bir daha deyirəm, Mətanət xanım dəfələrlə deyib ki, onun bu məsələyə heç bir bağlılığı yoxdur. Məsələ ilə bağlı heç bir yeni məqam da yoxdur, ona görə də köhnə informasiyaları təkrarlamağa ehtiyac görmürük. Elşad Abdullayev gündə bir ittiham səsləndirir. Əgər o dediyi kimi əlində bir ciddi sənəd, fakt olsaydı, Mətanət xanımı hüquq-mühafizə orqanlarına çağırardılar, elə deyilmi? Əgər Mətanət xanım istintaqa dəvət olunmursa, demək, Elşad Abdullayevin dediklərinin heç bir əsası yoxdur, onu ciddi qəbul eləmirlər. Sözdü deyir.

- Strasburqda Eynulla Fətullayevə deyib ki, Mahir Abdullayev oğurlanan gün M.İsgəndərlinin evində olub. Sonradan onu M.İsgəndərlinin 8 qohumu ilə bir yerdə Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. O, 8 nəfərin içərisində siz də olmusunuz. Bu iddialara bir cavabınız varmı?

- Bunların hamısı uydurmadır. Nə mən, nə hansısa qohumumuz Bakı Şəhər Baş Polis İdarəsinə və hansısa digər polis bölməsinə aparılmamışıq. Bu hadisənin baş verməsindən az qala 10 il keçib. Mən heç yerə getməmişəm, Mahirin oğurlanması, harasa aparılmasından da xəbərimiz yoxdur.

- Mətanət İsgəndərli ilə Mahir Abdullayev nə zamandan tanış idilər, siz özünüz M.Abdullayevi tanıyırdınızmı?

- Bu, 10 il bundan qabaq olan məsələdir. Ancaq yadda nə qala bilər? Görün nə qədər zaman keçib.

- Elşad Abdullayev deyir ki, Mahiri M.İsgəndərlinin evindən aparanda orda dava da olub. Hətta evə, əşyalara da ziyan dəyib.

- Mənim belə boş-boş iddialara cavab verməyə nə həvəsim, nə də vaxtım var. Danışır, özü bilər nə danışır. Bizlik burada heç bir məsələ yoxdur. O gündən bu günə nə bir istintaqa dəvət olunmuşam, nə məndən hər hansı açıqlama istəyən olub. Mən Mahirdən nə deyə bilərəm? Onu tanımıram. Məndən nə soruşula bilər?

- Heç onu görməmisiz?

- İnsan bir şeyi gördüyünə görə cavab verməlidir, bəyəm?

- Siz Elşad Abdullayevin iddialarının əsassız olduğunu deyirsiniz. Bəs sizin, yaxud Mətanət İsgəndərlinin Elşad Abdullayevə qarşı böhtan, ictimai nüfuzun aşağılanması iddiası ilə məhkəməyə şikayət etmək fikriniz varmı? Axı o, sizi olduqca ağır bir cinayətdə - adam oğurluğuna bağlılıqda ittiham edir.

- Mətanət xanım xaraktercə sakit, rahat bir insandır. Ona görə də heç bir qalmaqala qarışmır, heç kimin dediyinə əhəmiyyət vermir. Elşad da nə danışır, özü bilsin, Allahı bilsin.

"Yeni Müsavat"