Xaricidə oxuyanlar Azərbaycanda işləmək istəmir

"Xarici ölkələrin nifuzlu ali məktəblərində təhsil alan azərbaycanlı gənclər dövlət qulluğunda çalışmaq istəmirlər. Buna səbəb dövlət orqanlarında əmək haqqının azlığıdır".

Bu barədə məlumatı Dövlət Qulluğu Məsələləri üzrə Komisiyanın sədr müavini Vəfadar Misirov deyib.

V.Misirovun sözlərinə görə, indiyə kimi xaricdə təhsil alan 7 məzun dövlət orqanlarında işlə təmin olunub. 75 nəfərin adı isə ehtiyyat siyahıya salınıb. Lakin o deyib ki, adı həmin ehtiyyat siyahıda olan gənclər dövlər orqanlarıda işə maraq göstərmirlər.

Bununla yanaşı, V.Misirov bildirib ki, dövlət qulluğu orqanlarında çalışmaq istəyənlərin 80 faizi gənclər olub. Buna səbəb isə gənclərin dövlət qulluğunda işləməsi ilə bağlı əvvəllər tələb olunan bir sıra baryerlərin aradan götürülməsidir. Belə ki, əgər, bəzi dövlət orqanları əvvəllər işə qəbulla bağlı əmək stajı tələb edirdisə, sonradan bu tələb aradan götürülüb.

Elnarə Əliosmanqızı
AzNews.az