Azərbaycanda qadınla kişinin dostluğu mümkündürmü? Azərbaycanda qadınla kişinin dostluğu mümkündürmü?

Dostluq, yoxsa flört? - ARAŞDIRMA

Azərbaycanda qadınla kişinin dostluğu mümkündürmü?


Qadın və kişinin dostluğuna cəmiyyətimizdə baxışlar müxtəlifdir. Birmənalı olmayan yanaşma həmişə müzakirə mövzusu olub. Xüsusilə də, evli insanlar üçün həyat yoldaşının əks cinslə dostluq münasibətləri qəbuledilməzdir.

Xəyanətin başqa adı

Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, "Aktual" elmi-sosioloji araşdırmalar mərkəzinin rəhbəri Əbülfəz Süleymanlı Azərbaycanda bu münasibəti milli-mentalitet baxımından qiymətləndirmədən danışdı: "Məsələyə ənənəvi olaraq yanaşsaq, demək olar ki, həm milli, həm də dini nöqteyi-nəzərdən bütün zamanlar üçün mənfi hal kimi qəbul olunan bir hadisədir. Son dövrlər bir çox milli-əxlaqi dəyərlərin deformasiyaya məruz qaldığı kimi burda da bəzi kənara çıxmaların şahidi oluruq. Təəssüflər olsun ki, Qərb cəmiyyətlərində olduğu kimi buna bənzər bir yanaşma formalaşmağa başlayıb. Cəmiyyətdə bu vasitəylə xəyanət halları artır və ən təhlükəlisi də odur ki, bu, artıq normal hal kimi qəbul olunur. Bu da hazırda Azərbaycan reallığında özün büruzə verir və bizim özünəməxsusluğumuzun qarşısında duran əngəllərdən birinə çevrilib".

Əbülfəz Süleymanlı bildirir ki, aparılan araşdırmalara əsasən, ailələrin dağılmasında xəyanət faktoru birinci amillər sırasındadır: "Bunun da birbaşa sözügedən dostluq münasibətlərinə söykənməsi də reallıqdır. Bu da əhəmiyyətli bir məsələdir. Nəticə etibarilə bir sıra problemlərin meydana gəlməsi də müşahidə olunur. Çox təəssüf ki, Qərb ölkələrində baş verən xoşagəlməz hallar bizim cəmiyyətimizdə də özünü büruzə verməyə başlayıb".

Fərdi və fərqli yanaşmalar:Bizim kişilərlə yox!

Azadqadın.az saytının rəhbəri Aynur Qurbanqızı: "Azərbaycanda milli-mentalitet adı altında dar düşüncələrdən biri də, qadın və kişi dostluğunun qəbul edilməməsidir. Dostluq edən şəxs istər subay, istər evli olsun, bu hal normal qarşılanmır. Əsasən də evli insanların əks cinslə dostluğu problem yaradır. Əslində, söz-söhbətə rəvac verən də elə dostluq edənlərin özlərdir. Yəni çoxları gizli sevgi münasibətlərini də dostluq adı altında sərgiləyirlər. Buna görə də, insanlarda artıq həqiqi dostluqlara da etibar, inam yoxdur". Onun sözlərinə görə, ümumilikdə, kişi və qadının normal, əsl dostluq qurmaları və cəmiyyətin də bu dostluğu isti qarşılaması üçün əvvəlcə düşüncə tərzimizi tamamilə dəyişməliyik: " Bu, xüsusilə də, kişilərə aiddir. Şəxsən mən bir xanım olaraq, kişi dostumun olmasını istərdim. Amma hansısa oğlana bir az səmimi münasibət göstərən kimi artıq onların ağlında ya sevgi fikirləri, ya da qadını yoldan çıxarmaq üçü axmaq düşüncələr gəlir. Bir sözlə, Azərbaycan kişiləri dostluq üçün yaranmayıb".

"Həyat yoldaşım azərbaycanlı olsaydı…"

Həyat yoldaşı milliyətcə ingilis olan Nora Allahverdi isə fərqli cəmiyyətdə yaşayıb, fərqli baxış və düşüncəylə qarşılaşır. Bununla da hansısa münasibətləri çərçivəyə salmaq məcburiyyətində də qalmır. O deyir: "Əgər açığını desəm, mən Azərbaycanda qadınla kişinin dostluğunun mümkün olmadığını düşünürəm. Çünki bizim cəmiyyətdə insanlar hər şeyə fərqli aspektdən yanaşırlar. Mənim şəxsən başqa ölkələrdə çox saylı oğlan dostlarım olub və həmişə də dost olaraq qalmışıq. Mənim yoldaşım azərbaycanlı olsaydı, qəti şəkildə onun qadınla dostluğunu qəbul etməzdim. Hələ bir neçə illər cəmiyyətimizin düşüncə tərzi bir çox şeyləri normal qəbul etməyəcək. Onu da deyim ki, mənim yoldaşımın da öz ölkəsində bir çox qadın dostu var. Mənim onların əlaqəsinə heç bir şübhəm yoxdur. Həmçinin, mən öz yaxın rəfiqələrimlə də onu tanış eləmişəm. Azərbaycan qadını ağıllı və namusludur. Bizim 90% qadınlarımız evli bir kişiyə gözünün ucuyla da baxmaz. Kişilərimizin bir çoxunun isə dünya vecinə deyil. Ya özünün, ya da baxdığı qadının evli olub-olmaması fərq etmir. Bizimkilərdə bir şey də var. Hər hansı bir oğlan "facebook"da kömək məqsədi ilə səndən nə isə bir şey xahiş edir. Əgər ona reaksiya verirsənsə, mütləq sənə başqa bir şey təklif edəcək".

Dostluğun sərhədləri olmamalıdır!

Ramin: "Mən dəfələrlə belə bir mövzunu dostlarımla müzakirə etmişəm və sübut etməyə çalışmışam ki, qızla oğlanın dostluğu mümkündür. Mən hazırda evliyəm. Evli olmazdan da əvvəl bir qızla dostluq münasibətim vardı və davam edir dostluğumuz. O insan mənimçün həyatda hamıdan əzizdir. Çünki böyük ürəyi var və təmənnasız olaraq mənimçün hər bir fədakarlığı edib. Nə ailəmin, nə dostlarımın etmədiyi bir fədakarlıq… Doğrusu, əvvəlcə bunun arxasında mənə qarşı olan bir sevgi münasibətinin olduğunu düşünürdüm. Ancaq sonra buna tamamilə əmin oldum və o dostumu heç kimə dəyişmərəm. Mənim həyat yoldaşım da o qızı tanıyır və ailə quranda da onu qəbul etməli və hörmət olduğunu bildirmişəm. O da buna çox hörmətlə yanaşıb. Məncə, dostluq üçün hər hansı sərhədlər olmamalıdır; evli, subay, qadın və ya kişi olması kimi".

"Dostluq" adı altında gizlənən hisslər…

Fuad: "Mənimçün qadınla kişinin dostluğu normaldır. Ancaq evlənəndən sonra yaratdığı problemlər də danılmazdır. Mən özüm də bu problemi dəfələrlə yaşamışam. Çünki qadınlar bunu qəbul etmir və xəyanət hesab edirlər. Mənim əsasən virtual qadın dostlarım olub, onlarla vaxt keçirmək mənimçün xoş idi. Bəlkə də, özüm də bilmədən bu bir asılılıq halını almışdı. Vəziyyət bu yerə gəlib çatanda da yoldaşımla aramızda çox söz-söhbətlər oldu, o bir neçə dəfə evi tərk etdi. Geri qayıtmasının da səbəbi yalnız övladımız oldu. Yəni ki, onlar bunu özlərinə sığışdırmırlar və səni bölüşmək istəməzlər heç bir qadınla. Bir şeyi də etiraf edim ki, problemə səbəb münasibətin sağlam qurulmaması və təmənnalı olmasıdır. Yəni "dostluq" adı altında gizlənən digər hisslər…"

Günay: "Qızla oğlan arasında dostluq mümkün deyil. Əgər ayrı-ayrılıqda onların sevgilisi yoxdursa, bu münasibət mütləq sevgiylə sona çatır. Sevgilisi olduqda isə başqa biriylə dostluğa icazə verilmir. Yəni heç bir halda alınmır. Bəlkə, istisnalar ola bilər. Amma bu da kənardan heç cür yaxşı qarşılanmır. Hansısa oğlanla əlaqən varsa, bu sənin nişanlın, gələcək həyat yoldaşın olmalıdır".

Qızla oğlanın dostluğunu ələ salmaq olmaz!

Evli insanların qadınla dostluq marağı kimi, bir çox yeniyetmə və gənc oğlanlar da məhz qızlarla dostluğa can atır. Bunun da bir sıra psixoloji əsasları da var. Psixoloq fikrinə görə, bu yaşlarda yoldaşlıq və dostluq hissi güclənir və yeni məna kəsb edir. Yeniyetmələr dostluğa yüksək tələblər verirlər. Əsasən də qızlarla oğlanların dostluğu baş qaldırır. Bu, böyüklük hissi və başqa cinsi öyrənmək tələbatı ilə bağlıdır. Belə dostluqdan qorxmaq lazım deyil; bu, sevgi yox, əsl dostluqdur, bacı-qardaş münasibətinə bənzəyir. Yeniyetmələrin açıq, kollektiv dostluğuna şərait yaratmaq lazımdır. Qızla oğlanın dostluğunu ələ salmaq, qadağan etmək olmaz. Əks halda o, xəlvəti dostluğa çevrilər və arzuolunmaz nəticələr verə bilər.

Sevinc Fədai
AzNews.az