Keçmiş baş prokurordan Eynulla Fətullayevə cavab

Hüquq müdafiəçisi və jurnalist Eynulla Fətullayev Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin arxasında Azərbaycanın Rumıniya və Serbiyadakı səfiri, keçmiş baş prokuror Eldar Həsənovun olduğu iddiasını irəli sürüb.

E.Fətullayevin iddiasına münasibət bildirmək üçün Eldar Həsənovla əlaqə saxladıq. Eldar Həsənov bildirdi ki, o iddia o qədər gülünc və əsassızdır ki, ona cavab verməyə vaxt ayırmaq istəmir: "Bilirsiniz ki, mən istər iqtidar, istər müxalifət qəzeti olsun, səviyyəsinə hörmətim olan qəzetin və müxbirin suallarından heç vaxt qaçmamışam, onu cavabsız qoymamışam. Amma indi siz Eynulla Fətullayevin gülünc bir fikri barədə mənə sual verirsiniz. O cür gülünc bir məsələyə nə cavab verəsən? Yazıqdır mənim buna itirdiyim vaxtım. Səninlə bir qələm sahibi kimi saatlarla söhbət edim. Amma konkret bu məsələ gülünc və uydurma olduğu üçün ona cavab verməyə vaxt ayırmaq istəmirəm. Mən Eynullanı tanıyıram, zaman-zaman mənim əleyhimə uydurmalar yazılar yazıb. Mən təəssüf edirəm ki, bəzi qələm sahibləri iftiralardan yorulmayıblar. Amma o biri insanı (Elşad Abdullayevi nəzərdə tutur) həyatımda bircə dəfə hansısa tədbirlərin birində görmüşəm". musavat.com

AzNews.az