Azərbaycanlı analar Rusiya məktəblərində tərcüməçilik edir

Rusiyada yaşayan əmək miqrantlarının övladlarının təhsili ilə bağlı böyük problemlər var. Bu problemlərin yaranmasına səbəb isə miqrant uşaqlarının rus dilini bilməməsidir. Bu barədə müzakirələr Peterburqda rus dili müəllimlərinin 3-cü konqresində aparılıb.

Rusiya mətbuatının yazdığına görə, artıq bəzi məktəblərdə problemin həlli üçün valideynlərin də köməyindən istifadə edilir. Belə ki, valideynlər, xüsusən də analar dərslərə tərcüməçi kimi iştirak edirlər. Onlar öz övladları ilə eyni parta arxasında oturaraq müəllimin sözlərini tərcümə edir. Lakin bir çox hallarda miqrant qadınların da rus dilini bilməməsi əlavə problemlər yaradır.

Fruzen rayonunda anaların dərslərdə tərcüməçi kimi dəvət edilməsi təcrübəsindən geniş istifadə edildiyini bildirən metodist Faina Leykinanın sözlərinə görə, xüsusilə Azərbaycandan olan qadınlar rus dilini öyrənmək üçün mərkəzlərə müraciət edir: "Ancaq onları daha çox rus dilini öyrənmək yox, təcrübə maraqlandırır. İşə qəbul olunmaq haqqında ərizə yazmaq, müəllimə kiçik qeyd yazmaq, poliklinikaların qeydiyyat şöbəsində necə danışmaq və s.".

Konqresdə təkcə məktəblərdə yox, ali təhsil müəssisələrində də MDB ölkələrindən gələn bəzi tələbələrin rus dili biliyinin sıfır səviyyəsində olduğu vurğulanıb.

Elnarə Əlosmanqızı
AzNews.az