Pensiya ilə bağlı - Yeni xəbər

"Dövlət Sosial Müdafiə Fondunda hazırda silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir".


AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, islahat tədbirləri çərçivəsində demoqrafik göstəricilər, ömür uzunluğu göstəricisinin pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyi önə çəkilib.

Əgər təklif qəbul edilərsə, bu qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək. Onların pensiyası gələcəkdə yenidən hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcək. Yəni onlar pensiyalarını indiyədək aldıqları qaydada almağa davam edəcəklər.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev həmçinin bildirib ki, silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur.

Beləliklə, əgər təklif qəbul edilərsə, hərbi qulluqçular və daxili işlər orqanlarının xüsusi rütbəli şəxsləri güzəştli pensiyaya çıxmaq üçün 20 il deyil, 25 il işləməli olacaqlar.

Xidmət müddətinin 25 ilədək uzadılmasınnı müsbət cəhəti də var. Bu qərar sayəsində Dövlət Sosial Müdafiə Fondunun ehtiyatları artacaq. Nəticədə gələcəkdə pensiyaların artırılması da mümkün ola bilər. Eyni zamanda güzəştli pensiyaya çıxanlar təqaüd dövründə daha çox pensiya ala bilərlər.

Bununla belə, qərar qəbul edilən zaman insanların orta yaşayış dövrünü də nəzərə almaq lazımdır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı Nicat Hacızadənin sözlərinə görə, yeni qərarın təklif edilməsi zamanı onun orta ömür dövrünə uyğun olub-olmaması baxımından hesablamalar aparılmalıdır.

"Burada bir məqamı nəzərə almaq lazımdır ki, insanlar neçə yaşında pensiyaya çıxır və çıxdığı müddətdən sonra Azərbaycanda orta yaşayış dövrü nə qədərdir, bir insan pensiyaya çıxandan sonra neçə il yaşayır və işlədiyi müddətdə hesabına yığılan məbləği xərcləyə bilirmi. Məsələn, Azərbaycanda kişilər orta hesabla 60 il yaşayırlar. Beləliklə, 65 yaşında pensiyaya çıxmalı olan həmin adam illər ərzində hesabına topladığı pensiyadan istifadə edə bilməyəcək", - deyə Nicat Hacızadə bildirib.

Ümumiyyətlə, güzəştli pensiyaya çıxmaq üçün xidmət müddətini 20 ildən 25 ilədək uzatmaq əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan bir addım olsa da bu təklif hazırki pensiyaya çıxmaq dövrü ilə uzlaşmır. Ona görə də əgər güzəştli pensiyaya çıxma müddəti artırılırsa, tarazlığın təmin edilməsi üçün gərək pensiyaya çıxma dövrü azaldılsın. Əks halda bu tədbirin rifah halını yaxşılaşdırmaq istiqamətində heç bir mənası olmayacaq.