- Köhnə - Cəmiyyət
- 29 Oktyabr 2012 06:12
- 3 543
Göygöl sakinləri polislə razılaşdı

Çəpərlərin dağıdılmasının qarşısı alınıb
Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (MMBM) ərazisindəki meşələrin yerli sakinlər tərəfindən məhv edilməsinə polisin işə müdaxiləsi ilə son qoyulub.
Müəssisənin direktor müavini Aslan Vəliyevin sözlərinə görə, Gəncə şəhərinin Hacıkənd qəsəbəsinin ətrafındakı meşələr 1990-cı illərdən başlayaraq kəsintiyə məruz qalıb, qəsəbədə məskunlaşmış bəzi sakinlər tərəfindən qırılaraq meşə massivinin bir hissəsi mal-qara üçün örüş sahəsinə çevrilib:
"Son illərdə qırıntı dayandırılıb, sözügedən ərazilərin hissə-hissə bərpa edilməsi məqsədilə ETSN-nin Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (MMBM) təxminən 70 hektar ərazini dörd tərəfdən çəpərləyərək həmin əraziyə 30000 ədəd ağac əkib və 1200 kiloqram palıd qozası səpib. Maraqlıdır ki, bütün bu işlər uzun müddət ərzində qəsəbədə məskunlaşmış soydaşlarımızın gözləri önündə min bir çətinliklə həyata keçirilsə də, iyunun 13-də həmin qəsəbənin bir qrup sakini çəpərləri dağıdaraq əkilmiş ağacları və səpilmiş palıd qozalarını insafsızcasına mal-qaraya yem ediblər" .
Direktor müavinin sözlərinə görə, bu cür halların bir daha baş verməməsi, yaşıllıqlara laqeyd münasibət göstərilməməsi, əksinə yeni salınmış və çəpərlənmiş ərazilərin qorunması və həmin ərazilərdə bərpa işlərinin aparılması məqsədilə dəfələrlə yerli sakinlərlə Göygöl MMBM-in işçiləri tərəfindən görüşlər keçirilsə də, onlar ərazidə meşəbərpa işlərinə yol verməyəcəklərini bəyan ediblər:
"Göygöl MMBM ərazidə məskunlaşmış sakinlərin yaşıllıqlara laqeyd münasibəti ilə əlaqədar dəfələrlə bir çox instansiyalara üz tutub. Məsələyə Daxili İşlər Nazirliyinin Göygöl rayon polis şöbəsi olduqca həssas münasibət göstərərək, hətta meşəbərpa və mühafizə işlərinin yerinə yetirilməsi istiqamətində təşəbbüslə çıxış edıb. Dağıdılmış əraziyə təbliğat xarakterli lövhələr basdırılıb. Beləliklə, digər qurumlara nümunə olacaq polis əməkdaşlarının bu təqdirəlayiq işi nəticəsində problem həll olunub".
Elnarə Əlosmanqızı
AzNews.az