“Azərbaycanın icbari tibbi sığorta sahəsində uğurlar əldə edəcəyinə əminəm“

"Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Hesab edirəm ki, bunun üçün ölkənizdə kifayət qədər potensial imkanlar var və Azərbaycanın icbari tibbi sığorta sahəsində uğurlar əldə edəcəyinə əminəm".


AzNews.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan tanınmış beyin cərrahı, Türkiyədə sosial tibbi sığorta sisteminin qurucusu və ilk baş direktoru olmuş Sami Türkoğlu "Yeni Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

O deyib ki, Azərbaycan dövləti bu məsələdə çox qərarlıdır.

Sami Türkoğlu vurğulayıb ki, icbari tibbi sığorta sistemi bütün dünya ölkələrində heç də rahat şəkildə həyata keçirilməyib: "Elə ölkələr var ki, uzun illərdən bəri bu sistemin tətbiqinə başlasa da, zaman-zaman yeni problemlər ortaya çıxır. Avropanın ən inkişaf etmiş ölkələrindən olan İngiltərə və Almaniyada uzun illərdən bəri bu sistemə keçsələr də, hələ də bəzi çatışmazlıqlar müşahidə edilir. Türkiyənin özündə belə bu sistem hələ tam oturuşmayıb. Odur ki, Azərbaycan da heç bir tərəddüd etmədən və heç nədən çəkinmədən bu sistemin tətbiqinə başlamalıdır. Əsas odur ki, ilk addım atılsın. Çatışmazlıqları isə sistem işə düşdükdən sonra yerində həll etmək mümkündür".

Bakıda səfərdə olduğu müddətdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov, eləcə də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevlə görüşlər keçirdiyini qeyd edən türkiyəli qonaq, görüşlərdə icbari tibbi sığorta sahəsində dünya təcrübəsinə dair fikir mübadiləsi apardıqlarını qeyd edib.

S.Türkoğlu sonra deyib ki, icbari tibbi sığortaya keçid heç də asan məsələ deyil: "Öncə Azərbaycanda icbari tibbi sığortaya cəlb ediləcək xəstəliklər və onların müalicəsinin qiymət standartları müəyyənləşməlidir. Bundan sonra növbəti mərhələdə xəstəxanalarla müqavilələr bağlanmalıdır, bu işə həm dövlət, həm də özəl xəstəxanalar cəlb edilməlidir. Eləcə də əhali arasında güclü maarifləndirmə işi aparılmalıdır ki, onlar vaxtlı-vaxtında sığorta ödəmələrini həyata keçirsinlər. Çünki burada hər şeyi dövlətin öhdəsinə buraxmaq çox da ədalətli deyil. İcbari tibbi sığortaya keçid prosesinin ləng irəliləməsindən qorxmaq lazım deyil. Əsas odur ki, dövlətin bu sahədəki iradəsi ortadadır".