Hadı Rəcəbli qanun layihəsindən danışdı

Milli Məclisdə "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun layihəsi hazırlanır. AzNews.az-ın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, belə bir məsələ ilə əlaqədar mütəmadi olaraq həm millət vəkilləri, həm də vətəndaş cəmiyyəti təsisatları tərəfindən təkliflər səslənir. Deputatın sözlərinə görə, parlamentin Sosial siyasət komitəsi bu təklifləri nəzərə alaraq yeni qanun layihəsi üzərində işləyir.

"Ailə cəmiyyətin əsasını təşkil edir. Xüsusilə yeni nikaha girən gənc ailələrin bünövrəsi möhkəm təməllər üzərində qurulmalıdır. Bunun üçün bir sıra amillərlə yanaşı gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi də vacib şərtlərdən biridir. Bu mənada sözügedən məsələnin həlli zəruridir"- deyə, komitə sədri vurğulayıb.

İlkin Pirəli
AzNews.az