Bəzi rayonlar birləşdirilməlidir - Struktur islahatları

Azərbaycanda gözlənilən struktur islahatları təkcə mərkəzi icra qurumlarını yox, daha geniş sahələri əhatə etməlidir.



Məlumata görə, yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin nəticələri və qarşıda duran məsələlərlə bağlı iclasında müzakirə olunan əsas məsələlərdən biri dövlət idarəetməsini təkmilləşdirmək və struktur islahatlarının aparılması oldu.

Son vaxtlar struktur islahatları barədə danışanda adətən mərkəzi idarəetmə qurumlarının - nazirlik, komitə və digər təşkilatların fəaliyyəti nəzərdə tutulur. Amma həm hazırda yaranmış vəziyyət, həm də ölkə qarşısında duran vəzifələr struktur islahatlarının daha geniş formatda aparılmasını zəruri edib.

İclasdakı çıxışında prezident İlham Əliyev struktur islahatlarının vacibliyi ilə yanaşı, bir neçə dəfə yerli icra hakimiyyətlərinin fəaliyyətinə də toxunub.

Mesaj-1: "Rayonlar dotasiya ilə yaşamamalıdır"

Dövlət başçısı bildirib ki, yerli icra orqanları daha da səmərəli işləməli, təşəbbüs göstərməli, oturub mərkəzdən göstəriş gözləməməlidirlər. Prezident xüsusi vurğulayıb ki, rayonların iqtisadi və sənaye potensialı güclənməlidir. Belə ki, artıq rayonların əksəriyətinin dotasiya ilə yaşaması qəbul edilməzdir: "Bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr bütün xərclərini bağlaya bilərlər. Amma gözləyirlər ki, bunlara nə qədər vəsait ayrılacaq".

Mesaj-2: "Çevik və operativ idarəetmə qurulmalıdır"

Prezidentin diger mesajı struktur isahatları ilə bağlı oldu: "Bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaqdır".

Rayonlar birləşdirilməlidir

Bütün bunları, xüsusilə də "çevik və operativ idarəetmə mexanizmi", barədə deyilənləri nəzərə aldıqda, güman etmək olar ki, Azərbaycanda son illər ərzində ilk dəfə olaraq regional formatda struktur dəyişiklikləri – rayonların birləşdirilməsinə ehtiyac yaranıb. Qeyd edək ki, hazırda Azərbaycanda 66 rayon mövcuddur. Bu rayonların demək olar ki, hamısnda öz dövlət, yerli icra qurumları və əlaqədar təşkilatlar fəaliyyət göstərir. Hərçənd, bəzi rayonlar həm iqtisadiyyatının və təsərrüfatının quruluşuna, həm də əhalinin həyat tərzi və tərkibinə görə, bir-birinə çox yaxındır. Bu mənada idarəetməni daha da təkmilləşdirmək, rayonların təsərrüfatının daha effektli idarə edilməsi və iqtisadi faydalılığının artırılması üçün bəzi rayonların birləşdirilməsi mümkündür.

Hansı rayonlar birləşdirilə bilər?

Belə ki, bəzi amilləri nəzərə aldıqda – Salyan və Neftçala rayonlarının bir mərkəzdə birləşdirilməsi, Samux və Göygöl rayonlarının bir mərkəzdə birləşdirilməsi, eləcə də Qazax və Ağstafa rayonlarının bir mərkəzdə birləşdirilməsi səmərəli addım sayıla bilər.

Qeyd edək ki, oxşar üsulun Bakının kiçik ərazili ucqar rayonlarında da tətbiq olunması mümkündür. Hökumətin bu addıma gedib-getməyəcəyi məlum deyil, amma proseslər göstərir ki, regional idarəetmənin təkmilləşdirilməsi qarşıdakı illərdə ölkəmiz üçün aktual olacaq.

Fins.az