Çernobil şüalanması ən maksimal 7 balla qiymətləndirilib Çernobil şüalanması ən maksimal 7 balla qiymətləndirilib

Adının mənasını yaşayan şəhər – Çernobılın qara gəlmiş bəxti

Çernobil şüalanması ən maksimal 7 balla qiymətləndirilib

1986-cı il aprelin 27-də Ukraynanın birinci katibi Vladimir Şerbitski SSRİ-nin baş katibi Mixail Qorbaçovdan məxfi teleqram alır. Teleqramda göstərilir ki, 1 may tarixində Ukrayna paytaxtı Kiyevdə kütləvi şəkildə bayram nümayişinin, şəhərin ayrı-ayrı rayonlarında bayram tədbirlərinin keçirilməsi təmin edilməlidir, bayram şənliklərinin keçirilməsində yarana biləcək problemlərin aradan qaldırılmasında daxili işlər orqanlarının qüvvələrindən istifadə etmək zərurəti yaranarsa, əvvəlcədən SSRİ Daxili İşlər Nazirliyi ilə razılaşdırılmalıdır.

Cernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən qəza ilə bağlı son dərəcə gərgin vəziyyətdə olan Şerbitskiyə bu teleqram növbəti gərginliyi yaşadır. O, məxfi rabitə vasitəsi ilə Qorbaçova zəng vurur, bayram tədbirlərinin keçirilməsini məqsədəuyğun saymır. Telefon xəttinin o başından baş katibin həyəcanlı və bir az da qəzəbli səsi dialoqa son qoyur:
- Vladimir Vasilyeviç, bu Siyasi Büronun qərarıdır, icra olunmadığı təqdirdə məsələniz elə Siyasi Büroda da qoyulacaq...

Elə həmin gün kütləvi informasiya vasitələrində Çernobılda baş vermiş hadisə ilə bağlı məlumat yayılır:
“26 aprel 1986-cı ildə Çernobıl AES-də yanğın hadisəsi baş vermişdir. Hadisənin nəticələri aradan qaldırılır. Faktla bağlı hökumət komissiyası yaradılıb”.

Картинки по запросу qorbaçov şerbitski

Kremldə kifayət qədər siyasi çəkiyə malik, Ukraynada xalq arasında yetərincə nüfuzu olan Şerbitski faciəli günlərdə bayram tədbirlərinin keçiriləcəyi təqdirdə onun siyasi imicinə nə qədər xələl gələcəyini yaxşı dərk edib. Ancaq buna baxmayaraq, Kremlin göstərişini yerinə yetirmək məcburiyyətində qalıb.

Dövlət və hökumət qurumları baş verən hadisəni nə qədər gizlətməyə çalışsalar da, Ukraynada, sərhəd Belarusiyada əhali məsələdən və onun nə qədər ciddi olduğundan agah olublar. Kiyevdə bayram tədbirlərindən imtina edən insanlar milis vasitəsi ilə bayram nümayişinə cəlb ediliblər.

Çernobıl qəzasının nə qədər böyük bir faciə olduğunu anlamaq üçün bir müqayisəli faktı diqqətə çatdırmaq kifayətdir. AES-in 4-cü blokundakı partlayışı zamanı atmosferə yayılan radioaktiv maddələrin miqdarı Naqasaki və Xirosimanın bombalanması zamanı yayılan radioaktiv maddələrdən təxminən 90-100 dəfə artıq olub. Nüvə hadisələrinin beynəlxalq mərkəzinin göstəricilərinə görə, Çernobil şüalanması ən maksimal 7 balla qiymətləndirilib.

AES-də baş verən qəzanın fəsadlarının aradan qaldırılması zamanı 800 min insan radiasiyaya məruz qalıb. Onlardan 7 min nəfər həyatını itirib, 70 min nəfər isə ömürlük əlillik qazanıb. (Müxtəlif mənbələrdə rəqəmlər fərqli göstərilir).

Qəza zamanı ilk və daha çox zərər çəkənlər yanğınsöndürənlər olub. Onlar qəzanın mahiyyətini anlamayaraq öz xidməti vəzifələrini icra ediblər, cəmisi bir neçə gündən sonra isə aldıqları yüksək şüalanmadan həyatlarını itiriblər.

Qəzanın səbəbini araşdırarkən bir neçə versiya ortaya çıxıb. Əsas səbəb isə 4-cü enerji blokunun turbogeneratorunda düzgün aparılmayan sınaq olub. Keçirilən sınağın ilk dəqiqələrində reaktorun içində mütəxəssislərin də anlaya bilmədiyi nasazlıq yaranıb, turbinlərə gedən su yavaş-yavaş kəsilməyə başlayıb, bunun da nəticəsində güclü buxarlanma baş verib. Yaranmış yüksək temperatur blokun səthinin dağılmasına səbəb olub ki, 1 dəqiqə ərzində iki dəfə güclü partlayış baş verib və yanğın başlayıb.

Qəzadan sonra ətrafdakı meşəliklərdə olan ağaclar radiasiya nəticəsində sarı rəngə boyanıb, sonralar həmin ərazi “sarı meşə” adını alıb.

Çernobıl faciəsindən sonra həkimlər ərazidə yaşayan hamilə qadınlara abort etmələrini tövsiyə ediblər.

Qəzanın nəticəsi olaraq radioaktiv buludlar və yağışlar nəinki Ukrayna ərazisində, həmçinin onun kənar sərhədlərinə də yayılıb. Burada qonşu kimi ən çox Belarusiya zərər çəkib. Eləcə də radiasiya Türkiyənin Qara dəniz sahillərində də öz təsirini göstərib.

Çernobıl qəzası ilə bağlı ən acınacaqlı faktlardan biri də odur ki, şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlar içərisində xərçəng və müxtəlif xəstəliklərin göstəriciləri yüksəkdir.

Nəhayət, bu dəhşətli hadisə SSRİ rəhbərliyi tərəfindən iki həftə gizli saxlanılsa da, sonda Mixail Qorbaçov televiziya vasitəsi ilə faciənin baş verməsi, səbəbləri və fəsadları ilə bağlı xalqa müraciət edib.

Aradan 33 il keçsə də bu gün belə Çernobıl ölü şəhərdir. (Musavat.com)