Sənət əsərini yeyən şəxs: "Ac idim" - VİDEO

Bir sənətkarın başqa sənətkarın əsərini yeməsi incəsənət tarixində ilkdir

"Art Basel" incəsənət festivalında divara yapışdırılmış banan əsərini yeyən şəxs hərəkətindən peşman olmadığını deyib.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, gürcüstanlı performans sənətkarı David Datuna Nyu-Yorkda jurnalistlərə açıqlama verib.

O, sənət əsərini yeməyinin vandalizm olmadığını bildirib.

“Buna səhər qərar verdim. Ancaq çox ac deyildim. Baseldə əlavə iki saat keçirdikdən sonra onu yedim”, - deyə David Datuna bildirib.

Qeyd edək ki, D. Datuna Mauritsio Kattelanın başqasına satılan “Comedian” adlı, divara yapışqanlı lentlə bərkidilmiş banan əsərini yeyib. Adı açıqlanmayan alıcılara verilən orijinallıq sertifikatına əsasən lazım gələrsə, əsərdəki bananlar dəyişdirilə bilər.

Həmin anların əks olunduğu video sosial şəbəkədə paylaşılıb.

“Əvvəla, mənim əsərin sahibinə böyük hörmətim var. Mənim üçün o, dünyadakı ən görkəmli artistlərdən biridir. Düşünürəm ki, bir sənətkarın başqa sənətkarın əsərini yeməsi incəsənət tarixində ilkdir. İnsanlar məndən soruşur ki, bananı yedin? Fiziki olaraq o banan idi, ancaq banan burada sadəcə detaldır. Beləliklə, mən əsərin konseptini yemiş oldum”, - deyə performans sənətkarı deyib .

O, sənət əsərinin dadlı olduğunu əlavə edib və yenidən bunun vandalizm yox, sənət performansı olduğunu qeyd edib:

“Bu performansı “Ac sənətkar” adlandırıram. Bəli, ac idim və onu yedim”.

Xatırladaq ki, ABŞ-ın Florida ştatında "Art Basel" sənət festivalı keçirilib. Festival çərçivəsində süpermarketdən alınan bir bananın 15 santimetr uzunluğunda yapışqanlı lentlə ağ divara bərkidildiyi əsər 120 min dollara satılıb. Üç kopyası olan əsərin sonuncusuna 150 min dollar qiymət qoyulub.

Pərvanə

AzNews.az