“Ermənilər atəşkəsi pozmasaydı, bu gün toqquşmalar dayanardı” - Azərbaycan Prezidenti

Ermənistan atəşkəsi iki dəfə pozub

"Toqquşmalar bir aydan azdır ki, davam edir və uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilib".

AzNews.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan atəşkəsi iki dəfə pozub:

"Biz hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat veririkBu, asan deyil, çünki otuzillik işğal müddətində Ermənistan işğal edilmiş ərazilərdə çox möhkəm istehkamlar qurmuşdur. Odur ki, təmas xəttini keçmək asan deyildi. Lakin biz bunu etdik, müxtəlif istiqamətlərdə - şimalda, cənubda. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Biz Ermənistanı döyüş meydanında məğlub edirik və onlar bizdən qaçmaq məcburiyyətindədirlər. Beləliklə, biz artıq İranla beynəlxalq sərhədimizi bərpa etmişik. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi. Beləliklə biz döyüş meydanında çoxlu işlər görmüşük və bu, davam edir. Ermənistan atəşkəsi iki dəfə pozub. Əgər onlar atəşkəsi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, bizim mövqeyimizdir. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə davam edəcəyik".