Diaspor heyətinin Xankəndinə göndərilməsinə sərt reaksiyalar Diaspor heyətinin Xankəndinə göndərilməsinə sərt reaksiyalar

Ermənilər “qaşınır”

Diaspor heyətinin Xankəndinə göndərilməsinə sərt reaksiyalar

Partiya sədri və politoloqlar Ermənistan rəsmilərinin qanunsuz səfərlərinin Azərbaycanın ərazi bütövlüyünə təhdid hesab edirlər və Rusiyanın buna şərait yaratmasına görə qınayırlar

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa növbəti heyətini göndərir. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, diapor nümayəndələri Zara Sinanyan və Sara Andjarqolyan bölgəyə gəlir. Onlar yanvarın 22 və 24-də Dağlıq Qarabağda olacaqlar. Azərbaycan torpaqlarına növbəti qanunsuz gəlişin məqsədi kimi yerli separatçılarla “diasporun imkanlarından səmərəli istifadəni müzakirə etmək” göstərilir.

Çox maraqlıdır, kukla rejimin rəhbərliyi ilə diaspor mövzusunda hansı danışıqlar aparıla bilər? Görünür, səfərin arxasındakı məqsəd “artsax”ın varlığını sübuta yetirmək, eləcə də status mövzusunu gündəmdə saxlamaqdır. Eyni zamanda Paşinyan məhv olmuş imicini bu yolla reabilitasiya etməyə çalışır.

Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Prezident İlham Əliyev Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfərinə sərt reaksiya verərək bildirmişdi ki, heç bir xarici vətəndaş icazəmiz olmadan o əraziyə gedə bilməz: “Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”.

Amma Paşinyan bu dəfə diaspora nümayəndələrini göndərir. Ermənistan yenə “dqr” adlı gorbagor olmuş “qurumu” hər vəchlə “diriltməyə” çalışır. Bu, hər yerdən əli üzülmüş Paşinyan komandasının həm də erməni cəmiyyətində reabilitasiya cəhdidir. Bu həm də o deməkdir ki, bu cür qanunsuz səfərlərə şərait yaradan Rusiya sülhməramlılarının statusu tezliklə müəyyən edilməli, Azərbaycan Laçın koridorunda nəzarəti gücləndirməlidir. Çünki Dağlıq Qarabağa qanunsuz səfər etməklə həm 10 noyabr sazişinə daban-dabana zidd siyasət yürüdülür, həm Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınır, həm Moskva görüşündəki konstruktiv razılaşmanı pozur, danışıqları gərgin fazaya keçirir, eləcə də Ordumuzu sərt tədbirlər görməyə vadar edirlər.

Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir  Əsgərov...

Deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, bu cür xəbərləri narahatlıqla qarşılayır. Onun sözlərinə görə, Azərbaycan tərəfi Laçın koridoruna nəzarətlə bağlı ya 10 noyabr sazişinə düzəliş təklifi irəli sürməlidir, ya da özü nəzarəti həyata keçirməlidir. “Sazişdə var ki, daşınmaya görə təhlükəsizliyə zəmanət veririk. Amma Ermənistan rəsmilərinin gəlib-getməsi Azərbaycanın ərazi bütövlüyünə təhdiddir və Rusiyanın buna şərait yaratması xalqımızın səbrini daşırır. Yeganə addım qalır ki, nvöbəti səfərlər olduğu halda qətiyyətli addım ataq, hətta onların həbsi üçün hərəkətə keçək. Bu zaman Rusiya da görəcək ki, qətiyyətli mövqe nümayiş etdiririk”, - deyə R.Nurullayev vurğuladı.

Deputat hesab edir ki, ermənilər sui-istifadə edir, ruslar da şərait yaradır: “Gömrük məntəqəsinin yaradılması razılaşmada var. Amma qoşunları də dəhlizə yeritməliyik. Rus sülhməramlılarına deyilməlidir ki, missiyanı yerinə yetirmirsini ona görə gəlmişik”.

Qabil Hüseynli:

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Laçın koridoruna nəzarət rus sülhməramlıları ilə birgə bizimkilərdə olmalıdır. Q.Hüseynli hesab edir ki, bu məsələdə dominant rolunu gömrük-sərhəd xidmətləri oynamalıdır: “Bu, sazişin ruhunu pozur, həm də gərginlik elementlərini artırır. Paşinyan bu addımı ilə sıravi ermənilərə göstərir ki, guya heç nəyə əhəmiyyət vermir, Dağlıq Qarabağın statusu barədə böyük iş aparır. Ancaq bu məsələdə Rusiyanın tutduğu mövqe prinsipial deyil. Xüsusən 10 noyabr sazişi ilə ziddiyyət təşkil edir”.

Analitikin fikrincə, bu get-gəlin artması Azərbaycanı qıcıqlandırmaq mahiyyəti daşıyır: “Müharibənin başlanmasında da məhz belə qıcıqlandırıcı səfərlər, addımlar az rol oynamadı. Əgər Paşinyan diaspor müzakirə edirsə, görüş ünvanı İrəvandır. Diasporanın nəyini Xankəndində müzakirə edəcəklər? Bu, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə yönəlik fəaliyyətdir. Ona görə gec-tez qanuni yollarını tapmalıyıq və Laçın dəhlizinin girişində Azərbaycan sərhəd-gömrük məntəqəsinin yaradılmasına, ordu hissələrinin buraxılış məntəqəsində yerləşdirilməsinə nail olmalıyıq. Əks halda, ermənilərin ayağı yer alacaq, bölgədə qarşıdurma ab-havasını gücləndirəcəklər. Hətta revanşist addımlar belə ata bilərlər. Azərbaycan zəif Ermənistanın təxribatçı addımlarını neytrallaşdırmaq gücünə malikdir. Sadəcə, biz regionda əmin-amanlıq, sülh istəyirik, onlar isə revanşizm haqda düşünürlər. Paşinyan bu addımları ilə siyasi divident qazanmaq niyyətindədir. Amma olmasa yaxşıdır, o zaman proseslər daha normal gedə bilər”.

Politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun məntiqinə görə, bu səfərlərdə anormal heç nə yoxdur: “Və Ermənistanla Dağlıq Qarabağdakı separatçılar Laçın dəhlizindən istədikləri kimi istifadə edə bilərlər. Məsələ burasındadır ki, dəhliz birtərəfli qaydada istifadə olunur, yəni əsasən Ermənistandan Dağlıq Qarabağa gəlirlər, halbuki separatçıların təmsilçilərini bu və ya digər məsələnin müzakirəsi üçün Ermənistana çağıra bilərlər. Etmirlər, özləri separatçıların ayaqlarına gedirlər”.

Ekspertin fikrincə, deməli, Ermənistandan gələnlərin məqsədi heç də Dağlıq Qarabağ ermənilərinin problemləri ilə məşğul olmaq deyil: “Bunu rusiyalı hərbçilərə yükləyiblər. Xankəndinə səfərlərin əsas məqsədi ”Dağlıq Qarabağ Respublikasının" var olduğunu göstərməkdir. Bunu Moskva da anlayır. Əks halda, səfərlərə anormal baxmayan Lavrov erməni rəsmiləri Dağlıq Qarabağa gələrkən təxribatçı açıqlamalardan çəkindirməzdi. Elə Azərbaycan ərazisinə qanunsuz səfərlərin məqsədi də məhz budur".

“Yeni Müsavat”