“İki yaşlı oğluma dəyən güllə məni və bətnimdəki bacısını xilas etdi...”

O dəhşətli gecəni heç vaxt unuda bilmirəm

Bir neçə gün sonra Xocalı faciəsinin 29-cu ildönümü qeyd olunacaq. Bu dəfəki müsahibimiz Xocalı sakini Quliyeva Rəhilə Binnət qızıdır.

İki yaşlı oğlunu, həyat yoldaşını şəhid verən Rəhilə xanım, həmin dəhşətli gecəni Moderator.az-a belə nəql edib:

"1970-ci ildə Xocalıda anadan olmuşam. Ömrümün ən xoş günlərini orda keçirmişəm. Lakin bir insanın yaşaya biləcəyi ən dəhşətli faciəni də orda yaşamışam. Xocalı dörd il idi ki, mühasirədəydi. Xocalı Qarabağın açarı idi və ona görə ermənilər şəhəri işğal etməyə çalışırdılar. Çünki ermənilər Xocalını işğal etsəydilər, Qarabağı almaq onlar üçün asan olacaqdı. O dəhşətli gecəni heç vaxt unuda bilmirəm. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə saat 23 radələrində erməni silahlı birləşmələri zirehli texnikaları ilə şəhərə daxil olub, dinc əhaliyə divan tutaraq ən böyük vəhşiliyə imza atdılar. Onda Xocalının nə ordusu, nə də zirehli texnikası var idi. Dinc əhalini ancaq özünümüdafiə dəstəsi qoruyurdu. Xocalı od-alov içində yanırdı, düşmən şəhəri ağır silahlardan atəşə tuturdu. Özünümadafiə dəstələri zirzəmilərə gəlib əhaliyə dedilər ki, şəhərdən çıxaq. Amma biz şəhəri tərk etmək üçün heç bir yol tapmadıq. Çünki Xocalı dörd tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdu. Çarəmiz isə ancaq dağlara qalxmaq idi və bunun üçün isə çayları keçməliydik”.

"Ağdama çatadacağımız yerdə kütləvi qırğın başladı...”

"Biz çayları keçəndə suyun içindəydik, ayaq yalın, başıaçıq yol gəlirdik. İnsanların çoxu soyuqdan donaraq yolda öldü. O dəhşətli gecəni səhər açılana qədər çıxdıq. Meşə qurtarmışdı. Artıq hər şeyin bitdiyini sandıq. Çünki dörd il biz onların təcavüzlərinə məruz qaldıq. Elə bilirdik ki, yenə evimizə qayıdacağıq. Ermənilər yolda pusqu qurmuşdular və bilirdilər ki, cammat onların durduğu yerdən keçəcək. Ağdama çatadacağımız yerdə kütləvi qırğın başladı. Ermənilər camaatı atəşə tutmağa başladı. Ətrafımda insanlar ölürdü, yerdə yaralı, köməksiz qalanları var idi. Həmin gecə mən həyat yoldaşımı, iki yaşlı oğlumu, qayınatamı, qayınımı, qayınımın səkkiz yaşlı qızını, baldızımı, həyat yoldaşını, üç yaşlı qızını, o biri baldızımın oğlunu, həyat yoldaşını itirdim. Həmin gecə şəhid olan 613 nəfərdən 22 nəfəri mənim qoyumumdur”.

"Oğlumu qorumaq üçün kürəyimə bağlamışdım, özüm isə hamiləydim...”

"Səkkiz ailə tamamilə məhv edildi və onlardan biri mənim ailəmdir. 25 nəfər uşaq hər iki valideynini itirdi və onlardan ikisi mənim baldızımın övladlarıdır. 130 uşaq hər iki valideynlərindən birini itirdi, onlardan səkkizi itirdiyim əzizlərimin övladları idi. 1275 nəfər girov götürüldü və onların 150 nəfərinin hələ də taleyi məlum deyil. 150 nəfərdən ikisi baldızımın yoldaşı və oğludur. 63 uşaq uşaq vəhşicəsinə qətlə yetirdi. Onlardan biri baldızımın səkkiz yaşlı qızı və iki yaşlı oğlumdur. Oğlumu qorumaq üçün kürəyimə bağlamışdım, özüm isə hamiləydim. Dörd yerdən güllə yarası almışdım. Amma ən dəhşətlisi odur ki, iki yaşlı oğlumun həyatına son qoyan güllə mənim və bətnimdəki bacısının həyatını xilas etdi. O, vətən üçün şəhid oldu. Oğlum əsgər deyildi, silah tanımırdı, amma vətəni üçün şəhid oldu. Bu azmış kimi başıma gələn dəhşətlər davam edirdi. Həyat yoldaşım özünümüdafiə dəstəsinin döyüşçüsü idi. Dinc əhalini qoruduğu üçün həyat yoldaşımı gözlərimin qarşısında öldürdülər. 22 yaşlı gücsüz bir qadının 24 saat içinə sığan acı taleyi bundan ibarətdir. 24 saatda həm şəhid ailəsi, həm şəhid anası, həm əlil, həm də qaçqın oldum. Bu soyqırım deyil, bəs nədir? Allah bu dəhşəti heç bir anaya yaşatmasın”.