Dünən 2018-ci il üzrə sonuncu Nobel nominasiyasının da sahibi bilindi. Dünən 2018-ci il üzrə sonuncu Nobel nominasiyasının da sahibi bilindi.

Nobel Komitəsi nüfuzunu itiribmi? - SORĞU

Dünən 2018-ci il üzrə sonuncu Nobel nominasiyasının da sahibi bilindi.

Fiziologiya və ya tibb, Fizika, Sülh, İqtisadiyyat üzrə Nobel mükafatları sahiblərinə qovuşsa, Ədəbiyyat üzrə Nobel mükafatı sahibsiz qaldı.

Bildiyiniz kimi, məlum qalmaqal üzündən 2018-ci il Ədəbiyyat üzrə Nobel mükafatı təxirə salınıb. İsveç Akademiyasının bu addımı dünyanın ən prestijli ədəbiyyat mükafatının nüfuzuna kölgə salacaqmı?

AzNews.az bu barədə sorğunu təqdim edir:

Şair Məmməd İsmayıl: “Məlum olduğu kimi, başlanğıcda Ədəbiyyat üzrə Nobel ödülü hardasa sıradan bir ödül idi. Dünyanın ən prestijli ödülü də deyildi, onu almaq üçün elə ciddi yarış da yox idi. Zaman keçdikcə həm mükafat komitəsi özünə çəki-düzən verdi, həm də mükafat hardasa dünya ədəbiyyatına yön verə bilən sənətkarlara təqdim olundu. Mükafatlar da dağdan axan çaylara bənzəyir. Çay var ki, başlanğıc bulaqlarının suyuna ümid olub dənizə qovuşmaq yoluna çıxır, sonra Aran səhrasında quruyub gedir. Çay da var ki, keçdiyi yollar boyu qollardan gücünə güc qatıb istədiyi şöhrət və qüdrət mənzilinə-dənizə ulaşır. Nobel mükafatı dünya çapında özünü çoxdan təsdiq etmiş ən prestijli mükafatdır. Doğrudur, bu mükafat haqqı olmayanlara da verildi, ona alternativ arayışlar da oldu (bu hal məlum hadisədən sonra daha da bəlirgin hiss olunur), amma zənnimcə, yetərli ənənəyə sahib bir mükafat bir-iki istisnalara, sapmalara görə bir elə də nüfuz qeybinə uğramayacaq”.

Tənqidçi İradə Musayeva: “Əlbəttə, yox! Əksinə, bu cür ciddi addımlar, etiraz və fikir ayrılıqları göstərir ki, saxtakarlıq etmədən işi yoluna qoymaq, dünya ədəbi ictimaiyyətinin etimadını saxlamaq niyyətləri var. Özü də bunu təxirə salma kimi yox, ləngitmə kimi qəbul etməliyik. Sadəcə, 2019-cu il qalibi ilə birgə elan edəcəklər. Dünya müharibələri zamanında məlum problemlərlə bağlı təxirəsalmalar olub. Lakin builki mükafatlandırma prosesində subyektiv mövqelərə qarşı etiraz motivi müsbət hal kimi dəyərləndirilməlidir. Bu qalmaqalla bağlı oxuduğum materiallar, xəbərlər əsasında deyə bilərəm ki, Akademiya islahatlar, daha mükəmməl qanunlar və qiymətləndirmə tezisləri, meyarları üzərində çalışır. Yayılan məlumatlarda da bildirilir ki, mükafatın təxirə salınma səbəbi Nobelin əvvəlki nüfuzunu yenidən qazanmaq prinsipiallığıdır. Müvəqqəti katib seçilən Anders Olssin də bildirib ki, əvvəlcə ictimaiyyət arasında Akademiyanın əvvəlki nüfuzunu bərpa etmək lazımdır. “Mükafatı bu il təxirə salma səbəbimiz əvvəllər bu ada layiq görülmüş və gələcəkdə bu adı qazanacaq olanların adına kölgə salmamaqdır”. Bu cür şəffaf yanaşmadan sonra niyə şübhə etməliyik? Mənim fikrimcə, bizim müsabiqə və mükafatlandırma komissiyaları da özlərinə bu şəkildə ciddi və obyektiv yanaşmalıdır. Bütün dünyanın gözləri qarşısında özlərini bir qurum, heyət və komissiya kimi təshih etdilər. 2019-cu ildə iki qalibin açıqlanması xəbəri isə daha maraqlı olacaq...”

Təhsil eksperti Etibar Əliyev: “Düşünürəm ki, yox. Nobel mükafatları məlum sahələr üzrə laureatların seçimində həmişə obyektivliyi qoruyub. Bəzən elm sahələrində də seçim çətinləşir. Məsələn, fizik Vitali Ginzburqa 20 il əvvəlki kəşfinə görə Nobel verildi. Ədəbiyyat üzrə komitədə bir neçə dəfə mübahisə yaranıb. Məsələn, ölümündən sonra Erik Karlfeldə, heç kimin tanımadığı Karduççiyə verilməsində. Ancaq çox nəhəng yazıçılar bu mükafata layiq görülüb. Məncə, ədəbiyyat sahəsində də nüfuzunu qoruyub saxlaya biləcək”.

Yazıçı Nəriman Əbdülrəhmanlı: “Fikrimcə, Nobel Komitəsi iradında haqlıdı. Son illərdə doğrudan da laureatların seçimi ədəbiyyatla az-çox yaxınlığı olan adamları heyrətləndirir. Xüsusilə Bob Dilanın laureatlar sırasına daxil edilməsi məncə, İsveç Akademiyasının uğursuz seçimi idi. Son laureat Kazuo İşiquro da digər nominantlarla müqayisədə ali ədəbi kriteriyalara cavab vermir. Üstəlik də Akademiyadakı mənəvi mühitlə bağlı ortaya çıxanlar Komitənin yenidənqurma barədə iddialarının əsassız olmadığını göstərir. Mükafatın təqdimi təxirə salınıbsa, deməli, iddialar əsassız deyil. Zənnimcə, bu da mükafatın nüfuzuna xələl gətirəcək”.

Yazıçı İkinci Mahmud: “Ədəbiyyat üzrə Nobel mükafatı Bob Dilana veriləndə də, belaruslu publisistə veriləndə də bu cür reaksiya doğurmuşdu. Artıq Nobelin adi ədəbiyyat prizi olmadığı heç kimə sirr deyil, görünür, onu təkcə bədii-estetik meyarlar əsasında yox, həm də hansısa politik kriteriyalar əsasında təqdim edirlər. Düzü, hər dəfə adi maraqdan öncəgörənlik etməyə çalışırıq. Mən ötən illərdə M.Kunderaya veriləcəyini təxmin edirdim, olmadı. İndi - 2018-in Nobeli təxirə salınanda bu cür müzakirələr doğurması normaldır. Amma düşünmürəm ki, bütün bunlar mükafatın prestijinə xələl gətirir. Məncə, əksinə, onu təxminedilməz edir. Şəxsən mən ədəbiyyatın, ədəbiyyat mükafatlarının hansısa politik məsələlərə alət edilməyini istəməzdim”.

Şair Fərid Hüseyn: “Nobel mükafatının Ədəbiyyat nominasiyası üzrə verilməməyi və məlum qalmaqallar əlbəttə ki, arzuolunan hal deyil. Çünki istədik-istəmədik, Nobel mükafatı ədəbiyyatın kompasıdır, ildə bir dəfə bütün diqqət o kompasın oxuna sarı yönəlir. Eyni zamanda bu mükafata namizəd yazarlar da dünyaca məşhurlaşırlar. Nobel neçə onilliklərdir ki, ədəbiyyatın nəbzini ovcunda cəmləyib. Mükafatla bağlı bu cür qalmaqallar həm Nobelin, həm də əvvəlki qaliblərinin adının üstünə kölgə salır. Hər halda ildə bir dəfə yeni Nobel mükafatçısını tanımaq elə bilirəm çoxları üçün çox maraqlı idi. Heyiflər olsun…”

Yazıçı-jurnalist Cavid Ramazanov: “İsveç Akademiyasının qərarının bizim kimi ölkələrdə ciddi suallar doğurduğu inandırıcı deyil. Çünki biz bu prosesdə iştirak etməyən cəmiyyətlərdənik. Amma İsveç Akademiyası Qərb mədəniyyət institutları arasında ən sayılıb-seçilənlərdəndir. Belə bir hörmətli qurumun adının seksual qalmaqalda və sui-istifadədə hallanması isə əlbəttə, Qərbdə onun nüfuzuna xələl gətirir. İngiltərənin "Guardian" qəzeti hadisə ilə bağlı yazıya çox sərt - "Murdar qalmaqal" - başlığı qoymuşdu, bu, heç də təsadüf deyil. Akademiyanın son illərdəki laureat seçimləri onsuz da tənqidlərlə qarşılanırdı, son hadisə isə ümumiyyətlə məyusluq yaratdı. Hazırda Qərbdəki bir çox oturuşmuş demokratik və mədəniyyət təsisatlarında böhran yaşanır. İsveç Akademiyasında baş verənlər də bu böhranın bir parçasıdır. Böhran o qədər dərinləşib ki, insanlar artıq belə hadisələri adi şey kimi qarşılamağa başlayıblar. Halbuki əvvəllər bu cür hadisələr daha geniş mübahisələrə səbəb olardı. Hər halda İsveç Akademiyasının əvvəlki nüfuzunu qaytarması üçün ciddi işlər görməsi lazım olacaq. Bəlkə də bunun bir faydası da olmadı. Çünki artıq bəzi institutlar zamanın sınağından çıxa bilmirlər, ola bilər, ədəbiyyat üzrə Nobel mükafatı da öz nüfuzunu bir daha bərpa edə bilməsin. Ədəbiyyat artıq əvvəlki kimi dəbdə deyil. Bu, reallıqdır. Bəlkə də yenilənmə lazımdır, insanlar təkrar istəmirlər. Ola bilsin, Nobel mükafatının formatı dəyişdi. Gələn il Ədəbiyyat üzrə Nobel mükafatı üçün sınaq ili olacaq”.

Mirmehdi

AzNews.az