“...Sənətimizə müdaxilədir” - Sənət adamlarındən Milli Məclisə müraciət

“Sənətini sevən kino və teatr sənətçisi belə qadağanı qəbul edə bilməz”

Bir qrup sənət adamı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputatlara müraciət ünvanlayıb.

AzNews.az müraciəti təqdim edir.

"Hörmətli Rafael Hüseynov və Milli Məclisin deputatları!

Kino və teatr hər şeydən əvvəl yaradıcı, ümumdünyəvi məna daşıyan və tamaşaçı ilə dərindən təmas quran incəsənət formalarıdır. Biz hər bir obrazı canlandırarkən, yazarkən və ya göstərərkən onun daxili dünyasını bütünlüklə analiz edirik, anlayırıq, sevirik və ortalığa çıxardırıq. Bizim sənətimiz yaratdığımız obrazları tamaşaçıya ötürməkdir. Hər bir obraz özünəməxsus formada, yaşadığı dövrə və mühitə uyğun bir şəkildə bizim tərəfimizdən tamaşaçıya təqdim olunur. Bunu edərkən biz, yaradıcı gücümüz ilə tam azad şəkildə, heç bir qadağa olmadan sənət ilə məşğul oluruq. Əgər bir obraz siqaret çəkməlidirsə və biz hər hansısa bir qadağa ilə onu yığışdırırıqsa, deməli, saxta və yalançı bir iş görürük. Eyni zamanda, bu, bizim yaradıcılıq azadlığımızın kobud şəkildə pozulmasıdır. Təbii ki, siqaretin zərərləri hamıya məlumdur və bir çox ölkələrin televiziya efirlərində bunun üçün müəyyən formada qadağalar var. Ancaq bu, heç bir sivil, mədəni inkişafı olan ölkədə kinoteatrda göstərilən filmlərə və ya teatr səhnəsində oynanan tamaşalara aid edilmir. Çünki kino və teatr televiziya efiri deyil. Sənətini sevən kino və teatr sənətçisi belə qadağanı qəbul edə bilməz və etməməlidir. Yazıb sizlərə bildiririk ki, "Kino və teatrda tütün vasitələrinin qadağası" ilə bağlı qanun yaradıcılıq azadlığımıza və sənətimizə müdaxilədir və sizlərə müraciətimiz budur ki, bu qanunun tətbiqini ləğv edəsiniz.

Son olaraq: Bilavasitə maraqlı tərəf olduğumuz üçün yaradıcı fəaliyyətlə bağlı məsələlərin, qanunların müzakirəsi zamanı biz sənət adamlarının da rəyini öyrənsəniz, çox minnətdar olarıq!"

AzNews.az