- Mədəni adam
- 5 Noyabr 2018 13:12
- 3 994
“Heç bir qadına şeir yazmamışam” - Sorğu
“Sualın cavabını ən düzgün şairlər verə bilər”
Ötən həftə son zamanlar gözəl, axıcı şeirlərin az yazılması, bunun səbəbinin elə gözəllərin, yaxud da elə şairlərin olmaması ilə bağlı məşhur qadınlar arasında sorğu keçirmişdik.
AzNews.az eyni sualla kişi məşhurlara müraciət edib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, şairlərin bu mövzuya marağı azalıb:
“Əks halda yəqin ki, belə şeirlər yazılardı. Bu sualın cavabını ən düzgün şairlər verə bilər”.
Publika.az portalının baş redaktoru Aqil Lətifovun sözlərinə görə, bir müddət imiş ki, məhz bu mövzu ətrafında düşünürmüş:
“Əslində bu sualların dərinliyinə varanda onun altında bir çox mətləblər tapmaq mümkündür.
Niyə o şairlər, niyə o şeirlər, niyə o xanımlar, niyə o gözəllər indi yoxdur? Həqiqətən də, bu niyələrin bir çoxuna müsbət cavab vermək heç də asan deyil. Və bu niyələrin hər biri haqqında geniş danışmaq olar...
Əminliklə deyə bilərəm ki, indi bizim oxuyaraq böyüdüyümüz, habelə “Yenə o bağ olaydı” səviyyəsində məhəbbət şeirləri yox həddindədir. Düzdür, gənc istedadlı yazarlarımız var, amma zaman, məkan, insan, hətta məhəbbət fərqi öz sözünü deyir. Yəni indi insanların, xüsusilə oğlanla qızın bir-birinə eşq münasibəti, habelə cəmiyyətdəki dəyərlər, abır-həya, mədəniyyət və mənəviyyat məfhumları çox dəyişib. Bu, hər kəslə yanaşı, şairlər üçün də fərqli deyil.
Şairlərimiz o zaman eşq misralarına qələmə necə tökürdülər? Məhz yuxarıda sadaladığım məqamlar o eşq cümlələrinin ərsəyə gəlməsində birbaşa və təsiredici rol oynayırdı. Həmçinin həmin dövrdə texnologiya bu qədər inkişaf etməmişdi, insanlar bir-birinə indiki qədər yaxın deyildi, habelə sevgililər arasında münasibət daha saf duyğular üzərində qurulur, indiki kimi açıq-saçıqlıq yox idi. Sözün əsl mənasında o dövrkü sevgi əlçatmaz yaşama çevrilirdi. Təbii olaraq şair əlçatmaz məhbətti, əldə olunması daha çətin olan eşqi, qadını, gözəli daha ülvi duyğularla təsvir edər, insanın ruhuna, iliyinə işləyən cümlələrlə bəzəyərdi. Hazırda isə acı gerçək budur ki, əlçatmaz məhəbbətin kriteriyaları xeyli dəyişib. İndi saf məhəbbət, saf duyğu, gözəl qadın əksər zaman başqa maraqların ya yemi, ya da qurbanı olur. Deməli, dolayısı ilə şairlərin şeirlərinin eşq qəhrəmanı olacaq gözəl deməzdim, xanım-xatın qadınların sayı da kifayət qədər tükənib.
Bu məsələ eyni zamanda məkanla bağlıdır. Əgər dilimizin əzbəri, ruhumuzun qidası olan eşq şeirlərinə baxsaq, onların əksəriyyətinin şəhər ab-havasından kənarda, kənd atmosferində yazıldığını, yaxud da həmin mühitdən çıxmış yazarlar tərəfindən qələmə alındığını görərik. Elə “Yenə o bağ olaydı” nümunəsi kimi. İndi isə şəhərdən kənarda, kənddə, rayonda yazıb-yaradan, o saf mühitdə yaşayan, əlçatmaz eşqi hiss edən, yaşayan gənc şairlərimiz varmı? Təssüflə buna “yox” cavabı vermək olar”.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi Nəsimi Paşayevin cavabı isə belə olub:
“Vallah, mən heç bir qadına şeir yazmamışam. Ona görə də sualınıza cavab verə bilməyəcəm. Bunu indi özünə şair deyənlərə soruşsanız, daha yaxşı olar”.
Səidə Nurməmmədli,
AzNews.az