​Bu gün Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin xatirə günüdür ​Bu gün Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin xatirə günüdür

Üzeyir Hacıbəylinin xatirəsi yad edilib - Ev muzeyində

​Bu gün Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin xatirə günüdür

Bu münasibətlə bəstəkarın Ev-muzeyində tədbir keçirilib.

Üzeyir Hacıbəylinin qohumu, professor Telman Ağdamski bəstəkarın həyat və yaradıcılığı barədə qısa məlumat verib.

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası bütün Şərqdə ilk opera olub və Azərbaycan musiqisi tarixində yeni səhifə açıb. Tamaşanın premyerası 1908-ci ildə Bakı Dram Teatrının səhnəsində böyük uğurla keçib. Bundan sonra bir-birinin ardınca Ü.Hacıbəylinin yeni əsərləri – “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm” muğam operalarını, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının premyeraları tamaşaçılara təqdim edilib.

Üzeyir Hacıbəyli təkcə bəstəkar deyil, həm də görkəmli maarifçi idi. O, “Yeni iqbal” qəzetinin baş redaktoru, sonra həmin qəzetin naşiri, daha sonra “Azərbaycan” qəzetinin redaktoru olub. 1917-ci il oktyabr inqilabından və Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Üzeyir Hacıbəyli respublikada musiqi təhsilinin inkişafına şərait yaradır, Azərbaycanda peşəkar musiqi sənətinin inkişafına xeyli qüvvə sərf edirdi. 1920-1930-cu illərdə o, özünün təşəbbüsü ilə yaradılmış musiqi məktəbinə rəhbərlik edib, xalq çalğı alətləri orkestri, ilk Azərbaycan xoru və başqa kollektivlər yaradıb. Elə həmin dövrdə Üzeyir Hacıbəyli tədris işi ilə məşğul olub: Bakı Konservatoriyasının prorektoru, daha sonra rektoru olub, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktoru təyin edilib.

O, iki çağırış SSRİ Ali Sovetinin deputatı olub, Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. İctimai işinin çox olmasına baxmayaraq, respublikada musiqi mədəniyyətinin müxtəlif məsələlərinə, xalq musiqisinin öyrənilməsinə həsr edilmiş məqalələr yazmaqda davam edirdi.

Üzeyir Hacıbəylinin 1936-cı ildə yazdığı “Koroğlu” operası isə həmin dövrdə onun bəstəkar kimi yaratdığı ən yaxşı əsər hesab edilir. O həm də özünün bir sıra səhnə əsərlərinin libretto müəllifi olub. Böyük Vətən müharibəsi illərində bəstəkar vətənpərvərlik mövzusunda bir sıra mahnılar, “Vətən və cəbhə” kantatası, habelə “Sənsiz” və “Sevgili canan” romanslarını, Qələbə günü münasibətilə “Qələbə himni” yazıb.

Bütün həyatını musiqi mədəniyyətinin inkişafına həsr etmiş Üzeyir Hacıbəylinin yaradıcılığında Şərq və Qərb musiqi üslubları, Azərbaycan xalq musiqisi elementləri və klassik Avropa ənənələri ustalıqla uzlaşdırılıb. Milli musiqili teatrın inkişafı sahəsində böyük xidmətləri olmuş bəstəkar başqa janrlarda da çoxlu əsərlərin müəllifi idi. Məsələn, o, bir sıra kinofilmlərə, Azərbaycanın dövlət himninə musiqi yazıb. Onun qələminin məhsulları arasında “Rusca-türkcə və türkcə-rusca siyasi, hüquqi, iqtisadi və hərbi terminlər lüğəti”, “Hesab məsələləri (zadaçalar)”, “Azərbaycan xalq musiqisinin əsasları” kimi fundamentalı əsərlərlə bərabər, çoxsaylı satirik məqalələr də var.

Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ Xalq artisti, iki dəfə Stalin mükafatı laureatı, akademik və professor Üzeyir Hacıbəyli Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və bir sıra medallarla təltif olunub.

Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Bəstəkarın xatirəsini əbədiləşdirmək üçün Azərbaycan Dövlət Konservatoriyasına (1995-ci ildən Bakı Musiqi Akademiyası), simfonik orkestrə, Bakıdakı və respublikanın digər şəhərlərindəki küçələrə onun adı verilib. Azərbaycan mədəniyyət xadimləri üçün Üzeyir Hacıbəyli adına mükafat təsis olunub, Vyanada və Bakıda ona abidə ucaldılıb.

Mərhum şair Tofiq Bayramın şeirlərindən biri dahi bəstəkarın yaradıcılıq irsinin qorunub saxlanması və təbliği üzrə böyük iş aparan müəssisəyə - Üzeyir Hacıbəylinin Ev-muzeyinə həsr edilib.

Tədbirdə Asəf Zeynallı adına musiqi məktəbinin tələbəsi Amalya Məmmədova həmin şeiri oxuyub.

Sonra tədbirin bədii hissəsi başlanıb, bəstəkarın əsərlərindən parçalar səslənib. (Azərtac)

AzNews.az