- İşin içi
- 18:00
- 1 446
İcmal büdcənin gəlirləri enerji və qızıl bazarındakı dəyişkənlikdən asılı olacaq - ŞƏRH
Hesablama Palatasının 2026-cı il dövlət büdcəsinə dair rəyində diqqət çəkən əsas məqam icmal büdcənin gəlir dinamikasının enerji və maliyyə bazarlarında müşahidə olunan volatilliyə yüksək dərəcədə həssas olmasıdır. Qurumun qiymətləndirməsinə görə, ortamüddətli dövrdə qlobal enerji qiymətlərindəki dəyişkənlik icmal büdcənin əsas iki dayağı - dövlət büdcəsi və Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinə birbaşa təsir göstərəcək. ARDNF-in gəlirlərinin ümumi icmal büdcədə 25-30 faiz civarında paya malik olması bu təsirin miqyasını daha da artırır.
Qlobal enerji və maliyyə bazarlarında son illərdə qeyri-sabitliyin dərinləşməsi bir çox ölkələrin fiskal planlaşdırmasında qeyri-müəyyənlikləri artırıb. Neftin qiymətində 10 dollar fərqin belə Azərbaycanda gəlir strukturuna milyonlarla dollar təsir göstərməsi, dövlətin maliyyə sabitliyinin böyük ölçüdə bazar dinamikasına bağlı olduğunu sübut edir. Xüsusilə 2022-2024-cü illərdə neftin bir barelinin 70–100 dollar arasında dəyişməsi bu həssaslığın real təsdiqidir. Hesablama Palatasının qeyd etdiyi kimi, ARDNF-in aktivlərinin mühüm hissəsi səhm və qızıl kimi qiymətli metallar portfelində cəmlənib. Bu isə fondun gəlirliyinin yalnız enerji bazarlarına deyil, həm də qlobal maliyyə indekslərinə və əmtəə bazarına bağlı olduğunu göstərir.
2025-ci ilin ilk üç rübündə qızılın qiymətində 1200-1300 ABŞ dolları civarında artım qeydə alınıb ki, bu da ARDNF-in investisiya gəlirlərini müsbət istiqamətdə dəyişdirib. Qızılın qiymətində artım həm riskdən qaçan investor davranışlarının, həm də qlobal inflyasiya təzyiqlərinin nəticəsi kimi qiymətləndirilir. Bu tendensiya Azərbaycanın valyuta ehtiyatlarının və icmal büdcə gəlirlərinin artımına şərait yaratsa da, uzunmüddətli dövrdə qiymətli metallara bağlı gəlir strukturunun dəyişkənliyi müəyyən risklər yaradır. Çünki beynəlxalq təcrübə göstərir ki, yüksək gəlirli, lakin volatilliyi yüksək olan aktivlər büdcə planlaşdırmasının sabitliyinə zərbə vura bilər.
Beynəlxalq bazarlardakı volatilliyin artması təkcə enerji qiymətlərinə deyil, maliyyə axınlarına da təsir edir. ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankının faiz siyasətləri nəticəsində likvidliyin azalması inkişaf etməkdə olan iqtisadiyyatlara daxil olan kapitalın həcmini azaldır. Bu, Azərbaycan kimi enerji ixracatçısı olan ölkələr üçün də dolayı təsir yaradır, çünki qlobal kapital axınları fond bazarlarının gəlirliyinə və ARDNF-in investisiya portfelinə təsir göstərir. Belə bir şəraitdə icmal büdcənin gəlir proqnozlarının dəqiqliyi azaldığından, fiskal risklərin idarə edilməsində çevik və proqnozlaşdırıcı yanaşma tələb olunur.
Ortamüddətli dövrdə bu risklərin yumşaldılması üçün əsas mexanizmlərdən biri gəlir mənbələrinin şaxələndirilməsidir. Beynəlxalq praktikada Norveç, Qazaxıstan və Səudiyyə Ərəbistanı kimi ölkələr enerji gəlirlərinin dəyişkənliyini kompensasiya etmək üçün strateji ehtiyat fondlarının aktiv idarəetmə modellərini tətbiq edirlər. Azərbaycanın da bu istiqamətdə atdığı addımlar, xüsusən ARDNF-in portfel strukturunun tədricən daha sabit gəlirli aktivlərə yönəldilməsi, büdcə sabitliyinin qorunmasında mühüm addımdır. Bununla belə, qeyri-neft gəlirlərinin artırılması, xüsusən vergi bazasının genişləndirilməsi və daxili istehsal potensialının dəstəklənməsi strateji əhəmiyyət daşıyır.
Hazırkı şəraitdə qlobal enerji və maliyyə bazarlarında baş verən proseslər Azərbaycanın fiskal siyasətində ehtiyatlılıq və dayanıqlılıq balansının qorunmasını zəruri edir. Enerji qiymətlərində kəskin dalğalanmalar fonunda büdcə gəlirlərinin sabitliyini təmin edən mexanizmlərin gücləndirilməsi, həmçinin ARDNF-in gəlir mənbələrinin risk baxımından daha effektiv diversifikasiyası yaxın illərin əsas prioritetlərindən biri olacaq. Bu baxımdan Hesablama Palatasının vurğuladığı kimi, gəlir proqnozlarının daha real və ssenarilərə əsaslanan modellərlə qurulması, fiskal dayanıqlığın qorunması istiqamətində mühüm institusional zərurətdir.
Nuray,
Aznews.az