“Bu dünyanın yaranmasında hər birimizin əli var” - Fəxri Uğurlu

"Kürsü" layihəsinin növbəti qonağı yazıçı Fəxri Uğurludur.

- Bir müsahibənizdə yazıçı kimi masa arxasına keçə bilməməyinizin səbəblərindən gileylənmisiz. Yəqin ki, özünüzü realizə baxımından yazmadığınız günlər itirilmiş, hədər getmiş zaman hesab olunur, təəssüf doğurur. Dünyagörüşü artır, həyat imkanları isə tükənir...

- Hər yazıçının bir iş üsulu, üslubu var. Adam var, onun beynində daima yaradıcı iş gedir, amma onu realizə etmək, kağıza köçürmək üçün xüsusi şərait tələb olunur. Adam da var, işə gedib evinə qayıdandan sonra əyləşib romanını yazır. Məndə belədir ki, arxayın mühit, dinc şərait olmayanda yazı prosesinə rahat şəkildə girə bilmirəm, yazdıqlarım ürəyimcə olmur. Digər tərəfdən də, bizim yazıb-yazmamağımızla ədəbiyyat o qədər çox şey itirmir. Sadəcə, yazmaq yazanın özü üçün yaxşıdır. Ən effektiv terapiya yaradıcılıq terapiyasıdır. Sənət adamı özünü ifadə elədikcə təzələnir, cavanlaşır, ruhu bədəndə oynayır. İnsan elə yaranıb ki, onun könül məhsulu, yaradıcı enerjisi daim dövriyyədə olmalı, bütün dünyayla - insanlarla, canlı-cansız təbiətlə təmasa girməlidir. O enerji dövr elədikcə dövriyyədə olan pul kimi artır. Maddi dəyərlər bölündükcə azalır, mənəvi dəyərlər isə, tərsinə, paylaşıldıqca çoxalır.

Yaradıcı insan hamıdan qabaq özünü razı salmalıdır. Əgər yazdığı mətn müəllifi təmin eləmirsə, onu başqalarıyla bölüşmək zövq verə bilməz. Yox, əgər yazıçı özünü sevə bilirsə (söhbət özünə vurğunluqdan getmir), o zövqü özünə daddıra bilirsə, demək, başqalarını da sevib-sevindirəcək. Məsələn, Tolstoy "Hərb və sülh" romanını, heç şübhəsiz, öz qəlbinin sifarişiylə, öz ruhunu ifadə eləmək üçün yazmışdı. Amma görün dünyada nə qədər adam bu əsərdən bəhrələnib, bu romanın vasitəsiylə özünü, dünyanı sevib. Biri elə mən.

- Fəxri bəy, faktiki olaraq nə Hamlet, nə Don Kixot, nə də Anna Karenina bu dünyada konkret, real insan kimi mövcud olmayıb. Elə isə niyə biz onların varlığına inanır, faciələrinə məyus oluruq?

- Məsələ burasındadır ki, ədəbiyyat yoxdan yaratmaq sənətidir. Ədəbi əsərin, obrazın yaranma prosesi dünyanın, insanın yaradılmasına bənzəyir. On dörd milyard il bundan əvvəl kainatın heç bir yerində bir toz da tapa bilməzdin. Amma az (yəni təqribən 200 milyon il) sonra bir zərrənin saniyənin 6 trilyonda biri qədər müddətdə baş verən partlayışından bu boyda kainat yarandı. Eləcə də, nə qədər ki, Anna Karenina yox idi, biz onu tanımırdıq. Ancaq günün birində Tolstoy onu yoxdan yaratdı, bir şair demiş, öz kişi bətnindən doğdu. Bu, ilk qadını yaratmış Yaradıcı Qüdrətin gördüyü işə bənzəyir. Bundan sonra Anna Karenina təkcə sənətin yox, həm də həyatın danılmaz bir faktına çevrildi. Necə deyərlər, yazıya pozu yoxdur.

Sözün hərfi mənasında həyatda Anna Karenina kimi bir qadın olmayıb. Ancaq ədəbiyyatın vəzifəsi həyatın üzünü köçürmək deyil, onun mənasını ifadə eləməkdir. Sənətin işi milyon-milyon Annadan bir Anna yaratmaqdır. Deməli, müəllif bu missiyanı doğru-düzgün yerinə yetirib ki, biz Annanın varlığına inanırıq. Tolstoyun indi dumanlı xatırladığım təxminən belə bir fikri var: gerçək ədəbiyyat başqalarının da qəlbindən keçən, ancaq onların ifadə eləyə bilmədiyi duyğuları sözə çevirəndir. Bu baxımdan yazıçı milyonlarla insanın danışan dili, yazan əli, bəşərin də, təbiətin də ürəyindən keçənləri üzünə oxuyan bir münəccim, rəmmal, Yaradıcı Qüvvənin itirdiklərini özünə qaytaran qüdrətli bir mirzədir. Fərd, cəmiyyət, ümumən insanlıq üçün ədəbiyyatın gücü heç nəylə əvəz oluna bilməz, çünki insan ədəbiyyatın (eləcə də elmin, fəlsəfənin, incəsənətin) hesabına həm özünü, həm dünyanı tanıyır. Həyatın, yaranışın bundan böyük təyinatı yoxdur. Peyğəmbərin dilindən deyilən belə bir hədis də var: "Kim özünü tanısa, Allahı da tanıyar". Kainatın ən dərin sirləri, ilk növbədə, insanın cismində, beynində gizlənib. Dalğıc dənizin dibindən xəbər gətirdiyi kimi, yazıçı da başqalarına o dərinliklərdən xəbər verir.

- Tolstoy qeydlərində yazırdı ki, mən Anna Kareninanı öldürəndə ağladım, amma əlacım yox idi, onu sağ saxlamaq mümkün deyildi. O, özü gedib qatarın altına atıldı. Yazıçı ilə personaj arasında nə baş verir ki, qəhrəman taleyini özü həll edir, yazıçı bu işə qarışa bilmir?

- Bu suala ağılla cavab vermək asan deyil, çünki yazıçı belə məsələləri ağlın yox, intuisiyanın, fəhmin gücünə həll eləyir. Böyük yazıçı heç də ən ağıllı adam deyil, ağlını bütünlüklə qəlbinin ixtiyarına verən adamdır. Qəlb insana həmişə yalnız doğru yolu göstərir. Bu baxımdan Tolstoy da Annanı qatarın altına atanda bütün varlığıyla öz yazıçı intuisiyasının axını içində üzüb. Həmin səhnələri dönə-dönə oxuduqca buna bir daha əmin olursan.

- Mən Anna Kareninanın adını misal üçün çəkdim. Götürək elə sizin "Məryəmin oğlu" hekayənizi - Məryəmin oğlu hökmən ölməliydimi?

- O yazıda Məryəmin oğlu ölmür, başqa cilddə dünyaya yenidən gəlir. Bax, sənə bir söz deyim: insan yarandığı gündən bir dəfə də ölməyib. Bu gördüyümüz ölümlər də gerçək ölüm deyil, yalandır, illüziyadır. İnsan gerçəkdən ölsəydi, bəşər nəsli çoxdan yer üzündən silinmişdi. İnsan bircə dəfə öləcək - yaranış öz məqsədinə çatanda. O da ölüm yox, toy-bayram olacaq, qurtuluş olacaq.

- Sizcə, Tolstoy-Dostoyevski cəbhələşməsi, dilemması hansı ehtiyacdan, hansı səbəbdən yaranıb?

- Əslində, Dostoyevski ilə Tolstoy qədər bir-birinə yaxın olan başqa iki yazıçı tapılmaz. İkisi də bir mənbədən qaynaqlanır, ikisinin də təyinatı, hədəfi birdir. İkisi də yazıçı qiyafəsinə bürünmüş peyğəmbərdir. Onların başlıca əsərlərinə, obrazlarına diqqət yetirəndə bu bənzərlik açıq-aşkar görünür. Bu iki dahinin qabığında, qabında, qılafında fərq ola bilər, var da. Ancaq hər ikisinin içi-içəriyi, çəyirdəyi, tumu eynidir.

- Fərqlər nədən ibarətdir?

- Dostoyevski həyatında olduğu kimi, sənətində də əzaba, əzabkeşliyə, qaranlığa meyilli yazıçıdır. O, qaranlığa işıq tutana qədər çox əziyyət çəkirdi, çünki özü də işığa, gözəlliyə, tapındığı həqiqətə çətinliklə inanmışdı. Məncə, onun ən işıqlı əsəri "İdiot" romanıdır. Bu əsərdə Dostoyevski İsa peyğəmbərin misilsiz obrazını yaradıb, Məsihi özü yaşadığı dövrə, mühitə gətirib çıxarıb (yeri gəlmişkən, bilmirəm rus, ya dünya ədəbiyyatşünasları bu barədə nəsə deyiblər, yoxsa yox, ancaq Qonçarovun Oblomovu da Buddanın obrazıdır - buna adım kimi əminəm). Əsərlərində insan varlığının qaranlıq künclərinə tez-tez baş vurduğuna görə çoxları Dostoyevskini pessimist yazıçı sayır. Ancaq mən belə deməzdim. Doğrudur, o, pessimizmin, nihilizmin anatomiyasını çox gözəl ifadə eləyib. Hətta Ziqmund Freyd "Dostoyevski və ata qətli" adlı traktatında faktlarla göstərir ki, yazıçı "Karamazov qardaşları" romanındakı pozitiv, işıqlı fəsilləri üç aya, neqativ, qaranlıq fəsilləri isə üç həftəyə yazıb. Bununla belə, Dostoyevski xeyirin gücünə, İsa yolunun qurtuluş yolu olduğuna, qiyamətə, haqq divanına inanan optimist bir yazıçıdır.

Tolstoyda isə dünyaya işıqlı tərəfdən baxmaq, həyatı bütün görsənişləriylə sevmək duyğusu daha güclüdür - hərçənd Dostoyevskinin çəkdiyi əzablardan uşaqlığında, gəncliyində onun da payına az düşməyib. Tolstoy xeyirdən, gözəllikdən yazanda gücənmir, bu işi çox asan, həvəslə görür. "Hərb və sülh"ün dördüncü cildində o, knyaz Andreyi kamil bir şəxsiyyət həddinə çatdırır, ona düşmənini də sevdirir, onu ölümlə barışdırır, sonra da ən sevimli qəhrəmanını göz yaşları içində haqq dünyasına yola salır.

- Qəribədir ki, eyni dövrdə yaşasalar da onlar heç vaxt görüşməyiblər.

- Hə, görünür, həm bir-birindən çəkiniblər, həm də uzaqdan-uzağa bir-birinə pərəstiş eləyiblər. "Anna Karenina" çapdan çıxanda Dostoyevski ədəbi məclislərdə əl-qolunu ölçə-ölçə həyəcanla bu əsəri rus ədəbiyyatının yeni böyük sözü kimi tərifləyirmiş.

Dostoyevskidən sonra az qala otuz il yaşamış Tolstoy isə ömrünün son illərində yalnız bir kitab oxuyurdu, bu kitab da "Karamazov qardaşları"ydı. Dostoyevskinin ölümündən sarsıldığını Tolstoy bir məktubunda belə ifadə eləmişdi: "Mən onu özümə dost bilirdim, düşünürdüm, necə olsa biz görüşəcəyik, amma qismət olmadı. Qəfildən bir qəzet xəbərini gözüm aldı - Ölüb! Elə bildim dirəyim uçdu. Başımı itirdim, yalnız onda anladım ki, o, mənə nə qədər əzizmiş. Alnımı masaya söykəyib ona ağladım, bu günəcən də ağlayıram".

Heç şübhəsiz, bu iki dahi yazıçı bir-birinə könüldən bağlı olub. Eyni mərtəbədə yaşayan qapı qonşusu, divar qonşusu olsalar da, çox təəssüf, heç vaxt salamlaşmayıblar, bir-birinə qonaq getməyiblər.

- Hər iki yazıçını eyni dərəcədə bəşəri hesab etmək olarmı?

- Dostoyevskinin fərdi düşüncəsində, publisistikasında millətçilik ovqatı güclüydü. Yaşlı çağında belə qənaətə gəlmişdi ki, rus xalqı, rus dövləti dünyanın xilaskarı olacaq. Katolisizmi inkar eləyən qatı pravoslav idi. Axıramacal çar ailəsiylə də yaxınlaşmışdı. Dahilərin səhvləri də dahiyanə olur. Məsələn, Hegel kimi nəhəng filosof ömrünün müdrik çağında inanırdı ki, Prussiya monarxiyası Allahın yer üzündə ən yüksək təcəssümü, Hegel də onun danışan dilidir. Bu isə tarixin, tərəqqinin, dialektikanın sonu demək idi, halbuki belə düşüncə, ilk növbədə Hegelin öz fəlsəfəsinə zidd idi. Bu baxımdan fərd kimi, dünya vətəndaşı kimi Tolstoyu daha genişmiqyaslı saymaq olar.

- Sizin bir fikriniz vardı ki, "Hərb və sülh" kimi romanı nəinki yazmaq, oxumaq da hər adama qismət olmur. Son vaxtlar bəzi gənclərdə belə qənaət formalaşıb ki, "Hərb və sülh", "Uliss", "İtirilmiş vaxtın sorağında" kimi romanları oxumamaq, eləcə təfsilatlarla, təhlillərlə də kifayətlənmək olar.

- Dünyada mütaliəsi olmayan böyük yazıçı tapa bilməzsən. Əlbəttə, bu o demək deyil ki, yazıçı hamıdan çox oxuyan adamdır. Dostoyevski də, Tolstoy da o dövrün Rusiyasında ən savadlı adamlar deyildilər. Ancaq ədəbiyyatın keçib gəldiyi yol var, hər bir yazı adamı Antik dövrdən üzübəri keçilmiş o yoldan xəbərdar olmalıdır. Xəbərdar olmayanda adam tapdanmış yollarda azıb itir.

- İndiki gənclər, sanki klassikanı oxumaq istəmirlər, daha çox gündəmdə olan ədəbiyyata meyillənirlər.

- Burada, yəqin bir az da dəbə getmək, bu gün necə yazırlar, necə yazmaq lazımdır sualına cavab tapmaq arzusu var. Ancaq bu gün yaranan forma, üslub da göydəndüşmə deyil, buna gətirib çıxaran yollar var. Məsələn, XX əsrin ən böyük üslubçularından biri Uilyam Folkner öz personajları üçün Yoknapatofa adlı xəyali bir ərazi yaratmışdı. Bu ideyanı o, Balzakdan götürmüşdü, Folknerdən yüz il qabaq Balzak da "Bəşəri komediya"da belə bir şəbəkə yaratmışdı, bəzi qəhrəmanları əsərdən-əsərə adladır, birində baş, birində epizodik rolda oynadırdı. Onların hər biri öz dövrü üçün yenilikçi, "dəbli" yazıçı olub.

- Tez-tez belə fikirlər də səslənir ki, niyə bizdə Coys, Kafka, Markes kimi dahilər yetişmədi...

- Bunlar psixoloji naqisliyin, əyalətçi düşüncənin törətdiyi narahatlıqlardı. Dünyada Markesi olmayan onlarla ölkə, yüzlərlə xalq var. Markes təkcə öz xalqı üçün yazmayıb ki! Sənə Markes lazımdı, get oxu, qidalan.

Tutalım, ən ucqar kənddə yaşayan savadsız, avam bir adamı aparıb ona Nyu-Yorkda dəbdəbəli ev, bahalı maşın alırsan. Bununla o adam dünyanın mərkəzinəmi köçmüş sayılacaq? Dünyanın mərkəzi insan beyni, insan düşüncəsidir. Bir adam kənddə otura-otura da dünyanı ayağına gətirə bilər, vacib deyil ki, dəbdəbəli şəhərdə dəbli həyat yaşasın. Vacib olan odur ki, insan özü dünyanı tanısın, onun dərdiylə yaşayıb gedişatından xəbərdar olsun. Dünyada nə qədər ağac, nə qədər yarpaq var - onların hər biri dünyanın mərkəzində qərar tutub. Hər yarpaq dünyanın havasını bir yarpaq təmizləyir. İnsan da dünyanın harasında oturmağından asılı olmayaraq onun mənəvi havasını təmizləyirsə, onda elə dünyanın mərkəzində oturmuş sayılmalıdır. Markes Markes olanda Kolumbiya üçüncü dünya ölkələri sırasındaydı. Qonçarovun, Turgenevin, Dostoyevskinin, Tolstoyun, Çexovun zamanında Rusiya heç də dünyanın gözü deyildi. Ancaq bu yazıçılar öz vətənlərini dünyanın ədəbiyyat, mənəviyyat paytaxtına çevirə bildilər.

- Bu gün ölkəmizdə bir çox ədəbiyyat adamı ümidsizlik mərəzinə tutulub. Bədbinlik yoluxucu xəstəlik kimi get-gedə yayılır. Sizcə, bu ümidsizliyə, pessimizmə necə qalib gəlmək olar?

- Buna qalib gəlməyin yalnız bir yolu var: ümidlə, sevgiylə, inamla yaşamaq. Haqqa, dürüstlüyə inanmaq. Şeytanı üstələməyin başqa yolu yoxdur.

"Tanrı eşqi" deyilən bir ifadə var - bunu hamı Allaha yönəli eşq, Yaradanın xətrinə yaranmışları sevmək kimi başa düşür. Mən bu ifadəni bir ayrı cür yozuram. Xəyalımızdakı, təsəvvürümüzdəki Tanrı dünyanı hansı eşqlə yaradıb ona necə baxırsa, insan da dünyaya o gözlə baxmalıdır. Çünki insan öz canında Yaradıcı Ruhun bir nüsxəsini daşıyır. Bu dünyanın yaranmasında hər birimizin əli var. Kainat bizim halalca mülkümüzdür, ona sahib çıxmağa hər birimizin haqqı var.(edebiyyatqazeti.az)

© AzNews.az