Dilçi alim, ictimai xadim Aydın Məmmədovun 75 illik yubileyinə həsr olunur Dilçi alim, ictimai xadim Aydın Məmmədovun 75 illik yubileyinə həsr olunur

Aydın olmaq...

Dilçi alim, ictimai xadim Aydın Məmmədovun 75 illik yubileyinə həsr olunur

Əfsanə adamlar var... Hər sözləri aforizmə çevrilir, zarafatları dillərdən düşmür, müxtəlif miflər, rəvayətlər, əfsanələr qoşulur adlarına. Zamanla özünəməxsusluqdan çıxır bu adamlar, əvvəl yaxın ətraflarına, sonra çoxluğa, bir az da zaman keçəndən sonra xalqa məxsus olurlar. Sanki artıq öz ömrünü yox, o çoxluğun arzuladığı, əfsanələşdirdiyi ömrü yaşayırlar. Ümumiyyətlə, belə adamlar necə seçilir, hansı məntiqə əsasən aparılır bu seçim, demək çətindir. Heç şübhəsiz, bu, hər şeydən əvvəl tale məsələsidir, amma xarakterin də rolu az deyil. Əvvəl öz kiçik çevrəndə seçilmək, başqa olduğunu dərk etmək, sonra yaşadığın kənddə, bölgədə, sonra ölkədə və s. Başqa adam həyatı yaşamaq üçün güc lazımdı hər şeydən öncə, zəiflər mübarizədə tez uduzurlar, döyüş meydanını tez tərk edirlər. Güclülərin isə, daha doğrusu, söylədiyim əfsanə adamların ölümdən sonra yeni bir "həyatı" başlanır... Danışdıqları söhbətləri, dediklərini, etdiklərini "xalq yaradıcılığı" yüz dəfə dəyişsə də, yenə adları ilə bağlanır müxtəlif fərqli hərəkətlər, orijinal fikirlər, iti zarafatlar.

Görkəmli dilçi alim, ictimai xadim Aydın Məmmədovun yubileyi ərəfəsində həm öz məqalələrini, həm də haqqında yazılanları oxuyanda, videolarına baxanda başa düşdüm ki, o da belə əfsanə adamlardandır. Cəmisi 48 il ömür sürən və 27 il bundan əvvəl dünyasını dəyişən alim haqqında danışılanlar və yazılanlar öz yaradıcılığından daha həcmlidir. Beş il öncə Yazıçılar Birliyində keçirilən yubiley tədbirində də ən çox haqqında danışılan xatirələr, miflər təsirləndirmişdi məni. Məclisdə olanlar hamısı onun orijinal xarakterindən, dərin intellektindən və qeyri-adi hafizəsindən danışırdılar. O zaman Rəşad Məcidin Aydın Məmmədovu qısaca xarakterizə etməsi heç yadımdan çıxmır: "Aydınla eyni proseslərdə iştirak edən adamlar, onu tanıyanlar Aydını heç vaxt unuda bilməzlər. Aydının işıqlı obrazı, nurlu xatirələri hamımızın qəlbində yaşayır. Uşaqlıqda bu ifadəni eşidəndə düşünürdüm ki, insanın işıqlı obrazı bu qədər yaşaya bilərmi? Amma indi bu ifadənin şablon yox, həqiqət olduğunu bilirəm. Çünki Aydının ölümündən 22 il keçib, amma onun xatirəsi yaşayır, elə bil canlıdır, bizimlə bir yerdədir. Aydının şöhrətin pikində, bütün küçədə-bazarda hamının tanıdığı vaxtı da olub, həbsxanada dustaqlara ərəb əlifbasını öyrətdiyi vaxtı da. Aydının uzun cümlələr deyib insanları öz nitqi ilə heyrətə saldığı vaxtlarını da görmüşəm, kədərli anlarında eyni cümlələri təkrarlaya-təkrarlaya, rabitəsiz danışdığı məqamların da şahidi olmuşam. Aydının obrazı heç vaxt yadımdan çıxmır. İki il öncə 48 yaşım olanda fikirləşdim ki, Aydın 48 yaşı olanda rəhmətə gedib. Amma biz Aydını 48 yaşında insan kimi görmürdük ki. O, bizim təsəvvürümüzdə müdrik, qocaman, dünyagörmüş bir insan idi".

Görünür, əsas sirr də budur, yaşın, şəraitin, çərçivələrin fövqündə durmaq. Həm də bunu necə etmək məsələsi var, əlbəttə. Uzun illər oxuduqlarını, öyrəndiklərini necə xərcləmək və hara xərcləmək məsələsi önəmlidir. Yenə beş il əvvəlki tədbirə qayıdıb Aydın Məmmədov haqqında danışılan iki əhvalatı yada salmaq istəyirəm. Ramiz Rövşən Aydın Məmmədov haqqında xatirələrini bölüşəndən sonra onun qeyri-adi xarakterini vurğulamaq üçün kiçik bir hadisə danışmışdı: "Aydın qədim yunan filosofları kimi yazmaqdan çox, deməyin tərəfdarı idi. O, dediyinin təsirini o dəqiqə insanların üzündə görmək istəyirdi. Aydın həddindən artıq təsirli bir natiq idi. Vaxtilə, Aydının ən şöhrətli vaxtında bir professor mənə belə bir əhvalat danışmışdı: "Moskvada bir simpozium keçiriləcəkdi. Üç məruzəçidən biri də mən idim. Aydın da o simpoziuma gedirdi. Təyyarədə məndən soruşdu ki, o simpoziumun mövzusu nədir? Mövzunu danışdım. Getdik. Birinci gün hamımz məruzə elədik. İkinci gün müzakirələr olacaqdı. Müzakirədən əvvəl Aydına söz verdilər, durub çıxış elədi. Sonra bizim bir gün əvvəlki məruzələrimiz qaldı bir kənarda, hamı həmin gün ancaq onun çıxışını müzakirə elədi".

Yadımdadır, mərhum alim, Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu da məhz bu qəbildən olan əhvalat danışmışdı ki, Aydın Məmmədov heç oxumadığı əsərin müzakirəsindən əvvəl əsəri oxumuş bir adama bir neçə sual verib, bəzi məqamları soruşandan sonra durub çıxış edirdi, bundan sonra bütün polemikalar onun tezislərinin ətrafında aparılırdı. Əlbəttə, bu zarafatyana söhbətlərdən də Aydın Məmmədovun intellekti, mütaliəsi, dərin təhlil qabiliyyəti duyulurdu. Amma bütün hallarda müəllif haqqında ən gözəl və dəqiq sözü mətn deyir. Aydın Məmmədovun "Sözümüz eşidilənədək" kitabı həm magistrlıq, həm də fəlsəfə doktoru dissertasiyası yazdığım vaxtda çox əlimdən tuturdu. O mənada ki, araşdırdığım mövzular, 60-cılar nəsri, Anar yaradıcılığı və ümumiyyətlə, dövr haqqında ən orijinal fikirləri məhz bu kitabdan ala bilirdim.

"Hər yeni yazım çıxanda aşağıdakı sözləri eşitmək məndən ötrü vərdiş halını alıb: "İstedadın var, amma ədəbiyyatı bütöv görmürsən, başqa yazanlar da var, elə mənim yazım, filan kitabım..." əlbəttə, mən bu gileyləri başa düşürəm. Heç kəs öz ayranına turş demir, hər kəsə öz balası gözəl görünür. Amma bununla belə, yenə də ümumittifaq nəsrində olduğu kimi, bizim nəsrin 60-cı illərində baş verən yeniləşmə də kütləvi, yəni bütün yazıçıların yaradıcılığını əhatə eləyən proses deyildi. Bu, bir neçə istedadlı yazıçının yazı manerasında, bədii-estetik kredosunda (birində qabarıq, o birində nisbətən az, birində daha tam, o birində nisbətən zəif və s.) təcəssüm olunan real ədəbi hadisədir".

Aydın Məmmədovun Anar müəllimlə söhbətindən gətirdiyim bu parçada 60-cılar nəsrinə ən dəqiq qiymət verilir. Həqiqətən indi sadəcə o dövrdə yaşayan, yazan, ya ondan bir az əvvəl, ya sonra ədəbiyyata gələnlərin özünə "60-cılar" deməsi qəribədir, çünki bu istilah artıq zamanla bağlı deyil, ayrıca bir "janr" kimi başa düşülməlidir. Bu mənada, Aydın Məmmədov o nəsli və onların yaradıcılıqlarını dəqiq xarakterizə edirdi. O, dilçi olsa da, çox dəqiq ədəbiyyatşünas analizləri vardı və həmsöhbətlərinə bəzən ən sərt fikirlərini, etirazlarını bildirməkdən çəkinmirdi. Məhz bu kitabdan "60-cılar" adlandırılan ədəbi nəslin zaman hüdudları, ədəbi tənqid necə olmalıdır kimi suallarıma cavab tapa bilmişdim. Həm də obyektiv cavab, çünki Aydın Məmmədov çox qəti şəkildə bildirirdi ki, "ədəbiyyatın hamı tərəfindən qorunan ümumi mənafeyi olmalıdır və bu mənafe xalq qarşısında cavabdehlik hissinə tabe edilməlidir. Saxta təriflər, şişirtmə qiymətlər isə nə əsl ədəbiyyata gərəkdir, nə də xalqa!"

Əlbəttə, indiki tərifnamələr və məqsədli tənqidlər bolluğunda Aydın Məmmədov kimi alimlərin, ziyalıların yeri görünür. Görünür, məhz belə dürüst, işıqlı fikirlərinə görə bu fərqli adam haqqında yazılanların hamısında adına - Aydın xarakterinə işarə var. Onun haqqında türkoloq alim Tofiq Məliklinin "Aydın bir insan", yazıçı Aqil Abbasın "Peyğəmbər ola bilməyən Aydın", Rəşad Məcidin "Aydın Məmmədovsuz qırx gün" yazılarından məhz bu ümumi ideyanı görmək, duymaq olur. Hər kəs onun işıqlı xarakterindən, nurlu obrazından danışır. Və Xalq yazıçısı Anar "Aydın surəti" yazısında bunu bir az da böyüdüyü ailə ilə, doğulduğu torpaqla bağlayır:

"Ölümündən sonra Aydını bütün xalq - Azərbaycan xalqı öz oğlu, istəkli, ağıllı-kamallı balası saydığını dərk etdi. Mirsaleh kişinin bizə dediyi sözlər çox adi, çox sadə, ona görə də çox təbii və səmimi sözlər idi:

- Heç bilməzdim ki, Aydını bu qədər sevirlərmiş. Azərbaycanın hər yerindən adamlar axın-axın gəlir, məktublar, teleqramlar, güllər...

Aydının məzarı başında durmuşuq. Məzarın üstü bütün Azərbaycandan axıb gəlmiş güllər, dəmətlər, çələnglərə qərq olub. Bir tərəfdə füsunkar gözəlliyə malik olan Marxal yaylağı - Aydın buranı çox sevərdi. "Marxal"ın qədim türk sözü olduğunu da mən ilk dəfə Aydının dilindən eşitmişəm. O biri tərəfdə dəli-dolu Kiş çayı, Kiş kəndi, kiçik həyət, qəribsəmiş bir ev - itirdikləri oğlun dərdini səssiz-səmirsiz, içindən yanayana, yanıb qovrula-qovrula çəkən iki qoca ata-ana. Hər tərəfdə - qarlı dağlar başında, sıx ormanlıqlarda, qədim Şəkinin təkrarsız küçələrində, Bakının, Qarabağın, Azərbaycanın hər yerində məhəbbətlə, hörmətlə, minnətdarlıqla, yanğıyla anılan bir ad - Aydın Məmmədovun adı. Aydının bütün Vətən torpağımızı dolaşan ruhu. Yaddaşlarımızda, qəlblərimizdə, talelərimizdə yaşayan işıqlı surəti. Aydın surəti".

Aydın Məmmədovun özü kimi, yaşadığı həyat kimi, ölümü də qəribə, mistik oldu. Filoloq alim, millət vəkili Dilarə Əliyeva ilə birgə avtomobil qəzasında həyatını itirdi. Əlbəttə, bu, Aydın Məmmədovun yaxınları üçün, millət üçün qəfil və dəhşətli itki idi. O zaman Ramiz Rövşən "Tabut" şeirində bu ağrını ifadə etdi və elə indi də şeiri oxuyanda dərdin ağırlığından yerə girir adam:

Hamı quruyacaq getdiyi yerdə,

sən axı onlara nə deyəcəksən?!

Bəlkə, bu dünyayla bir ayrı dildə

Danışıb dərdləşmək istəyəcəksən.

Heç kəs qanmayacaq dilini onda,

danışıb, danışıb yorulacaqsan.

Təzədən çatacaq ölümün onda,

təzədən tabuta qoyulacaqsan.

Sus daha!.. Susmağı öyrən bu başdan,

bəxtinə yazılıb bu sükut axı.

Nəyinə lazımdı hansı ağacdan,

kəsilib-düzəlib bu tabut axı.

Gedər əsə-əsə bu qara tabut,

qorxma, səni yolda salıb itirməz.

Yüz il bar gətirsə bu qara tabut,

bir də səndən gözəl meyvə bitirməz.

Kim bilir, nələr yaza, nələr danışa, daha hansı unudulmaz söhbətlərin istinad nöqtəsi ola bilərdi daha çox yaşasaydı. Ölüm haqdır, amma tez gedən, yeri boş qalan yaxşıların yeri həmişə görünür. Beş il öncəki tədbirdə onu da öyrənmişdim ki, Aydın Məmmədovun nəvələri, babasının adını daşıyan Aydın 655 balla Bakı Dövlət Universitetinə, kiçiyi Ümid isə 600-dan yuxarı balla Neft Akademiyasına daxil olub. Təbiətin "dincəlmək" qanununa inanmıram və elə bu təsəlli ilə, həyatın davam etməsi, elə Aydın Məmmədovun da ardının, davamının olması inamı ilə böyük dilçi alimin yubileyinə həsr etdiyim yazının son nöqtəsini qoyuram. (Pərvin, 525.az)

AzNews.az