- Mədəni adam
- 6 Fevral 2019 17:47
- 2 486
Nabokovun “Edama dəvət” romanı haqqında

Əsərin strukturu çox sadədir, ancaq yazıçı hər şeyi ustalıqla hesablayıb...
AzNews.az Artkaspi.az-a istinadən Ramil Əhmədin "Nabokovun dəvətnaməsi" adlı yazısını təqdim edir:
Bilirəm, ayda ən azı iki-üç toya, ad gününə, "əsgərgetdi”yə, nişana dəvət edirlər sizi. Şikayətlənirsiniz. Bunlar azmış kimi bir də iş görüşləri, tədbirlər, yubileylər, iclaslar. İroniyasız, yumorsuz, ciddi-ciddi soruşuram: bəs sizi edama dəvət edən olubmu? İnkvizisiyanın ağalığı dövründə geniş kütləni edama dəvət etmək indiki toya, ad gününə, tədbirə çağırmaq kimi adi bir şey idi. Qəribədir, dünyanın bu vaxtında da heç adama belə bir dəvətnamə göndərərlər?! Bəli, bəli... Cənab Nabokovun dəvətnaməsində beləcə də yazılmışdı: "Edama Dəvət".
Qulaq asın:
"Edama dəvət" Nabokovun ən çox şifrələnmiş, dərin ironiyası ilə fərqlənən romanlarından biridir. Əsərin strukturu çox sadədir, ancaq yazıçı hər şeyi ustalıqla hesablayıb. Romanın qəhrəmanı (bəlkə, qurbanı?) xəyali bir kənddə həbs olunan Sinsinnat S.-dır. Edama məhkum olunan Sinsinnat hücrəsində oturub ölüm gününü gözləyir. Təkidlə nə vaxt edam olunacağını soruşsa da, bu barədə ona heç nə deyilmir. Beləliklə, Sinsinnat hücrəsində ölümü gözləyə-gözləyə hər gün yavaş-yavaş ölür. Onun nəyə görə edama məhkum olunması isə açıqlanmır. İyirmi fəsildən ibarət romanda hadisələr əsasən Sinsinnat S.-nin hücrəsində vaqe olur. Kitabı oxuyub qurtarandan sonra anlayırsan ki, Sinsinnatın yeganə günahı başqaları kimi düşünməməyidir...
Sağ qalmaq üçün heç biri çıxış yolu olmayan Sinsinnat ölümdən qorxmur. Onun üçün edam vaxtının açıqlanmamağı ölümdən daha ağırdır. O, hər gün ölümlə yox, ölümün qorxusuyla mübarizə aparır. Sinsinnat bu qapalı məkandan yalnız kitablar və xəyalları ilə çıxa bilir. O, planlaşdırdığı yazıya başlamaq istəyir. Ancaq bilmir ki, bu yazıya başlamağa dəyər, yoxsa yox? İstədiyini yazmaq üçün vaxtı çatacaqmı? Bəlkə, elə sabah edam olundu? Bəs belə olmasa? O zaman da yazmağa başlamadığı üçün peşmanlıq duyğusu ondan əl çəkməyəcək.
Nabokov Dostoyevskinin yazıçı yox, jurnalist olduğunu deyirdi. Mühazirələrində Dostoyevskiyə olan ironiyası bu romanda da özünü göstərir. Həbsxana işçilərinin adı – müdir (Rodrig), növbətçi (Rodion), vəkil (Roman) və cəllad Müsyo Pierre (yəni Pyotr Petroviç) – "Cinayət və Cəza" romanının obrazları ilə paralelləşir.
"Edama dəvət" özündən əvvəlki bir sıra mətnləri xatırladır. Məsələn; Kafkanın "Məhkəmə"sindəki Yozef K. kimi Sinsinnat S.-də günahının nə olduğu bəlli deyil; "Edama dəvət"dəki həbsxana yenə Kafkanın "Qəsr"ini yada salır. Nabokov isə iyirmi il sonra romana yazdığı ön sözdə onu bir çox yazıçılardan təsirləndiyini deməklərinə baxmayaraq, qətiyyən bu mətnlərlə bağlantısı olmadığını bildirir. Yazıçı "Məhkəmə" və "Qəsr" ilə onun ruh yaxınlığı olmadığını, əgər bir ruhdaş seçmək lazım olsaydı, Corc Orueli seçərdim deyə qeyd edir. Sinsinnatı istər Yozef K. kimi, istərsə də bir müqəddəs kimi başa düşmək olar. Ancaq burada əsas məsələ hekayədən daha çox, hekayənin necə nəql olunmasıdır.
Əsərin əvvəlində Delalandedən, – "Bir dəlinin özünü Tanrı hesab etməsi kimi, biz də özümüzü ölümlü hesab edirik", – sitat verilib. Bəs kimdir bu Delalande? Bəlkə, Nabokov bütün adları çəkilən yazıçılardan yox, məhz Delalandedən təsirlənib? Ancaq bu da Nabokovun oyunlarında biridir. Belə bir yazıçı yoxdur, onu Nabokov uydurub. Bununla yazıçı romanda heç kəsdən izlər olmadığınamı eyham vurur, yoxsa əsərin başdan ayağa uydurma olmasınamı?..
Nə vaxtsa belə bir pritça oxumuşdum ki, Leonardo da Vinçi "Məxfi axşam” tablosunu çəkəndə İsa timsalında xeyri, İblis surətində isə şəri çəkmək istəyirdi. O, kilsə xorunda oxuyan bir oğlana baxıb İsanın rəsmini çəkir. İndi isə qalır "şeytanı" tapmaq. Tablo üzərində işlər uzanır. Bir gün o, çirkab içində olan bir nəfəri emalatxanasına gətirib iblisin rəsmini çəkir. Sonra isə məlum olur ki, Leonardo illər öncə məhz bu oğlana baxıb İsanın şəklini çəkmişdi. Məncə, bu, bir insanın həm müqəddəs, həm də şeytan olması fikri haqqında ən yaxşı hekayədir. "Edama dəvət" romanında da belə bir məqam var. Edamı icra edəcək şəxs Sinsinnata məhkum kimi təqdim olunur və müdir onların dost olmalarını istəyir. Həbsxana müdiri cəlladla (Müsyo Pierre) məhkumu (Sinsinnat) bir-birlərini sevməyə məcbur edir. Hələ cəllad Sinsinnata məhz ona görə həbs olunduğunu deyir. Guya ki, o, Sinsinnatı buradan qaçırmaq istəyirmiş, bu səbəbdən də onu həbs ediblər. Sonra Müsyo Pierre tez-tez Sinsinnatın kamerasına gəlir. Bir dəfə onlar şahmat oynayırlar. Sinsinnat cəlladına qalib gəlsə də, o, cığallıq edir, fiqurları geri qaytarır. Nəticənin necə əldə olunmasından aslı olmayaraq cəllad məhkumu mat edir...
Əsərin oxucuya təlqin etdiyi fikirlərdən biri də hər şeyin öz mənasını itirməsi ideyasıdır. İnsan ölümü kinodan, teatr tamaşasından heç nəyi ilə fərqlənmir. Necə ki, insanlar bilet alıb kinoya, teatra gedirlər, eləcə də kiminsə ölümünü görmək üçün maraqla toplaşırlar, televiziyada, internetdə cinayət hadisələrinə film kimi baxırlar. Filmdəki əsas obrazın "ölümü" izləyicini sirkələsə də, kütləvi insan ölümlərini adi xəbər kimi oxuyur, terror qurbanı olan minlərlə insanın faciəsinə biganə yanaşır. Romanda bugünkü həyatımızda olduğu kimi canlı və cansız anlayışları arasındakı sərhədin itdiyini görürük. İnsanlar edamı izləmək üçün sanki hansısa tədbirə, toya, ad gününə çağırılırmış kimi dəvət olunurlar... Sinsinnat yaxşı başa düşür ki, həbsxana qaydalarına riayət özündən imtina etmək deməkdir. Həbsxanadakı yeməklərdən qəbul etməyən Sinsinnat bununla düşdüyü mühitə bir növ etiraz edir. Ancaq yad mühitdə özünü qoruma instinkti işə düşür, o, yavaş-yavaş ictimai rəyə tabe olur, zamanla bu rejimə uyğunlaşmağa başlayır: əvvəllər ona müəmmalı gələn gecə səslərini aydınca eşidir, qaranlıq hücrəsində rahatca hərəkət etməyi öyrənir.
Nabokovun Sinsinnatı, əslində, iki adamdır. Sinsinnatın daxilində əks qütblərdə dayanan, bir-biri ilə heç barışmayan iki şəxs var. Bəzən o adamlardan biri susanda razılaşanda, o birisi üsyan edir. Finalda birinci Sinsinnat sakitcə cəllad kötüyünə baş qoyanda, ikinci Sinsinnat ayağa qalxır, ətrafa toplaşan adamlara baxır. Həmçinin romanı da iki cür oxumaq mümkündür. Birinci, real hadisələr kimi. İkinci, xəyali hadisələr kimi. Çünki bu cür qəribə bir həbsxana, vəkil, cəllad, hökm, – bir sözlə, hər şey Sinsinnatın daxilində, xəyali dünyasında da baş verə bilər. İstər reallıq, istərsə də uydurma kimi oxunmasından asılı olmayaraq nəticə dəyişmir. Ümumən, təkadamlıq kamera, mühakimə edənlə mühakimə olunanın heç cür anlaşa bilməməyi dünyada yadlaşmağa, özgələşməyə işarədir. Elə bil, Sinsinnatı qəfil ona aid olmayan bir pyesin içinə atıblar. O, bu pyesdə nə etməli olduğunu, hətta, pyesin nə barədə olması haqqında heç bir fikri yoxdur. Bu mənada, "Edama dəvət"i insan tənhalığı haqqında bir əhvalat kimi də oxuya bilərik. Əslində, adlardan göründüyü kimi (Rodriq, Rodion, Roman) müdir də, gözətçi də, vəkil də eyni adamlardır. Yazıçı onları təsvir edərkən yalnız qrimlərinə və geyimlərinə görə fərqləndirir. Həyat da belə deyilmi? Bir-birimizi başa düşmürüksə, ətrafımızdakıların adlarının, geyimlərinin fərqliliyinin, hansı vəzifədə olmasının nə mənası? Onlar bizim üçün mahiyyət etibarı ilə eyni adamlardır...
Əsərdə digər maraqlı obraz həbsxana müdirinin qızı Emmidir. Bu qız uşağı həm Nabokova məşhurluq gətirəcəyi, həm də nüfuzlu mükafatlar qazanmasına maneə olacağı, dəfələrlə senzuraya məruz qalacağı hələ doğulmamış "Lolita"nın baş qəhrəmanının "ilk modeli”dir. Sinsinnata aşiq olan, onu qaçırıb evlənmək istəyən balaca Emmi məhbusu ümidləndirir. Onu qaçmağa razı salır, ancaq Sinsinnatı atasının yanına gətirir... Məhkum anlayır ki, belə bir sistemin çərçivəsindən kənara çıxmaq mümkün deyil, buna cəhd etmək də lazımsız bir işdir. Bu dairədən çıxış yolu tapmaq, buna ümid bəsləmək yalnız məhbusun vəziyyətini ağırlaşdırır. Sinsinnat gözətçi tərəfindən başqa bir dünyadan qoparılıb həbsxanaya atılan kəpənək kimidir. O, bu dünyada yad, aciz və köməksizdir.
Romanı oxuyub qurtarandan sonra hər gün mağazalarda, avtobuslarda qarşımıza çıxan "İtən əşyalara görə məsuliyyət daşımırıq" cümləsi yadıma düşdü. Elə bu dünya da romanda olduğu kimi bizim ölümümüzə və itirdiklərimizə görə məsuliyyət daşımır. Bəlkə, elə deyil?
AzNews.az