Sona xanım Hüseyn Cavid irsini dünyada tanıdılması yolunda böyük zəhmət çəkən, ləyaqət nümunəsi göstərən bir aydındır Sona xanım Hüseyn Cavid irsini dünyada tanıdılması yolunda böyük zəhmət çəkən, ləyaqət nümunəsi göstərən bir aydındır

İstanbulda Sona Vəliyevanın "Yurt sevdası" kitabının təqdimatı oldu - FOTOLAR

Sona xanım Hüseyn Cavid irsini dünyada tanıdılması yolunda böyük zəhmət çəkən, ləyaqət nümunəsi göstərən bir aydındır

Noyabrın 3-də 38-ci İstanbul Beynəlxalq Kitab Fuarında filologiya elmləri doktoru, şair, yazıçı, publisist Sona Vəliyevanın "Yurt sevdası" kitabının təqdimatı olub. 2019-cu ildə Türkiyənin "Zəngin yayıncılık" nəşriyyatı tərəfindən beş min tirajla çap olunan kitabın tərcüməçisi şair-yazıçı Yurtsevən Şəndir. Kitabda Sona Vəliyevanın Qarabağ, vətən, sevgi, millətə inam aşılayan mövzularda, eləcə də ayrı-ayrı fəlsəfi, həyati məzmunlu 100-dən çox sərbəst və heca janrında qələmə aldığı şeirləri yer alıb.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn tədbiri açıq elan edib qonaqları, oxucuları salamladıqdan sonra S.Vəliyevanın yaradıcılığı haqqında danışıb: "S.Vəliyeva çoxşaxəli yaradıcılığa malik ədibdir. O, Soltan Dadaşov, Əzim Əzimzadə haqqında kultroloji, Əlimərdan bəy Topçubaşov, İsmail bəy Qaspıralı barədə publisistik, Hüseyn Cavid, Məmməd Araz və s. söz adamlarından bədii, elmi məqalələr qələmə alıb. Eyni zamanda S.Vəliyeva Həsən bəy Zərdabinin həyat yolunu başdan sona canlandıran "İşığa gedən yol" adlı roman yazıb ki, həmin əsər Azərbaycanda və Rusiyada nəşr edilib, hər ölkənin ədəbi elitası bu əsəri yüksək qiyməyləndirib. Əsər ölkəmizdə Mətbuat Şurasının Ali Media Mükafatının birinci dərəcəsini qazanıb, eyni zamanda Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatının nəsr nominasiyası üzrə qalibi olub. Sona xanım elmi fəaliyyətində də uğurlar əldə edib, onun Azərbaycançılıq haqqındakı əsərləri – "Azərbaycançılıq ədəbi-estetik təlim kimi" və "Milli Dövlətçilik hərəkatının yüksəlişi və xalq cümhuriyyəti dövründə azərbaycançılıq ideologiyası" kitabları dövlətçilik tarixinin mədəniyyət və ədəbiyyatdakı milli ideologiyanın şərhi baxımından əhəmiyyətli və aktual araşdırmalardır. Eyni zamanda Sona xanım Hüseyn Cavid irsinin araşdırmaçısıdır, "Hüseyn Cavid sənətinin qüdrəti", "Hüseyn Cavid ədəbi irsinin poetikası" adlı elmi əsərlər, monoqrafiyalar yazıb. Ötən il "Hüseyn Cavid ədəbi irsinin poetikası" mövzusunda elmi iş müdafiə edən Sona xanım filologiya elmləri doktoru adına layiq görülüb. Yaddaş üçün deyim ki, o, həm də "Hüseyn Cavid – 135", "Hüseyn Cavid – Vətənə qayıdış" kitablarını nəşrə hazırlayıb. Sona xanım Hüseyn Cavid irsinin Türkiyə, İran, Özbəkistan, Qırğızıstan və başqa ölkələrdə nəşr etdirilməsi üçün də əlindən gələni əsirgəməyib, indiyə qədər ölkəmizdə və onun hüdudlarından kənarda dahi ədibin yaradıcılığına həsr edilən onlarla beynəlxalq konfranslara qatılıb. Bu gün Sona xanım bu kitabın təqdimatına üzrlü səbəbdən qatılmayıb, çünki Özbəkistanın Xivə şəhərində Xarəzm Universitetində Hüseyn Cavidə həsr olunmuş konfransda məruzəçidir.

Sona xanımın İngiltərə, Serbiya, Polşa, İran, Rusiya, Gürcüstan, Özbəkistan və sair ölkələrdə kitabları tərcümə olunaraq nəşr edilib, həmçinin əsərləri haqqında 300-dən çox elmi, publisistik məqalələr yazılıb, həmin yazılar "Zaman xəbərsiz ötdü", "Bitməyən söz", "Ruhun yaddaşı" kitablarında cəm olub. Sona xanımın "Dünya Tanrı biçimdədir" adlı bir kitabı var: Orada şeirlərin mövzu üzrə bölgüsü belədir: "Tanrı", "Söz", "Dünya", "İnsan", "Vətən". Bildiyiniz kimi, əvvəl Tanrı vardı, sonra Tanrı "Ol" dedi dünya yarandı, sonra insanlar, nəhayətdə də Vətən anlayışı yarandı. Həmin kitab quruluşu və mahiyyəti etibarı ilə sanki dünyanın yaradılış alqoritminin poetik inikasıdır. Bu gün Türkiyə türkcəsində yayımlanan "Yurd sevgisi" kitabı da eynən mövzu baxımdan belə rəngarəngdir. İnanırıq ki, bu kitab daha geniş oxucu kütləsinə qovuşacaq, rəğbətlə qarşılanacaq. İndiyə qədər Sona xanımın "Türkün gəlişi", "İşığa gedən yol", "Bu dünya görüş yerimiz" adlı kitabları da Türkiyə türkcəsində yayımlanıb, bu sıraya daha bir kitabın əlavə olunması da sevindirici haldır".

Daha sonra Azərbaycanın İstanbuldakı Baş konsulu Mənsim Hacıyev Azərbaycanın İstanbul Kitab Fuarındakı uğurlu fəaliyyətindən söz açdı və təqdimatı keçirilən "Yurd sevgisi" kitabı haqqında ətraflı danışdı.

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver maraqlı nitqi ilə yadda qaldı: "Hörmətli xanımlar və cənablar, bu gün biz Azətbaycan ədəbiyyatının aydınlıq üzünün göstəricisi olan bir tədbirdə iştirak edirik. Qədim tarixə və çoxəsrlik ənənələrə söykənmiş Azərbaycan ədəbiyyatının yeni və dəyərli nümunələrini kitab halında 38-ci İstanbul Fuarında Türkiyəli oxuculara təqdim edilməsinə şahidlik edirik.

Sona xanım həm də Hüseyn Cavid irsini dünyada tanıdılması yolunda böyük zəhmət çəkən, ləyaqət nümunəsi göstərən bir aydındır. Az əvvəl Fərid bəy Sona xanımın şeirlər kitabının quruluşunu dünyanın yaranışı ilə müqayisə elədi, icazənizlə mən də onun məhz aləmlərin bərqərar olunması haqqındakı gözəl bir şeirini sizlərə oxumaq istəyirəm:

Yer üzü bomboş idi.

Mənim qəlbim kimi...

Tanrı "OL" dedi.

Sən qarşıma çıxdın...

Mən sən "OL"dum,

Sonra meşələr,

dağlar,

dənizlər,

hər şeylər "OL"du,

Beləcə

dünya yarandı...

Doğurdan da, kiçik həcmli bir şeirdə dünyanın yaranışı haqqında dərin bir fəlsəfi dünyagörüş ifadə olunub. Əziz tədbir iştirakçıları, madam ki, sözümüzü şeirlə açmışıq, elə Sona xanımın sevdiyim "Şeirin rəngi" adlı bir poetik nümunəsi ilə də tamamlayım:

Bu gecə

şeirin rəngini gördüm.

Tanrı şeiri

ağappaq işıq rəngində,

ağappaq yolla,

ağappaq təbəssümlə

göndərmişdi.

Hər sətir ağappaq

işıq saçan közdü...

İçimə dolduqca

yol göründü, yol açıldı.

Sonra o yolla söz

doğuldu,

söz yarandı.

Söz vərəqin

Üzünü ağartdı,

sonra, sonra

şeir sözü

rənglədi,

cilaladı...

Sözdən

ağappaq almaz,

yarandı,

asıldı könlümüzdən,

gözəlləşdi içimiz.

Olanlar, qalanlar,

qürbətlər, ayrılıqlar,

sevib unudulanlar,

kədərdən ağlayanlar,

ağappaq işıqla

boylandılar şeirdən.

Tanrı sətir-sətir

Yeni doğulmuş

körpə kimi

gülümsündü üzümüzə,

göndərdiyi

işıq töhfəsindən,

ağappaq şeirdən...

Var olsun, Sona xanım və onun poetik varlığı. Təşəkkür edirəm".

Sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov çıxış edib. A.Cəfərov qeyd edib ki, hər il olduğu kimi bu il də İstanbul Kitab Fuarında Azərbaycan kitabına olduqca böyük diqqət var. Stendimizi ziyarət edən çoxsaylı oxucular Azərbaycan müəlliflərinin əsərləri ilə maraqlanır və əldə edirlər. "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi əsasında Türkiyə türkcəsinə çevrilən çoxsaylı nəşrlər stendimizə olan böyük marağı daha da artırıb. Builki fuarda biz Nizami Gəncəvinin "Xəmsə"sinin, İmaddədin Nəsiminin "İraq divanı" kitablarının da təqdimat mərasimini də keçirdik. Nəfis şəkildə nəşr edilən bu kitablar Türkiyə oxucusu tərəfindən rəğbətlə qarşılandı və layiq olduğu qiyməti gördü. Bu gün də növbəti bir kitabın – "Yurd sevgisi"nin təqdimat mərasiminə toplaşmışıq. Stendimizdəki nəşrlərə, keçirdiyimiz tədbirlərə olan maraq arzulanan səviyyədə olması bizi sevindirir".

Daha sonra maraqlı fikirləri ilə Mərmər Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin İnsan Hüquqları Platformasının rəhbəri Müjgan Akkar düşüncələrini bölüşdü: "Sona xanımın yaradıcılığı haqqında bir neçə məqalə qələmə almışam. Bir az əvvəl "Yurd sevgisi" kitabını oxuyarkən nəşrin arxa qapağında Sona xanım haqqında gözəl fikirlərə rast gəldim. "Kitabi-Dədə Qorqud’’dan, "Koroğlu”dan, Nizami Gəncəvidən, İmaddədin Nəsimidən müqəddəs miras qalan poetik dünyanın davamı kimi üzərinə düşən vəzifəni Sona xanım yaradıcılığında layiqincə davam etdirir. Ürəyində və genlərində yetişən ilham ağacının meyvələrini o, bu kitabı ilə bir daha oxucuların diqqətinə çatdırır. Sona xanımın türkçülük haqqındakı şeirlərinə hamımız yaxşı bələdik. Amma eyni zamanda onun qadınlara həsr etdiyi gözəl şeirləri var. Qadını qadından yaxşı kim anlaya bilər ki?! Mən onun "İçindən talanan qadın" şeirindən son bir neçə misranı oxumaq istəyirəm:

"Güclüsən" deyə-deyə

gücünü aldılar,

qadın olduğun üçün

dözümündən asdılar.

Dözəcəksən balan üçün,

"el nə deyər" üçün dözəcəksən,

başqasını bir də

belə sevə bilmədiyin

üçün,

dözəcəksən sonacan,

ölüm qapıdan

girənəcən

dözəcəksən, dözəcəksən

qadın olduğun

üçün dözəcəksən.

Qadınları anlamaq üçün mən bu cür dəyərli şeirləri yüksək qiymətləndirir və onları bu yolda gözəl vasitə hesab edirəm. Çox sağ olun".

Daha sonra kitabın tərcüməçisi Y.Şən fikirlərini bölüşdü: "Azərbaycan coğrafiyası türk milləti üçün tarix boyunca ən ağrılı bölgələrdəndir. Azərbaycan daim türklüyü yüksək səslə dünyaya çatdırıb. Sona Vəliyevanın atalarımızdan qalan bu müqəddəs mirasa sahib çıxmaq istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, onun şeirlərində vətən eşqi, insana və türk qadınına olan sevgisi, kövrək hisslərlə oxuculara çatdırılır. Sona xanım Azərbaycan ədəbiyyatımın zənginlikərini öz qəlbində daşıyır, onları şeirə çevirir, eyni zamanda onun poetik dili büllur kimi təmizdir. Kitabı böyük zövqlə Türkiyə türkcəsinə uyğunlaşdırdım və mənimçün belə bir iş görmək böyük şərəf oldu".

Daha sonra "Zəngin yayıncılıq" nəşriyyatının direktoru Sevinc Fırat çıxış etdi: "Sona xanımın kitabını "Zəngin yayıncılıq" nəşriyyatı olaraq biz böyük zövqlə, sevə-sevə yayımladıq. Kitabda Vətən sevgisinə, Qarabağ probleminə həsr edilmiş təsirli şeirlər var. Eyni zamanda Sona xanımın valideynlərinə həsr etdiyi şeirlər həssas qələmin ifadəsi kimi çox maraqlıdır".

Təntənəli şəkildə keçirilən təqdimetmə mərasimində kitaba olan diqqət, ziyalıların və Türkiyə ədəbiyyatçılarının, elmi elitasının fikirləri bu nəşrin türk oxucusu tərəfindən yüksək rəğbətlə qarşılandığını göstərdi.

Tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulluğun əməkdaşları, ziyalılar, Türkiyədə yaşayan azərbaycanlılar və çoxsaylı türkiyəli oxucular iştirak ediblər.

Qeyd edək ki, "Zəngin yayıncılık” nəşriyyatı indiyədək 50-yə yaxın Azərbaycan müəllifinin kitablarını Türkiyə türkcəsinə uyğunlaşdıraraq, "Azərbaycan kitabını dünyada tanıdaq" layihəsi çərçivəsində kütləvi tirajla çap edib. Xatırladaq ki, bu layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir.

Xatırladaq ki, noyabrın 10-dək davam edəcək sərgidə ölkəmiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı Baş Konsulluğumuzun dəstəyi ilə iki xüsusi stendlə təmsil olunur. Beynəlxalq salondakı milli stend 4, "Zəngin yayıncılık" nəşriyyatı vasitəsilə təşkil olunan "Azərbaycan" stendi isə 9 gün müddətində fəaliyyət göstərəcək. Azərbaycan bölməsində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və yerli nəşriyyatlar tərəfindən çap olunan ölkəmizin tarixini, mədəniyyətini, multikultural dəyərlərini və dövlətçilik ənənələrini əks etdirən 300 adda, 600 nüsxədən çox nəşr sərgilənir. Eyni zamanda, tədbirdə Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi çərçivəsində türk dilinə çevrilən 45 adda Azərbaycan ədəbiyyatı da ziyarətçilərə təqdim edilir.

Azərbaycan bölməsində, həmçinin "Kaspi nəşrləri" seriyasından ümummilli lider Heydər Əliyevə, Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyat xadimlərinə həsr olunan kitablar da sərgilənir. Azərbaycan və türk dillərində olan bu nəşrlər də ziyarətçilər tərəfindən maraqla qarşılanır. Bu kitablar "Kaspi" qəzeti və "Kaspi" Təhsil Şirkəti tərəfindən nəşr edilib. (artkaspi.az)