99-CU OSKAR MÜKAFATI ÜZRƏ SEÇİM KOMİTƏSİ İŞƏ BAŞLAYIR

Azərbaycanlı kinorejissorlar üçün dəvət – 99-cu Kino Akademiyası Mükafatları (Oskar) – “Beynəlxalq Bədii Film” kateqoriyası üzrə film təqdimatı

Azərbaycan Kinematoqrafçılar İttifaqı 99-cu Kino Akademiyası Mükafatlarının “Beynəlxalq Bədii Film” kateqoriyası üzrə Azərbaycanın rəsmi seçimini müəyyən etmək üçün film təqdimatlarını qəbul edir.

Milli seçim üçün təqdimatın son tarixi: 15 iyul 2026-cı il.

Azərbaycan Seçim Komitəsi “Beynəlxalq Bədii Film” mükafatı üçün ölkənin rəsmi təqdimatı olaraq bir film seçəcək.

Uyğunluq tələbləri

• Müddət: Film tammetrajlı olmalıdır (40 dəqiqədən artıq).

• İstehsal ölkəsi: Film ABŞ-dan kənarda, konkret olaraq Azərbaycanda istehsal olunmalıdır.

• Dil: Filmin orijinal dialoq səs yazısı və hazır filmin özü əsasən (50%-dən çox) ingilis dilindən fərqli dildə və ya dillərdə olmalıdır. Dəqiq və oxunaqlı ingilis dilində altyazı tələb olunur.

• Janr: Bədii, animasiya və sənədli filmlər qəbul olunur.

• Yaradıcı nəzarət: Film üzərində yaradıcı nəzarət əsasən Azərbaycan vətəndaşlarının, sakinlərinin və ya Azərbaycanda qaçqın yaxud sığınacaq statusu olan şəxslərin əlində olmalıdır.

• Kino nümayişi: Film Azərbaycanda ilk dəfə 1 oktyabr 2025-ci il və 30 sentyabr 2026-cı il tarixləri arasında nümayişə çıxmalı və kommersiya kinoteatrında ən azı yeddi ardıcıl gün göstərilməlidir.

• Reklam: Kino nümayişi kinoteatr prokatı üçün adi və qəbul olunmuş qaydada reklam edilməli və kommersiya baxımından istismar olunmalıdır. Bunu təsdiq edən materiallar təqdim olunmalıdır.

• Əvvəlki nümayiş: Kvalifikasiya kino nümayişindən əvvəl hər hansı versiyada qeyri-kino formatında ictimai nümayiş və ya yayım almış filmlər uyğun deyil. Bura efir və kabel televiziyası, ödənişli baxış/VOD, DVD və ya striminq yayımı, təyyarədaxili nümayiş və internet vasitəsilə ötürmə daxildir.

• Festival nümayişləri: Film festivallarında nümayiş kvalifikasiya kino nümayişi hesab edilmir.

Filmlər 99-cu Kino Akademiyası Mükafatlarının digər uyğunluq qaydalarına da riayət etməlidir. Kino Akademiyası Mükafatlarının qaydalarına keçid əlavə olunur (ZƏHMƏT OLMASA, QAYDALARI TAM OXUYUN).

Akademiyanın qaydaları və materialları:

99-cu Kino Akademiyası Mükafatları – “Beynəlxalq Bədii Film” mükafatının qaydaları (ingilis dilində)

“Beynəlxalq Bədii Film” üzrə təqdimat tələbləri siyahısı (ingilis dilində)

Kino Akademiyası Mükafatlarının qaydaları və uyğunluq şərtləri, o cümlədən Kampaniya üzrə Təşviqat Qaydaları (ingilis dilində)

Milli seçim üçün tələb olunan materiallar

• İngilis dilində altyazılı film linki (skriner)

• Yüksək keyfiyyətli tanıtım fotosu (300 dpi, üfüqi, mətnsiz və logosuz)

• Elektron Mətbuat Paketi (EPK)

• Kvalifikasiya kino nümayişini təsdiq edən sübut (kinoteatr, nümayiş tarixləri və dərc olunmuş reklamlar)

AKADEMİYAYA TƏQDİMAT

1. Hər bir ölkə və ya region Akademiyaya özünün ən yaxşı filmini təqdim etməyə dəvət olunur. Seçim təsdiq edilmiş bir təşkilat, münsiflər heyəti və ya komitə tərəfindən aparılmalıdır; onun üzvlərinin ən azı 50%-i kino sahəsində çalışan sənətkarlar və/və ya peşəkarlar olmalıdır. Komitə üzvlərinin siyahısı Akademiyaya ən geci 14 avqust 2026-cı il tarixinədək təqdim olunmalıdır. İlk dəfə təqdimat edən və ya son beş ildə təqdimat etməmiş ölkələr növbəti (100-cü) mükafat ilində iştirak hüququ əldə etmək üçün komitə üzvlərinin siyahısını və müraciət materiallarını 31 dekabr 2026-cı il tarixinədək Akademiyanın təsdiqinə təqdim etməlidirlər.

2. Hər ölkə və ya regiondan rəsmi seçim kimi yalnız bir film qəbul ediləcək. Seçilmiş film Akademiyaya mümkün qədər tez təqdim edilməlidir.

Akademiyaya təqdim olunacaq materiallar (ən geci 30 sentyabr 2026-cı il, çərşənbə, saat 17:00 PT):

• “Beynəlxalq Bədii Film” üzrə imzalanmış müraciət formasının skan edilmiş surəti

• Aktyor və yaradıcı heyətin tam titrləri (ekranda göstərildiyi kimi başlanğıc və son titrlər, ingilis dilində)

• Rejissorun bioqrafiyası (ingilis dilində) və fotosu

• Yeddi günlük kino nümayişini təsdiq edən dərc olunmuş reklamlar

• Akademiyanın onlayn baxış platforması (Academy Screening Room) üçün striminq faylı, ingilis dilində subtitr (closed caption) faylı və üfüqi poster

• İngilis dilində sabit (burned-in) altyazılı, şifrə ilə qorunan təhlükəsiz film linki

Qısa siyahıya daxil olan filmlər qısa siyahı elan edildikdən sonra filmin ingilis dilində altyazılı bir 35 mm və ya 70 mm lent nüsxəsini, yaxud bir DCP nüsxəsini təqdim etməlidirlər.

SƏSVERMƏ

“Beynəlxalq Bədii Film” nominasiyaları iki mərhələli səsvermə ilə müəyyən olunur:

• İlkin mərhələ: Akademiyanın aktiv və ömürlük üzvləri bu mərhələdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. İştirak edən üzvlər təqdim olunmuş uyğun filmlərdən müəyyən minimum sayda filmə baxmalıdırlar. Gizli səsvermədə ən çox səs toplayan 15 film qısa siyahıya daxil olur.

• Nominasiya mərhələsi: Qısa siyahıdakı 15 filmin hamısına baxmış üzvlər ən çox beş filmə səs verirlər. Ən çox səs toplayan beş film namizəd olur.

• Final mərhələsi: Yalnız beş namizəd filmin hamısına baxmış aktiv və ömürlük üzvlər səs verə bilərlər.

• Oskar heykəlciyi filmə verilir və rejissor tərəfindən filmin yaradıcı heyəti adından qəbul edilir. Rejissorun adı heykəlciyin lövhəsində filmin adından və müvafiq hallarda ölkə və ya regionun adından sonra yazılır.

KAMPANİYA VƏ TƏŞVİQAT QAYDALARI

Bütün iştirakçılar həmçinin Akademiyanın Mükafat Kampaniyası üzrə Təşviqat Qaydalarına riayət etməlidirlər və həmin qaydalarda nəzərdə tutulmuş sanksiyalara tabedirlər (oscars.org/oscars/rules-eligibility).

DİGƏR KATEQORİYALARDA İŞTİRAK

• “Beynəlxalq Bədii Film” kateqoriyasına təqdim olunan filmlər həmin kateqoriyaların qaydalarına uyğun olmaq şərtilə 99-cu Kino Akademiyası Mükafatlarının digər kateqoriyalarına, o cümlədən “Ən Yaxşı Film” kateqoriyasına da təqdim oluna bilər.

• Animasiya filmləri “Tammetrajlı Animasiya Filmi”, sənədli filmlər isə “Tammetrajlı Sənədli Film” kateqoriyasına həmin kateqoriyaların qaydalarına uyğun olaraq təqdim oluna bilər.

• 99-cu Kino Akademiyası Mükafatlarında “Beynəlxalq Bədii Film” kateqoriyasına təqdim olunan film sonrakı illərdə digər kateqoriyalarda iştirak edə bilməz; həmçinin həmin film əvvəlki illərdə digər kateqoriyalara təqdim olunmamalıdır.

Təqdimat və əlaqə məlumatı

Uyğun filmlər ən geci 15 iyul 2026-cı il tarixinədək Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Azərbaycan Seçim Komitəsinə göndərilməlidir:

Ünvan: Bülbül prospekti 30, AZ1014, Bakı, Azərbaycan

E-poçt: [email protected]

Seçim prosesi

Müstəqil Milli Seçim Komitəsi təqdim olunmuş bütün filmləri nəzərdən keçirəcək və 2026-cı ilin avqust ayında toplanaraq Azərbaycanın rəsmi təqdimatını müəyyən edəcək. Seçilmiş film ən geci 30 sentyabr 2026-cı il, saat 17:00 PT-dək Kino Sənəti və Elmləri Akademiyasına təqdim olunacaq.

Komitənin formalaşdırılması və fəaliyyəti ilə bağlı tələblər:

• Kino sahəsində ən azı 10 il təcrübəsi olan mütəxəssislər namizəd ola bilər.

• Komitədə yaş, cins, təcrübə, etnik mənsubiyyət və peşə sahələri üzrə balans qorunacaq.

• Komitə üzvlərinin əksəriyyəti kino peşəkarları olmalıdır (Akademiya üzvlərin ən azı 50%-nin kino sahəsində çalışan sənətkarlar və/və ya peşəkarlar olmasını tələb edir).

• Komitə sədr daxil olmaqla ən azı 5 nəfərdən ibarət olmalıdır. Maksimum say məhdudlaşdırılmır.

• Bütün üzvlər Azərbaycan vətəndaşı olmalıdır.

• Komitə üzvlərinin təqdim olunmuş filmlərin heç biri ilə peşəkar əlaqəsi olmamalıdır.

• Üzvlər ardıcıl və ya cəmi ən çox altı il xidmət edə bilər, bundan sonra iki il fasilə verməlidirlər. Fasilədən sonra yenidən Komitəyə qayıda bilərlər.

Namizədlərin müraciətləri sahə mütəxəssisləri tərəfindən qiymətləndiriləcək və təklif olunan Komitə siyahısı təsdiq üçün Akademiyaya təqdim olunacaq. Akademiya siyahını təsdiqlədikdən sonra seçilmiş üzvlərə rəsmi dəvət göndəriləcək.

Filmlərin sayından asılı olaraq, Komitə filmlərə xüsusi nümayişlərdə baxacaq və qiymətləndirmə meyarlarına uyğun olaraq səs verəcək. Baxış prosesi başa çatdıqdan sonra film gizli səsvermə yolu ilə seçiləcək və Akademiyaya təqdim olunacaq.