• Mahal
  • 18 Oktyabr 15:37
  •  1 823

Zəngəzur toponimləri

Amuduq, Anabad , Aracı

Amuduq- Qubadlı rayonu ərazisində dağ. D.D Paqirevin 1913-cü ildə tərtib etdiyi “Qafqazın beşverstlik xəristəsinin adlar göstəricisi” toplusunda hündürlüyünün 4131 fut olduğu göstərilmişdir. Armudlu keçmiş Amuduq kəndinin şərqindədir. Dağın üstündə qədim yaşayış məskənin yeri və təbii istehkamı xatırladan Amuduq adlı məbəd var. Xalq etimaologiyasına görə coğrafi ad Armudluq sözünün təhrifidir. Türkiyədə Van gölünün yaxınlığında Amid qalasının adı ilə eyni mənşəli olması da ehtimal olunur.

Anabad - Qafan rayonunda kənd adı. Xarabalıqları Sav çayının mənbəyinə yaxın Şişgerd kəndindən bir qədər şərqdə yerləşir. D.D.Paqirevin 1913- cü ildə tərtib etdiyi Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi toplusunda bu kənddə mineral su mənbəyinin olduğu göstərilmişdir. Toponim farsca “an” inkar şəkilçisi və “abad” sözlərindən yaranıb abad olmayan , insan yaşamayan mənasına gəlir. Qədim türklərdə ana beyit müqəddəs məzar mənasındadır. Bu toponim Sisyan rayonunun Ağudi kəndində qədim qəbirstanlıq, Qubadlı rayonunda “Anabat yeri” , Laçın rayonunda “Anabat dərəsi” toponimləri ilə eyni mənalıdır. Türkiyədə van gölü yaxınlığında Anabat kəndi , İranda Xorasan yaxınlığında Anabat şəhəri mövcuddur. Kənddə 1897- ci ildə 15 azərbaycanlı, 12 erməni yaşayırdı.XX əsrin əvvəllərində kənd dağıdılmışdır.

Aracı – Zəngəzur silsiləsində Şahbuz rayonu ilə Ermənistan sərhədində dağ. Hündürlüyü 3067 m. 1903-cü ildə tərtib olunmuş Qafqazın hərbi- topoqrafik xəritəsində bu dağın adı Arajiin , başqa bir mənbədə isə Araçin kimi göstərilir.

Ardı var...

Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013