• Mahal
  • 19 Mart 16:08
  •  891

Ucqar kənd abituriyentləri üçün təhsil proqramı: İmtahan stressinin azaldılması üçün təlimlər keçirildi

Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin "Ucqar kəndlərdəki abituriyentlər üçün rəqəmsal təhsil və mentorluq proqramı" təşəbbüsü davam etməkdədir.

Təşəbbüsün fəaliyyət proqramına uyğun olaraq, Beyləqan, Qusar və Lerik rayonlarında növbəti tədbir baş tutub. Tədbiri Birliyin rəhbəri Sevinc Fədai açıq elan edərək, orta təhsil pilləsi üzrə buraxılış imtahanlarına hazırlaşan abituriyentlərlə bu istiqamətdə söhbət aparıb və uğurlar diləyib. O, həmçinin, şagirdləri təşəbbüs proqramının növbəti mərhələləri barədə məlumatlandırıb.

Ardınca peşəkar psixoloq, NLP master Rübabə Mərdanovanın "Stressin idarə olunması” seminarı həyata keçirilib. Seminarda məqsəd həm abituriyentlərin stress səviyyəsinin ölçülməsi, imtahan stressindən azad olmaq üçün yolların təklif olunması, psixoloji təsir texnikalarından istifadə edilib. Psixoloq, eyni zamanda, şagirdlərin özləri ilə harmoniya qurmaq üçün qrup terapiyası keçirib. Seminar təhsil keyfiyyətini yüksəltmək üçün tərtib olunan proqramla vəhdət yaradacaq və uğurun təminatçısına çevrilib.

Daha sonra sosioloq-yazıçı, ADU-nun müəllimi Tural Cəfərov müasir dövrün peşələri və doğru ixtisas seçiminin edilməsi ilə bağlı çıxış edib, bu istiqamətdə abituriyentləri maraqlandıran sualları cavablayıb. Müəllimlər Samirə Gülməmmədova və Gülnar Məhərrəmli onlayn dərslər zamanı apardıqları müşahidələrlə bağlı şagirdlərə öz tövsiyələrini verib, abituriyentlərin imtahanlarda uğurlu nəticə göstərəcəklərinə inandıqlarını bildiriblər.

Tədbir fikir mübadiləsi ilə davam edib, şagirdlər və valideynlərini düşündürən və narahat edən məqamlara aydınlıq gətirilib. Abituriyentlər, həmçinin, təşəbbüs çərçivəsində bilik və bacarıqlarının artmasını, dünyagörüşlərindəki müsbət dəyişiklikləri məmnunluqla dilə gətirərək, bu dəyişikliklərin onların istər şəxsi, istərsə də təhsil həyatına verdiyi töhfədən danışıblar.

Qeyd edək ki, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinə məxsus təşəbbüsü Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Umay Təlim Mərkəzi icra edir.

image description image description image description image description