• Mahal
  • 21 Avqust 2024 14:46
  •  6 692

DSK sədri: “Saaatlıda seçici aktivliyi olacağını gözləyirik”

“66 saylı Saatlı Dairə Seçki Komissiyasında qeydiyyatda olan 50 min 900 seçici 50 məntəqədə səsvermə hüququndan istifadə edəcək. Səsvermə hüququndan ilk dəfə istifadə edəcək 434, o cümlədən seçki günü 18 yaşını tamamlayacaq 5 seçicimiz var”.

Bunu Seçki 2024 Müstəqil Media Mərkəzinə açıqlamasında 66 saylı Saatlı Dairə Seçki Komissiyasının (DSK) sədri Arif Əliyev deyib.

DSK sədri seçki məntəqələrində bütün şəraitin yaradıldığını bildirib: “7 məntəqədə veb-kamera, 24 məntəqədə pandus quraşdırılıb. Bütün məntəqələrdə seçkiqabağı təşviqatın aparılması məqsədilə lövhələr qurulub, qapalı və açıq görüş yerləri ayrılıb. Dairə üzrə mübarizə aparan 7 namizədin hər biri yaradılmış şəraitdən bərabər şəkildə istifadə edə bilir”.

A.Əliyev seçki dairəsində seçki aktivliyinin olacağını gözləyir.

“Əvvəlki seçkilərdə həmişə aktivlik olub. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə də fəallıq olacağını düşünürük. Hətta yaşlı seçicilərimiz də səsvermə hüququndan aktiv şəkildə istifadə edirlər. Dairə üzrə yaşı 100-105 arası olan 6 seçici qeydiyyatdadır. Onlardan ikisinin yaşı 100, ikisinin yaşı 102, birinin yaşı 104, birinin yaşı 105-dir. Yaşı 80-99 olan seçicilərimizin ümumi sayı 655-dir”, - o bildirib.

DSK sədri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçilərinin dairə ərazisində seçkiyə hazırlıq prosesi ilə tanış olduğunu deyib.