• Mahal
  • 13 May 21:53
  •  1 222

Beş ayda iki böyük qalmaqal - İmişlidə icra başçısı yoxdur?

SSRİ bayrağı ilə bağlı qalmaqal bu il İmişli rayonunda baş verən və ictimai rezonans doğuran ilk hadisə deyil.

Teleqraf xatırladır ki, yanvarın 18-də Dövlət Yol Polisinin avtomobili İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində yol kənarında dayanan məktəbliləri vurub. Nəticədə 2 uşaq ölüb. Qəzada ağır yaralanan 1 məktəbli Bakıda Yeni Klinikaya yerləşdirilib və yanvarın 22-də vəfat edib.

Hadisədən sonra bir qrup şəxs əraziyə toplanaraq Yol Patrul Xidmətinin avtomobilini aşıraraq əziblər. Həmin şəxslər hüquq pozuntusu törətməyə cəhd göstəriblər. Yol qəzası ilə bağlı xuliqanlıq hərəkətlərinə görə 14 nəfər həbs olunub. Bunlar Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahibdir. Onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib. Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

İkinci hadisə isə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsidir. Onun hərəkəti sosial şəbəkələrdə böyük müzakirə və narazılığa səbəb olub. Məsələyə münasibət bildirənlər S.Səmədovu SSRİ xiffəti çəkməkdə, Rusiyanın imperializm siyasətinin təbliğatını aparmaqda ittiham ediblər. "Georgi lenti" Moskvanın bu siyasətinin əsas simvollarından biri sayılır.

Artıq Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti toplanıb və məsələyə qiymət verib. İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, hazırda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevdir. O, 5 ildir həmin vəzifədə işləyir.

Elçin Rzayev 1967-ci ildə anadan olub. Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin fevral ayında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində də çalışıb.

2020-ci il may ayının 21-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.