- Mahal
- 11:54
- 1 031
FHN nümayəndəsi: Ağdamda 37 min 154 hektar ərazi minalardan təmizlənib

Ağdam rayonunda 37 min 154 hektar ərazi təmizlənib və 31 min 105 ədəd mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib.
Bunu “Report”un Ağdama ezam olunmuş əməkdaşına açıqlamasında Fövqəladı Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mina Əleyhinə Xüsusi Təyinatlı Hərbi Hissəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayon ərazisindəki minatəmizləmə sahəsinə təşkil olunan mediatur çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Ələkbər Ələkbərov bildirib.
Onun sözlərinə görə, öölkə ictimaiyyəti mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəsliyyətin gedişatı haqqında müntəzəm məlumatlandırılır:
“İşğaldan azad edilmiş ərazilərdə minaların və partlamamış hərbi sursatların, eləcə də müharibənin partlayıcı qalıqlarının təmizlənməsi işlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Təyinatlı Hərbi Hissəsi də fəaliyyət göstərməkdədir.
Məlumat üçün bildirim ki, hazırda Ağdam rayonunda 37 min 154 hektar ərazi təmizlənib və 31 min 105 ədəd mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib.
Bu fəaliyyət zamanı heyətimiz yüksək səviyyədə kurs keçib, ölkə başçısının tapşırığı nəticəsində təmizləmə fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün müasir avadanlıqla təchiz olunub. Ərazilərin təmizlənməsində mexaniki vasitələrdən istifadə edilir”.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək aparılan minatəmizləmə əməliyyatları nəticəsində işğaldan azad edilmiş 200 min 321 ha ərazi təmizlənib, ümumilikdə 196 min 056 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Onlardan 137 min 422 ədədi PHS, 36 min 881 ədədi piyada əleyhinə minalar (PƏM), 21 min 753 ədədi isə tank əleyhinə minalardır (TƏM).
2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək ümumilikdə 237 mina hadisəsi qeydə alınıb.
2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək 394 nəfər mina qurbanı olub. 394 nəfər mina qurbanlarından ümumilikdə 70 nəfəri həlak olub, 324 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Mina qurbanlarının 14-ü azyaşlı və gənc, 1-i qadın olmaqla, 210 nəfəri mülki şəxsdir, onlardan 55 nəfər həlak olub, 155 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
1991-ci ildən bugünədək 3 min 400 nəfərdən çox minadan zərərçəkən qeydə alınıb. Onlardan 362 nəfəri azyaşlı və gənc, 38 nəfəri qadınlardır.
AzNews.az