Zəngilanda 150-dən çox sakin aksiyada tibbi müayinədən keçirilib

Azərbaycan Səhiyyə Nazirliyi iyulun 11-də Zəngilan rayonunda tibbi aksiya keçirib.

Bu barədə nazirlik məlumat yayıb.

Məlumata əsasən, aksiyada Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun peşəkar həkim və fizioterapevtlərindən ibarət tibb heyəti iştirak edib. Onlar Zəngilan sakinlərini geniş profilli travmatoloji və ortopedik müayinələrdən keçirib, müxtəlif xəstəlik və zədələrin erkən diaqnostikası və müalicəsi üçün ilkin tibbi müdaxilələr həyata keçiriblər.

Tədbirin əsas məqsədi bölgədə yaşayan vətəndaşların sağlamlıq durumunun qiymətləndirilməsi, travmatik və ortopedik patologiyaların vaxtında aşkarlanaraq, uyğun müalicə və reabilitasiya tədbirlərinin təmin edilməsidir. Aksiya çərçivəsində onurğa, dayaq-hərəkət sistemi, sinir sistemi və digər travmatoloji problemlərin diaqnostikası aparılıb, posttravmatik reabilitasiya imkanları müzakirə olunub.

Səhhətində problem aşkarlanan şəxslərə peşəkar tibbi məsləhətlər verilib, lazımi hallarda dərhal müalicəyə başlanılıb. Mütəxəssislər vətəndaşlara sağlamlıqlarını qorumaq və bərpa etmək üçün fərdi tövsiyələr də təqdim ediblər.

Aksiya zamanı 150 nəfərdən çox sakin tibbi müayinədən keçirilib.

AzNews.az