• Mahal
  • 25 İyul 16:34
  •  1 690

Naxçıvanda yeraltı resurslar iqtisadi dəyərə çevrilir - ŞƏRH

Naxçıvan Muxtar Respublikasında filiz faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və istifadəyə verilməsi istiqamətində yeni mərhələyə keçildiyi bəlli olub. Prezidentin muxtar respublikadakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Beynəlxalq Geologiya-Mədənçilik Forumunda bu istiqamətdə aparılan işlərlə bağlı yeni faktlar açıqlayıb. Ağdərə-Nəsirvaz filizləşmə sahəsində layihə üzrə bütün planlamalar başa çatdırılıb, Babək rayonu Xal-Xal sahəsində isə 2024-cü ildə yeni kəşfiyyat işlərinə başlanıb.

Bu gün geoloji qiymətləndirmənin beynəlxalq standartlara uyğun aparılması iqtisadi reallıqlar baxımından bir tərəfdən potensialı daha obyektiv ölçməyə imkan verir, digər tərəfdən beynəlxalq investisiya dairələrinin etibarını artırır. Bu məqsədlə xarici qiymətləndiricilərin cəlb olunması, tərəfdaş bazalarla vahid metodoloji çərçivədə çalışmaq istəyi kimi qiymətləndirilə bilər. Belə yanaşma eyni zamanda yerli iqtisadiyyatın mütərəqqi texniki norma və prinsiplərə inteqrasiyası baxımından da dəyərlidir. Xüsusən "Parağaçay", "Qapıcıq" və "Gümüşlü" kimi yataqlarda beynəlxalq tələblərə cavab verən qiymətləndirmə prosesləri bu istiqamətdə atılan mühüm addımlardandır.

Naxçıvanda aparılan bu işlərə daha bir praqmatik yanaşma da qeyri-filiz yataqlarının auksion yolu ilə istifadəyə verilərək iqtisadi dəyərə çevrilməsidir. 2023ü il iyuldan bu yana 11 qeyri-filiz yatağı üzrə 65 hektar sahənən auksiona çıxarılması və yaxın 1 milyon manat həcmində daxilolma bunun konkret nümunəsidir. Bu yanaşma şəffaflıq, iqtisadi səmərəlilik və yerli resurslardan daha optimal istifadə üzrə mürəkkəb idarəetmə modelinə inteqrasiyanı göstərir.

Hazırda Naxçıvan Muxtar Respublikası filiz və qeyri-filiz ehtiyatlar baxımından mühüm resurs bazası kimi qiymətləndirilir. Geoloji təsdiqlər bu potensialın reallaşması üzrə tədrici, amma davamlı addımlarla irəliləndiyini göstərir. Bu istiqamətdə infrastruktur, kadr potensialı, normativ baza kimi önəmli şərtlər paralel şəkildə qurulmalı, hasilat prosesləri ekoloji davamlılıq prinsipinə zidd olmayacaq formada nəzərdə tutulmalıdır. Naxçıvanın iqtisadi modelində bu cür lokal resursların sistemli istifadəsinin muxtar respublikanın fiskal dayanaqlılığına, qeyri-neft ixracına və regional əmək bazarının aktivləşməsinə təsir göstərə biləcəyi ehtimal deyil, rəqəmlərin və faktların real göstəricisidir.

Nuray,

Aznews.az