Yanukoviç yenidən prezident olmaq istəyir

Ukraynanının devrilmiş prezidenti Viktor Yanukoviç yenidən Kiyevə qayıdaraq ölkə prezidenti olmaq istəyir.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə ukraynalı siyasətçinin vəkili Vitali Serdyuk bildirib.

"Yanukoviçin Ukraynaya qayıtmaq niyyəti var və bunun üçün müəyyən hüquqi addımlar atılacaq. Yanukoviç prezident səlahiyyətlərindən imtina etməyib və ölkəni idarə etməkdən çəkilməyib. Onun vəzifədən kənarlaşdırılması proseduru zamanı Ukrayna qanunlarını kəskin şəkildə pozulub", - deyə Vitali Serdyuk bildirib.

O əlavə edib ki, Yanukoviç beynəlxalq axtarışda deyil və dünyada sərbəst hərəkət edir. "Onun həyatı və təhlükəsizliyinə görə ancaq Ukraynada narahat olmaq olar", - deyə vəkil əlavə edib.

Ötən ilin dekabrında Yanukoviç yenidən siyasətə gəlmək barədə fikrinin olduğunu elan edib. O, artıq hazırki hakimiyyətdə olan siyasətçilərlə görüşdüyünü, daha onunla danışmaqdan qorxmadıqlarını bildirib.

Ukraynada 2014-cü il fevralın 22-də dövlət çevrilişi olub və Ali Rada prezident Yanukoviçi hakimiyyətdən kənarlaşdırıb. O da həyatı üçün ehtiyat edərək, Ukraynanı tərk etməyə məcbur olub. Rada, həmçinin, Konstitusiyada dəyişikliklər edərək, yeni prezident seçkiləri keçirib. Seçkilərdə Pyotr Poroşenko qalib gələrək, prezident vəzifəsinə yiyələnib. Kiyev məmurları Yanikoviç və digər vəzifəlilər haqqında cinayət işi açılmasını tələb ediblər.