Karbon qazı tullantılarına vergi qoyulacaq

Sinqapur hökuməti 2019-cu ildən atmosferə karbon qazı tullantılarına görə vergi qoymağı planlaşdırır.

AzNews.az “vergiler.az” saytına istinadla xəbər verir ki, vergi istixana qazları tullantısının əsas mənbələri olan sənaye müəssisələrindən tutulacaq. Bu vergiyə, ilk növbədə, istilik elektrik stansiyaları cəlb ediləcək, ümumilikdə isə istixana qazları tullantılarının əsas mənbəyi sayılan 30-40 müəssisə “karbon qazı” vergisi ödəməli olacaq.

Sinqapurun maliyyə nazirinin sözlərinə əsasən, atmosferə karbon qazı buraxılmasına görə verginin tətbiqi istixana qazları tullantısının azaldılması üçün “daha səmərəli yoldur”.

Bu vergi 2016-cı ildə ratifikasiya edilmiş iqlimlə bağlı Paris sazişində Sinqapurun öz üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını nümayiş etdirir.

Sazişə əsasən, Sinqapur 2005-ci illə müqayisədə 2030-cu ilədək atmosferə buraxılan istixana qazlarının həcmini 36 faiz azaltmalıdır.

Bundan əlavə, atmosferə istixana qazlarının atılmasına vergi tətbiq edilməsi təmiz elektrik enerjisinin inkişafına təkan vermiş olacaq.