Polşadakı azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçirib - Foto

İyulun 8-də Polşada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Şurası tərəfindən Ermənistanın Varşavadakı səfirliyi qarşısında aksiya keçirilib.

AzNews.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin iki Azərbaycan mülki şəxsini öldürməsi və Azərbaycanın Dağlıq Qarabağ regionunda təcavüzü davam etdirməsinə etiraz məqsədilə keçirilən aksiyada Polşada yaşayan Azərbaycanlı gənclər iştirak edib.

Aksiyada çıxış edənlər xarici ölkələrdə, o cümlədən Polşada yaşayan azərbaycanlıların baş vermiş hadisədən sarsıldığını, dünya birliyindən bu faciəyə ədalətli qiymət verilməsini gözlədiklərini bildiriblər. Bildirilib ki, bu hüznlü hadisə bütün dünya azərbaycanlılarının kədər və hiddətinə səbəb olmuşdur. Etirazçılar Füzulinin Alıxanlı kənd sakinləri - 50 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Ermənistanın təcavüzü və Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilən etnik təmizləmə ilə bağlı məlumatların əks olunduğu bukletləri şəhər sakinlərinə paylayıblar. İştirakçılar Ermənistan ordusunun işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılması, girovların dərhal azad edilməsi üçün beynəlxalq birliyi Ermənistan dövlətinə təzyiq göstərməyə çağırıblar. Aksiyanın sonunda Polşadakı azərbaycanlı gənclər adından etiraz bəyanatı səfirliyin poçt qutusuna atılıb.

AzNews.az