Rusiyadan İrana: “Suriya məsələsində sizə qarışmayacağıq”

Rusiyanın Tel-Əvivdəki səfiri Anatoli Viktorov İrana Suriyadakı hərbi qüvvələrini çıxarması ilə bağlı təzyiq göstərməyəcəklərini açıqlayıb.

Aznews.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Viktorov İsrail televiziyasına açıqlamasında baş nazir Benyamin Netanyahunun Moskvadakı son səfəri zamanı Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Suriyada əldə ediləcək istənilən anlaşmada İsrailin təhlükəsizlik məsələsinə önəm verəcəyi ilə bağlı mövqeyini də xatırladıb.

Daha sonra səfir İranın Suriyadakı terroristləri zərərsizləşdirməyə yönəlmiş ortaq əməliyyatlarda böyük payının olduğunu vurğulayıb. O, həmçinin BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) məqsədləri baxımından da İsrailin Suriyadakı xarici hərbi qüvvələri çıxarmasına dair tələbinin doğru olmadığını qeyd edib.

İsrailin Suriyada İran və ya onun müttəfiqlərinə qarşı hazırladığı hava hücumlarına rəsmi Moskvanın mövqeyi ilə bağlı suala cavab olaraq “biz İsrailin güc tətbiq etməsinin əleyhinəyik, lakin onun qərarlarına qarışa bilmərik” – deyə, bildirmiş A.Viktorov İsrailin nə edəcəyini təsdiq və ya inkar etmək səlahiyyətinin Rusiyanın əlində olmadığını vurğulayıb.

Nurlan Ağa