- Köhnə - Dünya
- 14 Avqust 2018 17:22
- 13 036
Levent Yılmaz: “ABŞ hər çaldığı havaya Türkiyənin oynamasını istəyir”- ÖZƏL MÜSAHİBƏ
Yaxın Şərqin əsas güc mərkəzi olan Türkiyə Cümhuriyyətinə qarşı ABŞ-ın həmlələri bütün dünyada rezonans doğurub.
AzNews.az-ın əməkdaşı Türkiyədə yaşayan iqtisadçı alim, Prezident Ərdoğanın yaxın çevrəsinə daxil olan ekonomistlərdən sayılan, “Yeni Şəfəq” qəzetinin yazarı dr. Levent Yılmazla Türkiyənin son zamandakı iqtisadi problemləri, ABŞ-Türkiyə münasibətləri, sanksiyaların necə nəticələnəcəyi, rahib Branson, Fətullah Gülən, “Halkbank” nümayəndəsi ilə bağlı müsahibə alıb. Dr. Yılmaz həmçinin Türkiyənin qardaş Azərbaycan və digər xarici ölkələrlə əlaqələri, prezident Ərdoğanın “100 günlük proqram”ı və digər mövzularda da düşüncələrini bildirib. Həmin müsahibəni təqdim edirik:
- Son günlərdə türk lirəsinin dollar qarşısında kursunun düşməsi ilə bağlı münasibətiniz necədir? Burada hansı səbəblər var?
- Lirənin dollar qarşısındakı enişi iqtisadi əsaslardan uzaq, təməli olmayan, iqtisadi lüğətdə “spekulyativ hücum” olaraq adlandırılan bir vəziyyətdir. Diqqət etsək, görərik ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) üzdə göstərdiyi səbəb Türkiyədə mühakimə prosesi davam edən rahib Bransonun geri qaytarılması tələbidir. Əslində isə bu münasibət çox dərin köklərə malikdir. Məsələn, 15 iyul hərbi çevriliş cəhdi ilə əlaqəli FETÖ-nün liderini Pensilvaniyada qonaq edən Amerikanın eynilə İrandakı kimi küçə nümayişləri şəklində Türkiyədə də xalqın küçələrə axınını təmin etmək istəyir. Lakin bunun alınmadığını gördükdən sonra iqtisadi sabotajla yanaşı, ABŞ-ın Türkiyədə idarəetmədə dəyişiklik planlandığını da deyə bilərəm. Türkiyə isə Xəzinə və Maliyyə Nazirliyi, Mərkəzi Bankın ciddi şəkildə fəaliyyəti və açıqlamaları ilə bu hücuma qarşı keçməyə başladı.
- Bu çətin günlərdə hansı ölkələrdən dəstək görürsünüz?
- Hazırda heç bir ölkədən maddi dəstək almırıq. Türkiyə iqtisadiyyatı heç bir əlavə yardım olmadan bu tip spekulyativ hücumlara güc gələ biləcək durumdadır. Mənəvi dəstək olaraq isə İtaliya xarici işlər naziri bu cür hücumlara qarşı çıxması, ABŞ-a cavab verilməsinin vacibliyini söyləməsi, oxşar vəziyyətin İtaliyanı da gözləyə biləcəyini qeyd etməsi önəmli oldur. Həmçinin Almaniya iqtisadiyyat və energetika nazirinin Türkiyə ilə bağlı açıqlaması yayıldı. Qeyd olundu ki, Türkiyə bir Avropa ölkəsidir və ona bu formada münasibət qəbul oluna bilməz. Dost və qardaş Azərbaycandan da mənəvi həmrəylik mesajları aldıq. Bütün bunlar qiymətli yanaşmalardır. Çünki ümumi olaraq baxdığımız zaman ABŞ-ın beynəlxalq hüquqa zidd olan davranışını müşahidə edirik. Həmin ölkənin qanunlarına diqqət etdiyimizdə də görürük ki, ölkənin milli təhlükəsizliyinə təhdid yarandığı vəziyyətdə sanksiyalar tətbiq oluna bilər. Bu zaman da sual yaranır ki, bir rahibin mühakimə prosesinin, alüminium və polad məhsullarına verginin artırılmasının axı ABŞ-ın milli təhlükəsizliyi ilə nə əlaqəsi var?
- Sizcə, ABŞ-ın bu sanksiyalarının nəticəsi necə olacaq? Bransonun qarşılığında Fətullah Gülən istənə bilər və onunla dəyişdirilməsi müzakirə mövzusu ola bilərmi?
- Əvvəla, qeyd edək ki, “sanksiya” hüquqi lüğətdə rəsmi mənası olan bir termindir. Lakin ABŞ-ın hərəkətləri hüquqi olmadığına görə ona “sanksiya” demək olmaz, bunlar təhdidlərdir. ABŞ bu kimi iqtisadi təhdidlər vasitəsilə spekulyativ hücumla çıxış edir. Rahib Bransona gəldikdə isə deyə bilərəm ki, hazırda rahibin mühakiməsi davam edir və onun cəsus olduğu, FETÖ, PKK kimi terror qruplaşmaları ilə yaxın əlaqələrinə dair ifadələr var. Qanuna görə, hazırda mühakiməsi davam edən birinin geri qaytarılması müzakirə mövzusu ola bilməz. Lakin gələcəkdə rahib haqqında qərar dəqiqləşdikdən sonra iki ölkənin də qarşılıqlı şəkildə təqsirləndirilənlərin mübadiləsi ola bilərmi, bunu demək üçün hələ çox tezdir. Hazırda isə ABŞ qanundankənar bir tələb irəli sürür. Türkiyə isə Fətullah Gülənlə bağlı ABŞ-a 84 qovluqdan ibarət sənəd göndərdi, amma qarşı tərəf heç araşdırma prosesini də başlatmadı.
- Bəs ABŞ-ın bu münasibətinin pərdə arxasında nələr dayanır?
- ABŞ əvvəllər gördüyü kimi bir Türkiyə istəyir. Yəni onun bütün istəklərini yerinə yetirən bir Türkiyə. Necə deyərlər, ABŞ hər çaldığı havaya Türkiyənin oynamasını istəyir. Lakin indi onun qarşısında öz milli mənafeyini, xalqını düşünən və bölgədə güc mərkəzi olan bir ölkə var. Həmçinin Türkiyə ABŞ-ın beynəlxalq hüquqa zidd hərəkətlərini bütün dünyaya çatdırdığına, Birləşmiş Millətlər Təşkilatının (BMT) beş daimi üzv tərəfindən idarə olunmasına etiraz etdiyinə görə, güc tətbiqini daha da artırır. ABŞ-ın hegemonluğu bütün dünyaya təftiş etdirən Ərdoğan kimi bir rəhbər və türk xalqı kimi bir xalq var. Digər tərəfdən dünya iqtisadiyyatı mərkəzinin sürətli şəkildə Qərbdən Şərqə doğru hərəkət etdiyi bir dönəmdə Türkiyə bu hərəkəti daha da sürətləndirən faktordur. Yəni Türkiyə ağırlığı hansı tərəfə versə, dünya iqtisadiyyatı da onun yönündə dəyişəcək. ABŞ-ın PKK, PDY-yə yardımları, FETÖ-nun başçısı Güləni ölkədə saxlaması, son zamanlardakı spekulyativ hücuma qarşılıq olaraq ölkə başçımız “The New York Times” qəzetində yayımlanmış məqaləsində açıq şəkildə demişdi ki, belə müttəfiqlik olmaz. ABŞ-ın bu cür hərəkətlərinin davam etməsi halında Türkiyənin yeni müttəfiqlər axtaracağını amerikan cəmiyyətinə bildirilib. Kəsəsi, ABŞ güclü Türkiyə və güclü Türkiyənin lider profili olaraq Ərdoğanı görməkdən həzz almır.
- Bəs, münasibətlərin gərginləşməsində “Halkbank”ın səlahiyyətli nümayəndəsinin ABŞ-da həbs olunması bir amil kimi nə dərəcədə rol oynayır?
- Nə Türkiyə Cümhuriyyətinin ictimai bankı olan “Halkbank”, nə də Hakan Atilla BMT-nin qanunlarından kənar heç bir şey etməyib. ABŞ-ın İrana qarşı təktərəfli qərarları mübahisəsi çərçivəsində dəlillər yaradıldı. Oradakı mühakimələrin də beynəlxalq hüquqa zidd olduğunu diqqətə çatdırmaq lazımdır. Onlar Türkiyəyə qarşı spekulyativ hücumla bağlı zəmin hazırlamaq üçün Hakan Atilladan istifadə etdilər. Onun bir təqsiri yoxdur, çünki ortada bir təqsirin olması üçün hüquqa zidd hərəkətin olması lazımdır.
- Türkiyə prezidentinin “100 günlük proqram”ı ilə bağlı nə deyə bilərsiniz? Bu sahədə hansı irəliləyişlər var?
- Türkiyə son 15 ildə ölkəni dünya səviyyəsində üst nöqtəyə çıxaracaq infrastruktur investisiyaları ilə gündəmə gəlib. Yeni layihələrə baxdıqda isə əvvəllər yarım qalmış və Türkiyəni inkişaf etdirəcək ciddi addımların atılacağını görürük. Yeni hökumət sistemi ilə yanaşı, təkcə iqtisadi sferada yox, həm də hüquq, təhsil sahələrində keyfiyyətin artırılması ilə bağlı işlər də var. Bu çərçivədə biz müdafiə sənayesinin də inkişafı və bu istiqamətdə ixracatı artıracaq müdafiə sənayesi siyasəti tətbiqinə başlanacağını görürük. Bu baxımdan həmin layihələr son dərəcədə önəm kəsb edir.
- Prezident Rəcəb Tayyib Ərdoğanın qızılları, dollarları lirəyə çevirməklə bağlı xalqa çağırışı nə kimi nəticə verəcək?
- Bu, Türkiyəyə qarşı elan olunmuş iqtisadi müharibədə təslim olmayacağımız və lazım gələrsə, xalqın birliyi əsasında hansı vasitə ilə olursa olsun, mübarizə aparacağımıza dair ideoloji rəmzdir. Burada maddi tərəfdən çox, ideoloji hissəyə nəzər yetirmək lazımdır. Çünki “15 iyul”dan sonra da göründüyü kimi türk xalqı özünə qarşı yönəldilmiş təhdidlərə qarşı bir araya gələ bilmiş və həmin cəhdə əngəl olmuş bir ölkədir. Ona görə də bu çağırış dünyaya Türkiyəyə yönləndirilən maliyyə hücumunun da öhdəsindən birliklə gəlinəcəyi mesajının verilməsi baxımından çox dəyərlidir. Türk xalqı qəti şəkildə bilir ki, bu vəziyyət iqtisadi siyasətdə yanlışlıq olduğu üçün yox, rəsmi Ankara ABŞ-ın mənafeyinə uyğun davranmadığı üçün yaranıb.
- Son olaraq Azərbaycan cəmiyyətinə vermək istədiyiniz bir mesaj varmı? İki ölkə arasındakı münasibətlərin daha da irəliləməsi üçün gözləntilər nələrdir?
- Bizim Azərbaycana münasibətimiz çox açıqdır: bir millət, iki dövlət. Azərbaycanın hər yerində yaşayan insanlar bizim dostlarımızdırlar. Mənə görə, bu iki ölkənin alın yazısı eynidir. Həmçinin Azərbaycanla dostluq münasibətlərindən əlavə, xüsusən, energetika sahəsində də strateji müttəfiqliyimizin olmasını gözardı etmək olmaz. Nəticə etibarilə qarşıdakı müddəti də dəyərləndirdikdə həm Türkiyənin Asiyaya, həm də Azərbaycanın Qərbə inteqrasiyasına görə hər iki ölkənin birlikdə hərəkət etməsi dövlətlər və əhali üçün önəmlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Kuşaklı proyekti və s. ilə də sübut olunur ki, Azərbaycanla Türkiyə arasında strateji əlaqələr bərqərar olunmuş şəkildədir. Beynəlxalq arenada nə baş verirsə versin, Türkiyə və Azərbaycan hər zaman dost və müttəfiqdir. Azərbaycanın köməyə ehtiyacı olsa, Türkiyə onun yanında olacaq, eynilə də Türkiyədə nəsə baş verdikdə Azərbaycanın onun yanında olacağına əminik və həmişə bunu görmüşük. 15 iyul hərbi çevrilişinə cəhddən sonra Türkiyəyə ilk zəng etmiş ölkə başçısı da cənab İlham Əliyev olmuşdu. Onun bu davranışını da böyük təşəkkürlə qarşıladığımızı bildirmək istəyirəm.
Nurlan AĞA,
AzNews.az