- Köhnə - Dünya
- 24 Avqust 2018 13:04
- 4 938
Pakistandan Hindistana kömək təklifi
Pakistanın yeni Baş naziri İmran Xan son bir neçə həftə ərzində güclü musson yağışlarından, daşqın və torpaq sürüşmələrindən zərər çəkən Hindistanın Kerala ştatına humanitar yardım təklif edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İmran Xan, həmçinin Hindistan xalqına Pakistan xalqı adından dualarını və təbii fəlakətdən zərər görənlərə xoş diləklərini çatdırıb. “Biz lazım olacaq bütün humanitar yardımları göstərməyə hazırıq”, - o özünün “Twitter” səhifəsində belə yazıb.
İmran Xan lideri olduğu partiyanın parlament seçkilərində qələbəsindən dərhal sonra Nyu-Dehli ilə münasibətləri yaxşılaşdırmaq niyyətini bəyan edərək demişdi: “Əgər Hindistan bizə tərəf bir addım atarsa, biz iki addım atarıq”.
Son məlumata əsasən, avqustun 8-dən bəri Kerala ştatında təbii fəlakət nəticəsində həlak olanların sayı 400 nəfəri keçib. Son bir neçə gün ərzində yağıntının intensivliyi bir qədər azalsa da, ölkəyə təxminən 200 milyard rupi (2,9 milyard dollar) zərər dəyib. Bununla belə, Nyu-Dehli təbii fəlakətin nəticələrinin öhdəsindən gəlmək iqtidarında olduqlarını və xarici ölkələrdən yardım qəbul etməyəcəklərini bildirib.
Yerli hökumətin hesablamalarına görə, bu il regionda son 100 ilin ən güclü musson yağışları qeydə alınıb. Hindistanda yağışlar mövsümü adətən sentyabr ayınadək davam edir.
AzNews.az