Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiyaya səfər edəcək. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi açıqlamaya görə, səfər bu dəfə də rəsmi deyil, işgüzar xarakter daşıyacaq. Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiyaya səfər edəcək. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi açıqlamaya görə, səfər bu dəfə də rəsmi deyil, işgüzar xarakter daşıyacaq.

Moskva Paşinyanın göz yaşlarına inanacaqmı?

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiyaya səfər edəcək. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi açıqlamaya görə, səfər bu dəfə də rəsmi deyil, işgüzar xarakter daşıyacaq.

Bu isə politoloqların fikrincə, o deməkdir ki, rəsmi Moskva Nikol Paşinyanı hələ də rəsmi qəbul etmək niyyətində deyil. Elə bu faktın özü bir daha Rusiya ilə Ermənistan arasında münasibətlərdəki gərginlikdən xəbər verir.

Sirr deyil ki, son bir neçə ayda Ermənistan-Rusiya münasibətlərində bir soyuqluq yaranıb. Bunun da baiskarı Rusiyaya “meydan oxuyan”, gah Qərbə, gah Amerikaya üz tutan, hərdən atmacalarla danışan, sərsəm bəyanatlar verən, bir sözlə, siyasətdə naşılığını hər addımda büruzə verən Nikol Paşinyanın özüdür. Aparılan kadr islahatları, daha doğrusu, yeni Ermənistan hökumətinin az qala bütün komandasının rusfobiyalı və qərbyönümlülərdən, eləcə də Sorosun yetirmələrindən formalaşdırılması Ermənistan-Rusiya münasibətlərində etimadsızlıq yaradıb. Odur ki, bu ölkənin bəzi vəzifəli şəxsləri hələ də Rusiya tərəfindən qəbul edilmirlər. Hətta rəsmi Moskva Rusiyaya, onun hakim elitasının ünvanına təhqiredici çıxışlar edənləri - Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryanı vəzifələrindən uzaqlaşdırılmasını tələb edib. Çünki Moskva hərbi-siyasi xarakterli sənədlərin belə məmurların vasitəsilə ABŞ-a ötürülə biləcəyindən narahatdır. Üstəlik, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatı Ermənistanın indiki hakimiyyətinə qarşı qəzəbi açıq şəkildə ortaya qoyub. Yeri gəlmişkən, Lavrovun Ermənistanda 10 il əvvəlki hadisələrin araşdırılmasına, həbslərin aparılmasına toxunaraq "qaynamaqda olan situasiyadan” Rusiyanın həyəcan keçirdiyini bildirməsinə Nikol Paşinyan belə cavab verib: “Bəli, doğrudan da bu gün yaman isti idi”.

Digər tərəfdən, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu həbs etmək istəyi, sabiq prezident Robert Koçaryan ətrafında yaratdığı qalmaqal Rusiyanın birbaşa maraqlarına toxunub. Hətta Rusiya Yuri Xaçaturovun təqib edilməsini Ermənistan hakimiyyətinin bu qurumu nüfuzdan salması kimi qiymətləndirib.

İki ölkə arasında elə bir iqtisadi-ticarət müqaviləsinin olmadığını, elə bu səbəbdən Moskva görüşündə hansısa bir layihənin müzakirə olunmayacağını qeyd edən erməni mətbuatı yazır ki, Putin Paşinyanı elə bu kimi səbəblərlə, həm də Ermənistanın daxili həyatında baş verənlərlə bağlı izahat almaq üçün Moskvaya çağırır. Bu mənada Nikol Paşinyan Rusiyaya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən, politoloq Fikrət Sadıqovun dediyi kimi, “günahkar şagird” kimi yola düşəcək. Rusiya dövlətinin başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov da bildirib ki, Ermənistan tərəfinə çoxlu sualları var, Rusiya tərəfi Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən açıq və ciddi söhbət gözləyir. Elə bu aspektdən çıxış edən politoloqların fikrincə, bütün bunlara görə Putin-Paşinyan görüşünün gərgin keçəcəyi gözlənilir. Nikol Paşinyan isə Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə problemin olmadığını bildirməkdədir. Nə qədər qəribə olsa da xidmət etməyə əsgər tapa bilməyən Ermənistanın baş naziri bu günlərdə erməni əsgərlərinin Rusiya bayrağı altında Suriyaya göndərilə biləcəyini də vurğulayıb. Şübhəsiz, onun belə bir addımı Rusiya ilə münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmağa hesablanıb. Yəni elə bu kimi nəsnələrlə Nikol Paşinyanın Rusiyada Ermənistanın öz siyasi istiqamətini dəyişmədiyini sübut etməyə çalışacağı gözlənilir. Lakin Paşinyanın rəsmi Moskvanı özünün göz yaşlarına inandıra biləcəyi və Putinin ona etimad göstərəcəyi hələ sual altındadır. Görəsən, bu dəfə də erməni bicliyi Paşinyanı xilas edə biləcəkmi? (ikisahil.az)