Dünyanın gözünü qorxudan- Boston partlayışı

Bostonda marafonda baş vermiş qanlı partlayışlar Atlantik okeanın hər iki tərəfində, Los Ancelesdən London şəhərinə kimi təhlükəsizlik tədbirlərinin artırılmasına səbəb olub. 3 nəfərin ölümü və 140-dan çox insanın yaralanması ilə nəticələnmiş partlayışdan sonra, Britaniya polisi Londonda keçiriləcək beynəlxalq marafon və "Dəmir Ledi" Marqaret Tetçerin təntənəli yas mərasimi ilə bağlı bağlı təhlükəsizlik planlarını dəfələrlə nəzərdən keçirib. Londonun Metropoliten polis zabiti Skotland Yardın beynəlxalq idman tədbiri ilə bağlı kəşfiyyat idarəsi və digər təhlükəsizlik qurumları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

"Çərşənbə günü keçiriləcək təntənəli tədbirlə bağlı təhlükəsizlik əməliyyatına hərtərəfli və mükəmməl şəkildə hazırlaşmışıq. Bizə lazım olacaq bütün taktikaları nəzərə almaq üçün London marafonunun təşkilatçıları ilə yaxından işləyirik. Ancaq bir daha qeyd etmək istərdim ki, hazırda Britaniyada terror təhlükəsi gözlənilmir" – deyə London Metropoliten Polis Xidmətinin komandiri Kristin Conz bildirib.

Britaniyanın İdman Naziri Hyu Robertson Britaniyanın "Sky News" kanalına verdiyi müsahibədə, marafonun təyin olunduğu kimi bazar ertəsi günü keçiriləcəyini açıqlayıb.

London marafonunun baş icraçısı Nik Bitel, təşkilatçıların cari durumla kifayətlənməyəcəyini, lazım gələrsə, təhlükəsizlik tədbirlərinə yenidən nəzər salınacağını bildirib. Onun sözlərinə görə, insanların marafona gəlib idmançıları dəstəkləməsi üçün, onların özlərini təhlükəsiz hiss etməsi vacibdir. Baş icraçı bazar günü Şimali Koreyada keçirilmiş marafonu misal çəkərək, həmin qaçışda küşədə bir tamaşaçının belə gözə dəymədiyini deyib. "Azad cəmiyyət olan yerdə bunun baş verməsini istəməzdik. Bostonda baş verənləri tam təhlil etdikdən sonra müvafiq ölçü xətti götürüləcək".

Məlumata görə, marafonla yanaşı Baronessa Marqaret Tetçerin təntənəli yas mərasimi üçün də təhlükəsizlik tədbirləri yüksək hazırlıq səviyyəsinə çatdırılıb. "Dəmir Ledi"nin bu gün hərbi ehtiramlə torpağa tapşırılacağı gözlənilir. Çərşənbə günü səhər saatlarından başlayaraq, onun cənazəsi London küçələri ilə ata qoşulmuş xüsusi faytonda Müqəddəs Pavel kilsəsinə aparılacaq. yas mərasiminə azı 4 min polis zabitinin səfərbər ediləcəyi bildirilir. (anspress)

AzNews.az