“Müsəlman qardaşlar” xalqı üsyana çağırdı

Misirin "Müsəlman qardaşlar" hərəkatı əhalini ölkədə hakimiyyəti ələ keçirmiş qüvvələrə qarşı üsyana çağırıb.

Bu barədə hərəkatın siyasi qanadı – Azadlıq və Ədalət Partiyası bəyanat yayıb. Bəyanat müəllifləri misirliləri tanklardan istifadə edərək inqilabın nailiyyətlərini oğurlamaq istəyənlərə qarşı üsyana səsləyirlər. Hərəkatın açıqlamasında Misirin Suriyaya çevrilməsinə yol verməmək və qan axıdılmasının davam etməsinin qarşısı almaq üçün beynəlxalq ictimaiyyətə çağırış da əksini tapıb.

Qeyd edək ki, iyulun 8-nə keçən gecə Qahirədəki Respublika Qvardiyasının kazarmaları qarşısındakı nümayişin dağıdılması nəticəsində 42 nəfər ölüb, 322 nəfər yaralanıb. Hərbçilərdən isə 1 nəfər ölüb, 40 nəfər yaralanıb. Devrilmiş prezident Məhəmməd Mursinin məhz bu kazarmalarda saxlanıldığı güman olunur.(apa.az)

AzNews.az