ABŞ ərəb ölkələrindəki səfirliklərini bağlayır

Amerika Birləşmiş Ştatları hücum təhlükəsi ilə əlaqədar bir çox ölkələrdəki səfirlik və konsulluqlarının bu bazar işləməyəcəyini bəyan edib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Mari Harfın sözlərinə görə, bu təhlükəsizlik tədbiri, əsasən, müsəlman ölkələrindəki bazar günü də işləyən səfirliklərə və konsulluqlara şamil ediləcək.

"Dövlət Departamenti bəzi ABŞ səfirliklərinə və konsulluqlarına bazar günü, avqustun 4-də bağlı qalmaq və əməliyyatları başqa vaxta salmaq göstərişi verib. Departament əməkdaşlarımızın təhlükəsizliyinin qorunması zərurətinə dair məlumatdan qaynaqlanaraq, bu cür təhlükəsizlik tədbirinin görülməsini vacib sayır." - deyə, Mari Harf bildirib.

Mari Harf bazar günü işləməyən səfirliklərin siyahısının artacağını da istisna etməyib, lakin hansı təhlükədən söhbət getdiyini və konkret olaraq hansı ərəb ölkələrindəki səfirliklərin bağlı olacağını açıqlamayıb.//anspress//

AzNews.az