Baş nazirin müavini istefa verdi

Liviyanın baş nazir müavini Avad əl-Baras vəzifəsindən istefa verdiyini açıqlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Avad əl-Baras, bu gün Binqazi şəhərində keçirilən mətbuat konfransında, hökumətin Liviyanın ikinci böyük şəhərində təhlükəsizliyi təmin edə bilmədiyi üçün istefa verdiyini deyib.

Müvəqqəti hökumət qurulduqdan sonra Liviya xalqının həyat şəraitinin yaxşılaşması və dövlət qurumlarının fəaliyyətini aktivləşdirmək üçün işlədiyini bildirən Əl-Baras qeyd edib ki, ona verilən səlahiyyət müddəti məhdud olduğu üçün işlərində istənilən nəticəni əldə edə bilməyib.

Hökumətin Liviyada təhlükəsizliyi təmin edə bilmədiyini vurğulayan baş nazir müavini, ölkədə sui-qəsdlərin artdığını bildirib. Onun sözlərinə görə, bu faktın başlıca səbəbi, hökumətin nüfuzu bir əldə cəmləşdirməyə çalışması ilə bağlıdır.

Qeyd edək ki, Əl-Barasın istifası ilə əlaqədar Liviya hökumətindən hələlik heç bir açıqlama gəlməyib.

AzNews.az