Sabah İrəvanda Rusiya əleyhinə yürüş-mitinq olacaq

Mayın 18-də Ermənistanın paytaxtında Rusiya əleyhinə izdihamlı yürüş-mitinq keçiriləcək.

Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, "Putinizmə yox!" adlanan aksiyasının əsas hədəfi "özünü Ermənistanda şahın vəziri kimi aparan" Rusiya səfirinə etiraz eləmək olacaq.

Bu barədə bugünkü mətbuat konfransında keçmiş sovet dissidenti, "Öz müqəddəratını təyinetmə" Birliyinin lideri Paruyr Ayrikyan bildirib. "Artıq ciddi şəkildə söhbət gedir ki, Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı sala bilər. Bunun ardınca Rusiyada iqtisadi böhran reallaşacaq. Mən bunu şad xəbər sayıram. Çünki Putin rejimi cəzalandırılacaq. Heç bir diktator öz postunu könüllü tərk eləməyib, yerini demokratik qüvvələrə könüllü verməyib – Putin kimilər kimi" – deyib Ayrikyan. Onun sözlərinə görə, yürüş səfirliyə doğru olacaq, plakatların məzmunu isə "Rusiya imperiyasına yox!" təşkil edəcək.

"Sabahkı mitinqi mən əlamətdar hesab edirəm həm də ona görə ki, biz bəyan eləməliyik: erməni xalqının bugünkü satqın hakimiyyətə dəxli yoxdur, Ermənistan hakimiyyəti isə - Rusiyanın vassalıdır" - əlavə edib müxalif erməni siyasətçisi.