Kiprin türk və yunan liderləri bir araya gələcək - SƏBƏB

Kiprin ikiyə bölünən yunan və türk icmaları keçən il pozulan BMT sülh danışıqlarını davam etdirməyə hazırlaşırlar.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Prezident Nicos Anastasiades və ötən ay seçkinin qalibi olan türk icmasının lideri Mustafa Akıncı sülh danışıqlarına paytaxt Nikosiyanın neytral bufer zonasında başlayacaqlar.

Cümə danışıqları BMT vasitəçiliyi ilə bazar ertəsi keçirilmiş görüşdə elan edilib.

Sülh danışıqları keçən ilin oktyabrında dayandırılıb. Buna səbəb Türkiyə gəmisinin adanın cənub sahillərində qaz yataqları kəşfiyyatını həyata keçirməsinə etiraz olaraq, kiprli yunanların danışıqlardan imtina etməsi olmuşdu.

BMT nümayəndəsi Espen Barth Eide yeni təşəbbüsü "unikal imkan, istifadə edilməsi lazım olan məqam" adlandırıb.

BMT sülhməramlıları təxmin edir ki, 165000 kiprli yunan şimaldan, 45000 kiprli türk isə cənubdan köçüb və ya çıxarılıb. Münaqişə tərəfləri isə rəqəmlərin daha böyük olduğunu bildirirlər.

Köçkünlərə kompensasiyanın verilməsi mövzusu danışıqların ən mübahisəli məqamlarından biri olaraq qalır.

Adanın şimalında müstəqilliyini elan edən Şimali Kipr Türk Respublikası diplomatik təcrid olunmuş vəziyyətdədir və yalnız Türkiyə tərəfindən tanınır.


Müxbirlərin bildirdiyinə görə, mötədil solçu olan cənab Akıncının danışıqları irəli aparacağına ümidlər var.

O, apreldə keçirilən seçkilər zamanı sərt xətt tərəfdarı Derviş Eroğlunu məğlub edərək kiprli türklərin lideri olub.

Qeyd edək ki, ada 1974-cü ildə şimaldakı kiprli türklər və cənubdakı kiprli yunanlar tərəfindən parçalanıb.