Xəbər verildiyi kimi, Belçika parlamentinin üzvü Jan Jak Flao Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib. Xəbər verildiyi kimi, Belçika parlamentinin üzvü Jan Jak Flao Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib.

“Avropa siyasətçilərini Qarabağa aparmaq erməni lobbisinin çarəsizliyini göstərir” – Millət vəkili

Xəbər verildiyi kimi, Belçika parlamentinin üzvü Jan Jak Flao Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib.

İstər erməni lobbisinin nünayəndəsi Kaspar Karampetyanın, istərsə də erməni lobbisinin nökərinə çevrilən Fransua Roşbluan kimilərinin müşayiəti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edənlərin kimə, nəyə, hansı amala xidmət etdikləri heç bir şübhə doğurmur. Karampetyanın qondarma separatçı rejimin təbliği üçün Avropa siyasətçilərini bu əraziyə aparmaq səyləri hər dəfə Brüsseldəki erməni lobbisi rəhbərinin çarəsizliyini açıq şəkildə nümayiş etdirir.

Millət vəkili Zahid Oruc mövzunu AzNews.az-a şərh edib.

O, bildirib ki, Ermənistan tərəfi uzun illərdir, həyata keçirilən işğalı siyasi cəhətdən dərk etmək, möhkəmləndirmək, beynəlxalq tərəfdarlar toplamaq, hüquqiləşdirmək və Qarabağın xarici aləmə çıxışını təmin etmək üçün müxtəlif cəhdlərdə bulunur:

“Ayrı-ayrı layihələr həyata keçirir, milyonlar xərcləyirlər. Bunun tərkib hissəsi kimi Avropa məkanına aid olan “çinovnik”lərin, hökumət üzvləri və siyasət adamlarının Qarabağa səfərinin təşkil olunmasıdır. Bu zaman onlar bir neçə məqsədi reallaşdırırlar. İlk növbədə, o məkanın Azərbaycandan kənarda olduğunu sübuta yetirməyə çalışırlar. İkincisi, həmin şəxslərin timsalında bizim ölkəmizlə həmin dövlətlər və ya qurumlar arasında problem yaratmağa cəhd edirlər. Bu da müəyyən qədər alınır. Yəni istənilən halda Azərbaycan tərəfi məsələyə kəskin reaksiyalar verir, bəzən məsələni həmin dövlətlərin özü ilə müzakirə edir və bu ətrafda cavabdehlik istəyir. Bəzən notalar tətbiq olunur. Ermənilər bu minvalla yaranmış şəraitdən maksimum dərəcədə bəhrələnə bilirlər. Üçüncüsü, şübhəsiz, bunun arxasında sadəcə siyasi məsələlər yox, eləcə də maliyyə məsələləri dayanır. Bu da o deməkdir ki, erməni diaspora və lobbi mərkəzləri Qarabağ ideyasına bağlıdırlar. Çoxlu fondlar yaradıblar. İnformasiya təminatından tutmuş telekörpülər vasitəsilə prosesi gündəmdə saxlamağa qədər hamısını kompleks halda həyata keçirirlər. Əlbəttə ki, bir, on və ya yüz adamın ora getməsi Azərbaycanı Qarabağdan məhrum etməyəcək. Digər tərəfdən bizim ölkəmizə təşrif buyuran, Azərbaycanın suveren hüquqları altında icazə alıb ora gedən adamlar on minlərlədir. Digər tərəfdən, Azərbaycan işğalda olan ərazilərinə gedən adamlara “getmə” deməz, yalnız o halda ki, icazə Azərbaycandan alınsın. Görün onda Ermənistan həmin adamları ora buraxacaqmı? Əsla yox. Özü də son anda pasportlara Ermənistandan möhür vurulur. Çünki Qarabağı xarici dövlətlər tanımadığından sərhəd keçid məntəqələrində Qarabağla bağlı nişan, işarə yer ala bilməz. Ona görə də sizin dediyiniz məsələyə biz kəskin etiraz edirik. Bununla bağlı siyasi və rəsmi reaksiyalar olacaq. Bizim üçün ən önəmli məsələ isə bir gün bu işğala son qoymaq və torpaqlarımız üzərində konstitusion hüquqlarımızı bərpa etməkdir. Onda isə artıq belə səfərlərin həyata keçirilməsi qeyri-mümkün olacaq”.

Millət vəkili homoseksual evlilik qurmuş ilk belçikalı deputat-mer kimi tarixə düşmüş Jan Jak Flaonun Qarabağa səfərini erməni diasporunun əlacsızlığı kimi qəbul edilməsi haqqında danışarkən Ermənistan üçün bunun əhəmiyyətinin olmadığını və təbliğatlarını fizioloji, bioloji vəziyyətindən asılı olmadan istənilən şəxs üzərindən apara biləcəklərini dedi:
“Məncə, onlara fərq etməz. Kim olsa, onun üzərindən təbliğatlarını qurmağa çalışarlar. Biz onsuz da bunu görmüşük. Siz dediyiniz məsələ post-sovet məkanında bir qədər həssasdır. Qərb dünyasında dediyiniz quruluşa, mahiyyətə malik olan adamlar çox rahatlıqla idarəetmə sistemlərində təmsil olunurlar. Bu, onlarda “azlığa” deyil, “çoxluğa” çevrilib. Məsələ ondadır ki, onlar siyasi azlıqdadırlar. Çünki Azərbaycanın tərəfdarları daha çoxdur. Ölkəmizə tənqidi yanaşanlar belə, Qarabağ məsələsində Azərbaycanın mövqeyinin haqlı olduğunu bilirlər. Gördüyünüz kimi, xarici məkanda 90-cı illərdəki qədər Ermənistanın istəyi baş tutmur. Dərhal bizim əleyhimizə yönələn addımlar atılmır, qərarlar verilmir. Görürsünüz, Rusiya özü belə, nə qədər balanslı, müəyyən hallarda ədalətli mövqelər tutur. Avropa dövlətləri də dəfələrlə Azərbaycanla bağlı prinsipial davranış sərgiləyirlər. Bayaq da qeyd etdiyim kimi, Ermənistan kim olsa, ora gətirməyə hazırdır. Onlar üçün həmin şəxslərin fizioloji, bioloji vəziyyəti o qədər də önəmli deyil”.

Pərvanə AĞAZADƏ
AzNews.az