“Bu yanaşma, 100 illik Azərbaycan tarixinə qarşı bir həqarətdir”. “Bu yanaşma, 100 illik Azərbaycan tarixinə qarşı bir həqarətdir”.

Nəsiman Yaqubludan Tahir Kərimliyə sərt cavab: “Xoşun gəlmirsə, get...”

“Bu yanaşma, 100 illik Azərbaycan tarixinə qarşı bir həqarətdir”.

Milli Məclisin deputatı Tahir Kərimlinin dövlət himninin darıxdırıcı olduğu, qəmgin notlar üzərində qurulduğu haqda fikirləri bir neçə gündür ki, gündəmdədir. Cəmiyyətdə birmənalı qarşılanmayan bu fikirlərin üzərinə deputat bu gün əlavə sözlər söyləyib. Bu dəfə isə deyib ki, himnin müəllifi Əhməd Cavad deyil.

Məsələ ilə bağlı tarixçi alim Nəsiman Yaqubluya müraciət etdik. O, AzNews.az-a açıqlamasında bildirdi ki, himn, gerb və bayraq bizim müqəddəs atributlarımızdır. Bunlarla oynamaq, zarafat etmək, məsuliyyətsiz fikirlər söyləmək olmaz:

“Xüsusən də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etdiyimiz bir zamanda belə firkirlərlə insanlarımızın əsəbi ilə oynamaq, cəmiyyətdə çaşqınlıq yaratmaq yolverilməzdir. 100 illik bayram əhvalına ləkə gətirmək nəinki bir millət vəkilinə, hər hansı bir Azərbaycan vətəndaşına yaraşmaz. Heç olmasa, gözləmək lazım idi ki, 100 illik başa çatsın, ondan sonra nə fikir istəyir söyləsin. Bu yanaşma, 100 illik Azərbaycan tarixinə qarşı bir həqarətdir. Biz 100 illiyi bayram əhvalı ilə yaşamaq əvəzinə, başlamışıq ki, himnin müəllifi kimdir və ya himn darıxdırıcıdır. Darıxdırıcıdırsa, get başqa ölkənin vətəndaşlığını qəbul elə və darıxdırıcı olmayan himnini oxu...”.

N.Yaqublu qeyd etdi ki, himnin müəllifinin Əhməd Cavad olduğu artıq təsdiqlənib. 100 illik ərfədə bu məsələnin təkrar ortaya atılmasına, araşdırılmasına ehtiyac yoxdur:

“Bu günə qədər insanlarımıza Əhməd Cavad adı çatdırılıb. Əhməd Cavad bizim istiqlal şairimizdir. İkinci bir adamın adını çəkin ki, Cümhuriyyət dövründə bu qədər şeir, bu qədər marş yazsın. Əhməd Cavad təkcə dövlət himnini yazmayıb. O, bizim üçrəngli bayrağımıza çox gözəl şeirlər həsr edib. Elə bu himnə, bu şeirlərinə görə də 1937-ci ildə onu həbs edib güllələdilər. Yaxşı, bunu bir başqası yazmışdısa, onu niyə tutub güllələmədilər? Niyə məhz Əhməd Cavadı güllələdilər? Bu yolda özünü fəda edən, qətlə yetirilən adam mənəvi cəhətdən də bu himnin müəllifi sayılır”.

Elgün MƏNSİMOV
AzNews.az