Ulu Öndəri anarkən... Ulu Öndəri anarkən...

Heydər Əliyev- dövlət şüurumuzdur!

Ulu Öndəri anarkən...

Əslində tarixin xoş təzadı idi.

Eyni çağda, həm də kifayət qədər mürəkkəb, qarışıq, qanlı bir tarixi mərhələdə iki xarizmatik lider olmur cəmiyyətlərdə.

Amma Azərbaycanda vardı.

Yaxşı ki vardı!!!

Biri Əbülfəz Elçibəy idi.

Sovetlər dönəmindən üzəbəri imperiya ilə çəkişmiş, bir dissident kimi atıldığı xalq hərəkatına milli-azadlıq xarakteri verə bilmiş, həmin prosesin lideri olmuşdu.

Lakin üzərindən 25 il keçdikdən sonra bütün üzə çıxan məlumatlar, aparılan elmi təhlillər bir daha isbat edir ki, Elçibəyin xeyli dərəcədə də fakt qarşısında qalaraq üzərinə götürdüyü hakimiyyət kütlənin əsəri olduğu üçün uzun sürə bilməzdi.

Dövr qarışıq, Azərbaycanın müstəqilliyi yeni, hakimiyyətin əsas postlarına yiyələnmiş hərəkatçılar idarəçilik təcrübəsindən məhrum, iqtidarın faktiki ortağı olan köhnə kommunistlər isə tamam əks dəyərlərin və niyyətlərin daşıyıcısı idilər.

Müstəqilliyi davam etdirə bilmək üçün Azərbaycanın qarşısında duran üç əsas tarixi vəzifə vardı:

Azərbaycanın dövlət sərhədlərini işğaldan qorumaq; Müstəqil Azərbaycanın dövlət təşkilatını qurmaq; İflasa uğramış sovet istehsal və istehlak sistemini çağdaş dünyanın mənimsədiyi sərbəst bazar iqtisadiyyatı ilə əvəzləmək.

Təbii ki, o zamankı iqtidarın başçısı olaraq Ə. Elçibəy hər üç istiqamətdə müəyyən səylər göstərmişdi, rus ordusunun ölkədən çıxarılması, milli valyutaya keçid, test sisteminin tətbiqi, BMT tərəfindən Ermənistanın işğalçı kimi tanımasını əks etdirən qətnamələrin qəbulu kimi bir sıra uğurlar da əldə etmişdi.

Lakin Kəlbəcər işğal edilmiş, könüllü dəstələrdən nizami orduya keçid mümkün olmamış, Qarabağı qorumağa mükəlləf olan ciddi hərbi birləşmələrdən biri qiyam qaldırmışdı.

Bir az da açıq desək, iqtidarın hərbi və müdafiə siyasəti tam iflasa uğramışdı.

Sadəcə bu, öz-özlüyündə bir qüvvənin hakimiyyətdən getməsinə yetərli faktordur, ancaq daha çox səbəb vardı, komanda problemi də daxil olmaqla.

Bu günlərdə yutubda bir videoya baxdım. Prezidentin iştirakı, dövlət katibi Pənah Hüseynin aparıcılığı ilə müşavirənin görüntüləri idi. Həmin müşavirədə açıq-aşkar bəlli olur ki, Sovet sənaye və kənd təsərrüfatı sistemi artıq işləmir, işləyə bilmir, bir az zirək tərpənənlər zavod və fabriklərin, kolxoz və sovxozların mülkiyyətini özbaşına ələ keçirir, hökumət isə məsələn “kəndli təsərrüfatları”nın yaradılması kimi önəriləri ilə mövcud vəziyyəti dəyişə bilmir.

Yenə yutuba müraciət edəcəm. Təsəvvür edin, Türkiyənin prezidenti Turqut Özal Azərbaycana gəlir, hava limanında onu prezident Elçibəy qarşılayır. Lütfən, həmin videonu tapın və bir baxın, ara qarışıb, məzhəb itib, kameramanlar mühafizəçilərə, mühafizəçilər hava alanının əməkdaşlarına qarışıb. Özalın bərabərində gələn heyət, cangüdənlər və jurnalistlər dəhşət içində bu xaosdan baş çıxarmağa çalışırlar.

Əlbəttə, bu xaosu prezidentin ayağına yazmaq olmaz. Prezidentin işi protokol tərtib etmək, qarşılanma sahəsinə kimlərin daxil olub-olmayacağını müəyyənləşdirmək deyil, bu cür məsələləri aparat tənzimləməlidir.

Demək ki, bir dövlət olaraq Azərbaycanın təcrübəsi başqa bir dövlətin prezidentini üsulunca qarşılamağa yetmirdi. Məsələ budur!

Bu cür misalları çox çəkmək olar, ancaq uzatmadan sözümün əvvəlinə qayıdım.

Azərbaycanın tarixi şansı onda oldu ki, 1993-cü ilin yayında Azərbaycanda Heydər Əliyevin timsalında birləşdirici, təcrübəli və Azərbaycanın müstəqilliyinə könül vermiş xarizmatik bir lider vardı.

Məhz o lider Azərbaycanı bütün sferalar üzrə düşdüyü böhrandan çıxardı, Azərbaycanın müstəqilliyinə təhdid yaradan bütün daxili və xarici qüvvələri maksimum zərərsizləşdirdi.

Bu gün bəziləri ağız büzür ki, Azərbaycan niyə kompüter istehsal etmir!..

Əzizlərim, məhz Heydər Əliyevin sayəsində Azərbaycan heç nə istehsal etməyə taqəti olmayan bir ölkədən o iqtisadi gücə çatıb ki, siz “Azərbaycanda niyə kompüter istehsal edilmir” sualı verəcək rahatlığa sahibsiniz.

Renessans mərhələsini keçməmiş, sənaye inqilabını yaşamamış, informasiya çağına yaxından-uzaqdan bir töhfə verməmiş bir cəmiyyətin nümayəndələri olaraq Güney Qafqazın iqtisadi cəhətdən ən sərbəst ölkəsi, Avropanın təhlükəsizliyinə güc qatan dövlətik.

Azdırmı?

Fərqindəsinizmi, indi Azərbaycan bir zamanlar bizə 200 milyon dollar kredit verməyən Türkiyəyə ən böyük sərmayə qoyan ölkədir...

Bu gün Azərbaycan bir zamanlar Kəlbəcərdən dinc əhalini çıxarmağa dörd helikopterə ehtiyac hiss edən dövlət yox, ordusu dünyanın ən müasir silahları ilə təchiz olunmuş, Lələtəpədə və Günnütdə düşmənin belini qırmaqla İrəvanı belə şumlamağa qadir olduğunu açıqca ortaya qoymuş hərbi faktordur.

Bu gün Azərbaycan 14 may 1992-ci ildə yenidən hakimiyyətə qayıtmış Ayaz Mütəllibovun “diktatura qurmaqdan çəkinməyəcəm” deyə barmaq silkəlidiyi bir banan cümhuriyyəti yox, dünya miqyaslı siyasi və mədəni tədbirlərə ev sahibliyi edən, qeyri-daimi statusla olsa belə, BMT Təhlükəsizlik Şurasını yönəltmiş bir dövlətdir.

Heydər Əliyevin Azərbaycana qoyduğu ən böyük miras elə Azərbaycanın özüdür!

Bu gün dünya xəritəsində “Azərbaycan” adlanan müstəqil bir dövlət varsa, o dövlət bütün siyasətini işğal edilmiş ərazilərini geri qaytarmaq əzmi ilə qurursa, bu dövlətin və siyasətin memarı birmənalı olaraq Heydər Əliyevdir.

Qos-qoca Avropanın ortasında, Fransa kimi imperiya keçmişinə, respublikaçılıq dəyərlərinə malik bir ölkədə Emmanuel Makronu cəzalandıran beynəlxalq güclərin qarşısında Azərbaycan prezidenti İlham Əliyev açıq-açıq “heç bir xarici güc Azərbaycanla təzyiq və təhdid üslubunda danışa bilməz” deyə şəstlə dayanırsa, yaratdığı zəminə görə daha bir dəfə Heydər Əliyevi sayğı və təşəkkürlə yad etməmiz labüd olur.

Bəli, Heydər Əliyev hakimiyyətdə olduğu illk mərhələdə Azərbaycanın idarəçiliyindən yad ünsürləri maksimum təmizləyərək, 30-cu illərin repressiya dalğasında ziyalı seqmentini itirmiş bir cəmiyyətdə milli elmi və mədəni elita formalaşmasına şərait yaradaraq müstəqilliyimizə gedən yolu açmışdı; ikinci dönəmində isə AZƏRBAYCANIN DÖVLƏT TƏŞKİLATInı yaratdı.

Bir faktı hər zaman yada salıram, dönə-dönə təkrar edirəm, yenə səsləndirim:

Nə varisi olduğumuz Xalq Cümhuriyyəti dövründə, nə də ikinci müstəqilliyimizin ilk illərində Azərbaycanın BÜTÜN XALQ TƏRƏFİNDƏN QƏBUL EDİLMİŞ ANA YASASI, BÜTÜN XALQ TƏRƏFİNDƏN SEÇİLMİŞ PARLAMENTİ OLUB.

Hansısa qanunu təkmilləşməsinə ehtiyac duya bilərik, hansısa deputatdan xoşumuz gəlməyə bilər, kimsə parlament üzvü ola bilməməsini hikkə və hiddətlə qarşılaya bilər, bunlar istənilən cəmiyyətin təbiətində olan narazılıqlar.

Azacıq “dövlət” və “demokratiya” anlayışı olanlar yuxarıda sadaladığım iki təsisatın yoxluğunun bir xalqın müstəqilliyinin davamlı olmasına nə qədər böyük təhlükə yaratdığını bilirlər, zənnimcə.

Hazırda “demokratiya” diskursunda hansı uğurlar qazanmışıq, hansı əskiklərimiz var deyə müzakirələr aça biliriksə, bunun başlıca səbəbi müstəqil bir dövlətimizin mövcud olmasıdır. Müstəqilliyimiz davamlı olmasaydı, dövlət təşkilatı formalaşmasaydı, “demokratiya” anlayışı bizim üçün müzakirə mövzusu belə ola bilməzdi.

Hazırda müstəqilliyimiz və dövlətçiliyimizlə öyünə biliriksə, bu öyüncü bizə qazandıran tarixi şəxsiyyət Heydər Əliyevdir.

Heydər Əliyevin, mənim fikrimcə, DÖVLƏT TƏŞKİLATInı ərsəyə gətirməsindən heç də az əhəmiyyətli olmayan başqa bir tarixi xidməti DÖVLƏT ZEHNİYYƏTİ aşılamasıdır.

Bu zehniyyətin içində bir DÖVLƏT TƏRBİYƏSİ kateqoriyası da var.

Bu gün Azərbaycanda kimsə Prezident Administrasiyasının dəhlizlərində, yaxud Milli Məclisin iclas salonunda damağında siqaret gəzə, papirosunu qəzet kağızına basaraq söndürə, bir sözlə, dövlət ədəbinə zidd olan bu kimi hərəkətlərə yol verə bilməz.

Bu gün Azərbaycan Suriyadakı kimi vətəndaş müharibəsinə sürüklənmək, Ukraynadakı kimi yeni ərazilər itirmək, Ermənistandakı kimi küçə adamlarının iqtidara gəlmək təhlükəsini dəf etmiş bir siyasi sistemə sahibdir.

Ən mühümü isə, bu gün Azərbaycanda kimsə Rusiyanı, Türkiyəni, ABŞ-ı, İranı və bu kimi iri dövlətləri “böyük qardaş” statusunda görmür, görənlər isə bunu cəmiyyətin qarşısında dilə gətirə bilmirlər. Azərbaycanın himninin dəyişdirilməsini təklif edən deputata verilən təpkiləri, Azərbaycan prezidentinin verdiyi fərmanla həmin deputat kimi düşünənlərin səsini necə “xırp” kəsdiyini xatırlayın.

Dövlət zehniyyəti budur. Bizdən iqtisadi, siyasi, hərbi baxımdan hələ güclüdür deyə, kimsəni müstəqilliyimizi və milli maraqlarımızı peşkəş kimi qəbul edəcək statusda görməməkdir dövlət zehniyyəti.

Dünən Xəzəri “Mazandaran gölü” adlandıranlara bu gün Azərbaycanın qarşısında bərabər hüquqlu tərəf kimi oturmaqdan başqa yol buraxmamağa vəsilə olan İCTİMAİ ŞÜUR GÜCÜnün adıdır dövlət zehniyyəti.

“Azərbaycan” adını hər şeydən uca tutmaq, “Azərbaycan” naminə heç nədən taviz verməməkdir dövlətçi zehniyyət!

Tək cümlə ilə ifadə etməli olsaq, Heydər Əliyev Azərbaycanın DÖVLƏT ŞÜURUDUR!

Bizi ərazilərimizi işğal altından azad edəcəyimizə şəksiz inanc sahibi edən məhz o şüurdur.

Bizi torpağı, suyu, havası yeni işğal təhdidləri altında olan bir xalq olmaqdan çıxarıb İrəvanı, Zəngəzuru, Göyçəni və digər tarixi ərazilərimizi qaytarmaq əzminə məhz o şüur qovuşdurur.

Bizi təbii sərvətləri deyil, insan kapitalı güclü olan bir topluma o şüur yönəldir.

Bu dünyada heç bir ölkəni, sadəcə bu gün həyatda olan, aramızda yaşayan insanlar yönəltmir, tərəqqi özündən sonra ŞÜURunu qoyub gedən liderlərin, tarixi şəxsiyyətlərin açdığı yolun, o yolda irəliləyən toplumların qazandığı bilgi və təcrübənin adıdır.

Məhz Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti sayəsində Azərbaycan eksperiment yox, təcrübə, qalıcı örnək oldu tarix səhnəsində.

Taleh Şahsuvarlı

AzNews.az xəbər portalının Baş redaktoru